“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq…” – PREZİDENT – FOTOLAR -YENİLƏNİB

Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini və Malinin Azərbaycandakı səfirini qəbul etdi.

ILYA_MALI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Tiefinq Konatenin etimadnaməsini qəbul etdi.

Etikxeber.az  xəbər verir ki, səfir Tiefinq Konate fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tiefinq Konate etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keitanın yaxın zamanlarda Azərbaycana gözlənilən səfərinin önəmini qeyd edən dövlətimizin başçısı bu səfər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacağını vurğuladı. Prezident İlham Əliyev Tiefinq Konatenin ölkəmizdə səfir kimi fəaliyyətə başlamasının əməkdaşlığımıza dair bir sıra vacib məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.

Mali xalqının və hökumətinin Azərbaycan xalqına salamlarını çatdıran səfir Tiefinq Konate Azərbaycan ilə Mali arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu qeyd etdi, ölkəmizdəki fəaliyyəti dövründə respublikalarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycana ilk dəfə 2013-cü ildə nazir vəzifəsində olarkən səfərə gəldiyini xatırlayan Tiefinq Konate ölkəmizdə səfir təyin edilməsindən çox məmnun olduğunu dedi, ona göstərilən yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

***

IAT-ILYA

İ. Əliyev həmçinin,  İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul etdi.

İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir.

Prezident İlham Əliyev dedi: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə – müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəy olduğunu vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində Azərbaycana güclü dəstək verdiyini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlətimizin başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və yaxın günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin dedi: “Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvüdür. Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir. Bakıda gördüyüm abadlıq işləri, yaşıllıq və təmizlik məni heyran etdi. Azərbaycan çox gözəl ölkədir”.

Qonaq Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirdi və həmin tədbirin bütün müsəlman ölkələrinin bu mötəbər Oyunlarda iştirakı və Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.

Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edildi, ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanların və yaxşı şəraitin mövcud olduğu qeyd edildi.

Etikxeber.az

Read Previous

Namiq Dəlidağlının yeni kitabı çap olunub – FOTO

Read Next

Təhsildə növbəti biabırçılıq: CƏMİ 3 ABİTURİYENT 700 BAL TOPLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir