Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anıldı…

Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Əməkdar Artist Gülnar Salmanovanın xatirəsi yad olunub. Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi aktrisanın 60 illiyinə həsr edilib.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova G.Salmanovanın həyat və yaradıcılığından söz açıb. Aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyi, onun özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb.

“Əslində, “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar xanım canlandırmalı idi. Çox təəssüf ki, vaxtsız ölüm buna imkan vermədi. “Baladadaşın toy hamamı” tamaşasının bugünkü nümayişinin Gülnar Salmanovanın 60 illiyinə həsr olunmasının səbəbi də məhz budur”, – deyə V.Mühacirova bildirib.

Qeyd edək ki tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq Rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Rolları Xalq Artisti Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Aydan Həsənova, Ağaxan Şərifov və başqaları ifa ediblər.

Etikxeber.az

Read Previous

“Biz bunu dəyərləndiririk…”- BAŞ NAZİR

Read Next

“Cüdo TV” fəaliyyətə başlayıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir