Münasibətlər çox yüksək səviyyədədir və strateji xarakter daşıyır – SƏFİR

Hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər çox yüksək səviyyədədir və strateji xarakter daşıyır. Əməkdaşlığımız yüksələn xətt üzrə sürətlə inkişaf edir və yaxşı perspektivlərə malikdir.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov AZƏRTAC-a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, ölkələrimizin qarşılıqlı münasibətlərinin dostluq xarakteri daşıması bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişafını nəzərdə tutur. Ölkələrimiz bu qarşılıqlı fəaliyyəti bütün sahələrdə möhkəmləndirməyə qarşılıqlı can atırlar. Diplomat deyib: “Ölkələrimizin beynəlxalq məsələlərin çoxuna dair mövqeləri yaxındır. Biz istər ikitərəfli əsasda, istərsə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində geniş qarşılıqlı fəaliyyət göstəririk. Biz dost ölkə ilə bu münasibətləri yüksək qiymətləndiririk və Ermənistanın Azərbaycana təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İƏT, BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarda BƏƏ-nin Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləməsindən dərin məmnunluq hissi keçiririk”.

Ölkələrimizin başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayan səfir BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun 2015-ci ilin aprelində Bakıya rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında BƏƏ-yə rəsmi səfərini xatırladıb.

D.Şikarov deyib: “İkitərəfli dövlətlərarası münasibətlərin inkişafının təməlində, heç şübhəsiz, hər iki dövlətin başçısının səmimi şəxsi münasibətləri dayanır”.

Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri və Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Abdulla bin Zayed Əl-Nahyan ilə mehriban görüşü, səmərəli danışıqları ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin dərinləşməsinə əlavə təkan verib. D.Şikarov deyib: “Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, siyasi, iqtisadi, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək məsələləri müzakirə edilib. Tərəflər turizm sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildiriblər. Qeyd edək ki, bu sahənin inkişafına dair yüksək səviyyədə əldə olunan razılaşma, 2015-ci ilin noyabrından BƏƏ ilə sadələşdirilmiş viza sisteminin tətbiqi hazırda gözəl nəticələr verir. Məsələn, təkcə bunu demək kifayətdir ki, cari ilin iyul-avqust aylarında BƏƏ-dən ölkəmizə təqribən 10-15 min turist gəlib və belə görünür, bu axın vaxt keçdikcə daha da artacaq”.

D.Şikarov ölkələrimiz arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının perspektivləri haqqında məsələni şərh edərək deyib ki, ölkələrimizin ali rəhbərlikləri arasında daha əvvəl bu istiqamətdə mühüm razılaşmalar əldə olunub və həmin razılaşmalar 2008-ci ildən fəaliyyət göstərən iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclaslarında praktiki olaraq inkişaf etdirilir. O, deyib: “Həmin iclaslarda ölkələrimizin müvafiq strukturlarının qarşılıqlı fəaliyyətinin iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli ticari-iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yönələn konkret sahələri nəzərdən keçirilir. İnvestisiyaların cəlb olunmasına və qarşılıqlı maraq doğuran müxtəlif layihələrin reallaşmasına böyük diqqət yetirilir. Yeri gəlmişkən, komissiyanın növbəti iclası noyabrın 28-29-da Əbu-Dabidə keçiriləcək və burada məsələlərin geniş spektri nəzərdən keçiriləcək”.

Səfir əlavə edib ki, ölkələrimiz arasında investisiya fondunun yaradılması planlaşdırılır və artıq iki ölkənin hökumətləri arasında bu barədə razılaşma əldə olunub.

Etikxeber.az

 

Read Previous

Əməkdar artist Moskvada vokal gecəsində çıxış edəcək

Read Next

Üç dildə danışan robot quraşdırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir