“Müharibə, aclıq, qorxu, ailəsizlik, təhsilsizlik və bunun fonunda böyüməyə çalışan 1 milyard uşaq!”- JALƏ ƏLİYEVA BUNU MDB PA-NIN MONİTORİNQ İNSTİTUTUNUN BAKI FİLİALININ KONFRANSINDA SƏSLƏNDİRDİ – FOTOLAR

Bu gün bütün dünyada uşaqların günüdür. Saf, təmiz, sevimli, günahsız varlıqların günüdür bu gün. Onların hüquqlarının müdafiəsi günüdür bu gün. Ədlində insan hüquqlarına hörmət hər bir cəmiyyətin uşaqlara münasibətindən başlayır. Məlumdur ki, uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var.

Odur ki, uşaqların hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür.Azərbaycan ailəsində uşaqlar çox sevilir. Bir körpənin dünyaya gəlişi təkcə onun ata-anasına deyil, nənə və babalarına, əmi-dayısına, bütün qohum-əqrəbaya sevinc gətirir. Körpə əzizlənə-əzizlənə böyüyür. Yəni Azərbaycan ailəsində yaxşı nə varsa – hamısı uşaq üçün, onun xoşbəxt gələcəyi üçündür.Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Etikxeber.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” mövzusunda videokonfransında məruzəçi kimi çıxış edən professor , Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva dilə gətirib.

O, sonra bildirib:

“Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.Prezident İlham Əliyev tərəfindən uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdülür, bu istiqamətdə uğurlu islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixində sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub. Xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlar xüsusilə dövlətin diqqətindədirlər.

Ölkəmizdə bir və ya hər iki valideyn qayğısından məhrum olan və internat müəssisələrində təhsil alan uşaqların sayı 1991-ci ildə 955 olubsa, bu rəqəm illər ərzində kəskin şəkildə dəyişməsinə baxmayaraq, 2017-ci ildə 639-a düşüb.Uşaqların himayədarı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban  Əliyevanın rəhbərliyi altında uşaqlarla bağlı davamlı olaraq həyata keçirilən layihələr, proqramlar onların həyatında təsvirəgəlməz ölçüdə böyük rol oynayır.

Hər bir uşağın qayğı ilə əhatə olunması Heydər Əliyev Fondunun əsas fəaliyyət prioritetlərindəndir.Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və bu kimi xeyli sayda layihələri uşaqlara təhsil, səhiyyə və digər sahələrdə dəstək və köməkdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-lərlə körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub uşaqların istifadəsinə verilib.Təsadüfi deyil ki, uşaqlara ali münasibət Azərbaycan Respublikasının Ailə Məcəlləsində də öz geniş əksini tapıb”.

J. Əliyevanın sözlərinə görə, uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcu olduğu burada bir daha vurğulanıb. Dövlət bu borcun necə yerinə yetirilməsinə daim nəzarət edir. Azərbaycan Respublikasında 1998-ci ildə BMT-nin uşaq hüquqları haqqında Konvensiyasını özündə əks etdirən Uşaq Hüquqları haqqında Qanun qəbul edilmişdir. Bu qanun davamıl olaraq günün reallıqları və sosial tələblər və sifarişlər çərçivəsində əlavə və dəyişikliklərlə zənginləşdirilir.

“Lakin təəssüf ki, hazırda dünyada milyonlarla uşağın hüquqları tapdalanır, onlar zorakılığa, şiddətə, aclığa-susuzluğa məruz qalır. Uşaqlar müharibələrin qurbanına çevrilir, öldürülür, valideynsiz qalır, qaçqın həyatı yaşamağa məcbur olurlar…Eynilı Dağlıq Qarabağ münaqişəsinin gətirdiyi  acıverici hadisələrdə olduğu kimi… Əfsuslar olsun ki, ölkəmizdə də torpaqlarımızın 20 faizinin mənfur Ermənistan tərəfindən işğalı nəticəsində öldürülən, həm də xüsusi amansızlıqla öldürülən, doğma yurdundan didərgin düşüb qaçqına, məcburi köçkünə çevrilən minlərlə uşaq var idi.  Münaqişənin davam etdiyi 32 il ərzində bu qəbildən olan uşaqlar  hər zaman dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunub.

Onların mənəvi, fiziki sağlamlığı, təhsilləri üçün hər cür şərait yaradılıb. Ən ümdəsi isə qaçqın və məcburi köçkün uşaqlar bu illər ərzində əmin idilər ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və qüdrətli ordumuzun şücaəti sayəsində tezliklə öz yurdlarına-yuvalarına qayıdacaqlar və bir daha Azərbaycanda qaçqın, məcburi köçkün uşaqlar olmayacaq. Məlum olduğu kimi, Azərbaycanın  əks hücum tədbirləri  ilə həyata keçirtdiyi 44 günlük şanlı müharibə günlərində də Azərbaycan uşaqları məhrumiyyətlərə məruz qaldılar. Təəssüf  ki, işğalçı Ermənistan ordusunun və onun rəhbərliyinin vandalizm siysəti nəticəsində cəbhə bölgəsindən çox-çox uzaqda yerləşən bölgələrimizin dinc sakini olan onlarla günahsız körpə  qadağan edilmiş silahlardan, raketlərdən atılan atəşlər, həmin bölgələrin bombalanması nəticəsində həyatını itirdi, hər iki valideynindən məhrum oldu. Bütün bunlar əlbəttə ki, dünyanın və insanlığın üz qarasıdır və uşaq qatilləri, cinayətkarlar mütləq ədalət qarşısında cavab verməlidirlər.Digər bir statistikaya nəzər salaq.

Hazırda dünyada 1 milyard uşaq yoxsulluq,240 milyon uşaq müharibə şəraiti, 575 milyon qız uşağı isə övlad ayrı-seçkiliyinin mövcud olduğu ölkələrdə yaşayır. Beynəlxalq “Save the Children” təşkilatının hesabatına görə, 1,2 milyard uşaq 3 riskdən birinin, bütövlükdə 20 ölkədə yaşayan 153 milyon uşaq sadalanan hər 3 risk faktorunun qurbanı olur. Müharibə, aclıq, qorxu, ailəsizlik, təhsilsizlik və bunun fonunda böyüməyə çalışan 1 milyard uşaq! Sadə dillə desək, uşaqlığında bir dəfə də olsun, gəzintiyə çıxıb ən çox sevdiyi şokoladı yeməyən, ən çox arzuladığı oyuncağı əlinə ala bilməyın 1 milyard varlıq…

Əlbəttə, biz bütün bu faktları ürək ağrısı ilə qeyd edirik və bütün dünyanı uşaqlarımız naminə sülhə, əmin-amanlığa dəvət edərkən, uşaqlara qarşı hər növ zorakılığa son verməyə çağırırıq. Sözümü böyük türk şairi Nazim Hikmətin bir məşhur şeirində qələmə aldığı arzularla bitirmək istəyirəm. Dünyanı bir günlük uşaqlara versək. Raketlər yerinə çərpələnglər uçsa, qurğuşunlar yerinə dondurmalar ərisə, bombaların atıldığı yerdə çiçəklər bitsə, boşa çıxan ümidləri partlayan şarlar əvəz etsə, uşaqlar bombaların səsinə deyil, bu şarların səsinə diksinsə… dünya nə qədər gözəl, nə qədər xoşbəxt olar. Elə, deyilmi?”-deyə, J.Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Atasını vaxtsız itirmiş, evin yeganə övladı, 11 ayın bəyi olmuş, tək oğlu Vətənə əmanət qalmış və yataqxanada yaşamış Şəhidimiz- ƏLİ NƏSİB OĞLU RZAYEV… – ŞƏHİD AİLƏSİNİN EV MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQMI?

Read Next

MEDİA saytlara da maliyyə-DƏSTƏYİ VERƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir