“Müharibə edək, torpağımızı alaq…” – MİLLƏT VƏKİLİ – YENİLƏNİR

Zeynəb Xanlarova müharibə təklifi ilə çıxış etdi: “Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır”

Milli Məclisin (MM) fevralın 24-də  keçirilən plenar  iclasında  Xocalı soyqrımının 25 illiyinə həsr olunmuş müzakirələr aparılır. 

Qeyd edək ki, parlamentarilər müzakirələr başlamazdan əvvəl deputatlar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Etikxeber.az-ın xəbərinə görə, sonra spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciəsidir: “Bu ermənilərin Azərbaycana qarşı etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.  Bunun tarixi 200 il əvvələ gedib çıxır. Xocalı soyqırımı miqyasına görə xalqımıza qarşı törədilən cinayətlərin ən dəhşətlisidir”. Spiker inandığını bildirib ki, bu vəhşi cinayətləri törədən şəxslər Azərbaycan xalqı qarşısında cavab verəcək.

Ziyafət Əsgərov: ” Xocalı faciəsi Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələrlə bir sırada dayanır”

“Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilib. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır”. Bunu çıxışı zamanı birinci vitse-spiker Ziyafət Əsgərov vurğulayıb.O, qeyd edib ki, Xocalı soyqırımı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir: “Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistandakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər.

Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan, Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik edib”.

Siyavuş Novruzov: ” İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qurur”

Deputat Siyavuş Novruzov çıxışında qeyd edib ki, Azərbaycanın  hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədən canilər haqqında şifahi də olsa, cinayət işi açmalı və məhkəmə hökm çıxarmalıdır.Deputat qeyd edib ki, bunun üçün oturub gözləmək olmaz: “Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır. Təbii ki, adamlar tutulub gətirilməlidir. Amma bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq. Ölkə başçısı da Xocalı faciəsi ilə bağlı çıxışında qeyd etdi ki, Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər. Amma təəssüflər olsun ki, İslamı əlində bayraq edən bəzi dövlətlər Xocalı soyqırımını törədən dövlətlə əlaqələr qururlar”.

Zahid Oruc: “Eldar Mahmudov fevralın 26-da Xocalını qeyd edirdi, 27-də isə…” 

Mİllət vəkili Zahid Oruc çıxışında keçmiş MTN naziri Eldar Mahmudovu günahlandırıb. Deputat qeyd edib ki, hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır, amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik: “Biz faciələrdən sonra hüquqşünas, ekspert olmuşuq. Təəssüf ki, belədir. Biz faciələrdən bir çox dərs çıxarmalıyıq. Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı”. Millət vəkilinin iddiasına görə,  amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla, xalqa qəsd ilə məşğul idi.

Fərəc Quliyev: “Gözügölgəli deyilik ki, həqiqətləri gizlədək…”

“Biz bəzi həqiqətləri olduğu kimi demirik. Biz hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək”.Bunu öz növbəsində deputat Fərəc Quliyev bildirib. O, bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil. Deputatın sözlərinə görə, Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi:“Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik”.

Fəzail Ağamalı: “Qərar layihəsinə Ağdaban faciəsi də daxil edilsin…”

Millət vəkili Fəzail Ağamalı  çıxışı zamanı qəbul edilməsi nəzərdə tutulan qərar layihəsinə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş faciənin də salınmasını təklifi edib. Millət vəkili bildirib ki, 1992-ci ildə Xocalı faciəsindən az sonra törədilmiş Ağdaban façiəsi öz dəhşətlərinə və miqyasına görə, sözügedən soyqırımından geri qlımır:“Ağdabanda da ermənilər tərəfindən törədilən faciə Xocalı soyqırımı qədər dəhşətli faciədir. Ona görə də təklif edirəm ki, qərar layihəsinə Ağdaban faiəsi də salınsın. Bundan başqa, Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndlərində törədilən facilər də  qərar layihəsinə əlavə edilsin”.

Deputat Şəhidlər Xiyabanında Xocalı abidəsinin qoyulmasını təklif etdi

Millət vəkili Qənirə Paşayeva  Şəhidlər  Xiyabanında Xocalı abidəsi qoyulmasını təklif edib.O, çıxışında  qeyd edib ki,  Azərbaycana qonaq  gələn rəsmi və ya qeyri-rəsmi nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edir: “Ona görə də orada bir abidə qoyulsa, yaxud ayrıca soyqırımla  bağlı muzey ya da informasiya mərkəzi yaradılsa yaxşı olardı.Belə olan halda ölkəmizin həqiqətlərini daha geniş miqyasda tanıda bilərik. Həmçinin biz artıq soyqırımla bağlı bir film çəkib nümayiş etdirməliyik. Yəhudilər “Pianist” filmi  öz məruz qaldıqları hadisələri filmin gücüylə dünyaya nümayiş etdirə biliblər”.

Spiker: “Ağlaşma obrazı yaratmayacağıq…”

“Erməni obrazını ən gözəl şəkildə dahi rus şairi Puşkin yaradıb. O deyib: “Tı vor, tı trus – tı armyanin!”. Bunu isə spiker müzakirələrin gedişində deyib. Spiker Ermənistanı nəzərdə tutaraq qeyd edib ki, arxalı köpək qurd basar: “Erməni obrazı ilə bağlı demək istəyirəm ki, arxalı köpək qurd basar – atalar belə deyib. Zaman da göstərdi ki, bizim özümüz özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq”.

 

zeyneb-1

Zeynəb Xanlarova: “Allah vurub onları…”

Millət vəkili, Xalq artisti Zeynəb Xanlarova çıxşında müharibə təklifi ilə çıxış edib: “Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir?  Nə qədər özümüz deyib özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O illərdən bu yana nə qədər şəhidlər gedib. Birdəfəlik müharibə edək”. Z. Xanlarova  vurğulayıb ki, müharibə edək, qoy onlar da qırılsın, biz də qırılaq: “Onsuz da qırıla-qırıla gedirik. Mənim fikrimcə, müharibə edək,  Torpağımızı alaq. Öz torpağımızı  almaq üçün müharibə edirik. Birdəfəlik ya ölüm, ya da qalım olmalıdır. 

Mən niyə ATƏT-ə  qulaq asmalıyam? Mənim evimə giriblər. Mən müharibəni etməliyəm. Mən ömrü boyu sülh tərəfdarı olmuşam.  30 ildir ki,  Milli Məlcisdəyəm.  Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Nə qədər insan qırılar, nə qədər şəhid olar?! Hər şəhid öləndə elə bilirəm ki, mənim balalarım qırılır. Baxanda mənim ürəyim ağrıyır. Onsuz da onlar müsəlmanın düşmənidirlər. Mənim hər şeyə gücüm çatır e. Kim nə deyə bilər ki mənə? Mən öz torpağım uğrunda vuruşuram. Kimdən icazə almalıyıq?! Nə qədər eşitmək olar Xocalı   haqqında, nə qədər danışarlar bu haqda?! Xocalı artıq gedib, amma onu dala qaytarmaq lazımdır.   Bəlkə daha 50 il də gözləyək…Allah vurub onları… Torpağı almaq lazımdır. Vəssalam.  Sözüm budur. Necə  başa düşürsünüzsə, elə də düşün”.

Bahar Muradova: “Hərbi işi hərbçilər görməlidir”

Vitse-spiker Bahar Muradova isə Z. Xanlarovanın çıxışına belə reaksiya verib: “Bu yaxınlarda mətbuatda oxudum ki, Zeynəb Xanlarova  da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub : “Mən bunu alqışlayıram.  Hesab edirəm ki, sizin fikirləriniz sülh prosesinin içində də olmalıdır. Amma siyasəti siyasətçilər danışmalıdırlar. Hərbi işi də  hərbçilər görməlidir. Mən başa düşürəm ki şəhidlərimiz olur. Ancaq biz tariximizi də unutmamalıyıq. Bu cür soyqırımlar haqqında da indi də danışmalıyıq, torpaqlarımız alınandan sonra da”.

Qeyd edək ki, müzakirələrin sonunda isə MM-in qərar layihəsinin qəbul olunması nəzərdə tutulur.

Sənəddə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının MM-in 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin. Qərarla həmçinin, deputatlara bir vəzifə olaraq tapşırılır ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə MM-in xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər:”Hüquq mühafizə orqanlarına tövsiyə olsun ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar”.

***

Onu da qeyd edək ki, plenar iclasın sonunda qərar layihəsi səsə qoyularaq, qəbul olunub.

Etikxeber.az

 

Read Previous

Problemli kreditlər azalır?

Read Next

Prezident: Siyasi əlaqələr iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaradır – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir