“Münaqişənin həlli Aİ-nin yaxın qonşuluğunda sabitliyə töhfə verəcək”- Belçikalı deputatlar

Belçikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 5-də bu ölkənin federal parlamentində xarici əlaqələr komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunan dinləmələrdə iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, dinləmələrdə çıxış edən R.Rzayev Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb və ölkəmizin əsas probleminin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olduğunu vurğulayıb. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Avropanın bu gün üzləşdiyi qaçqın probleminin Azərbaycan üçün 1990-cı illərin əvvəllərindən başladığını xatırladıb. Münaqişənin həlli prosesi barədə danışan deputat status-kvonun saxlanılmasının qeyri-mümkünlüyünü və regionun gələcəyi baxımından ciddi risklər doğura biləcəyini, Ermənistanın təxribatçı əməlləri nəticəsində bu ilin aprelində cəbhə bölgəsində yaşanan hadisələrin bunun əyani sübutu olduğunu bildirib.

R.Rzayev, həmçinin Belçika parlamentinin müvafiq dostluq qruplarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasına yardım göstərmək imkanlarını araşdırmalarının münaqişənin həllinə töhfə verə biləcəyini də qeyd edib.

Deputat F. Muradov çıxışında BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini vurğulayıb. Azərbaycanın bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu söyləyib. O, habelə avropalı parlamentarların Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin yolverilməz olduğunu deyib və erməni tərəfinin bundan sui-istifadəsinə yol verməmək üçün belçikalı həmkarlarını gələcəkdə belə hallardan çəkinməyə çağırıb.

Belçikalı deputatlar çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Avropa İttifaqının yaxın qonşuluğunda sabitliyin bərqərar olmasına töhfə verəcəyi qənaətində olduqlarını bildiriblər. Onlar Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa getmiş bir neçə belçikalı deputatın bunu federal parlamentin fəaliyyəti çərçivəsində deyil, yalnız şəxsi təşəbbüsləri əsasında mövcud vəziyyət barədə yerində məlumat almaq məqsədilə etdiklərini diqqətə çatdırıblar. Eləcə də Belçika parlamentinin münaqişənin həllinə hansı formada töhfə verə biləcəyi barədə xarici əlaqələr komissiyası çərçivəsində müzakirələr aparacaqlarını qeyd ediblər.

Etikxeber.az

Read Previous

“Qızıl toy” tamaşasının nümayişi Sabir Sultanovun 70 illiyinə həsr edildi

Read Next

“Azərbaycan-məmləkətim mənim!(3)”- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir