“Müstəqil Azərbaycanı yaratdıqları üçün bütün tarixi şəxsiyyətlərimizi şükranlıq hissilə anırıq” – DEPUTAT

“İlk öncə xalqımızı 28 May-Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 99-cu ildönümü münasibəti ilə təbrik edirəm. 28 May tarixi Azərbaycan xalqının, Azərbaycan türklərinin, Azərbaycan dövlətinin tarixində ən əlamətdar, ən müqəddəs günlərdən biridir. Məhz 28 may tarixində, yəni, 1918-ci ilin may ayın 28-də Şərq, türk-müsəlman ailəsində ilk demiokratik və müstəqil dövlətinin əsası, təməli qoyuldu. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, xalqımızın layiqli, vətənpərvər övladları, tarixi şəxsiyyətləri, ziyalıları həmin tarixdə Azərbaycanı müstəqilliyinə qovuşdurdular, müstəqil və demokratik Azərbaycan cümhuriyyətini yaratdılar. Düzdür, daxili və xarici düşmənlərin, xəyanətkarların, satqınların anti-Azərbaycan fəaliyyəti nəticəsində müstəqilliyimiz cəmi 23 ay sürdü, çəkdi,  müstəqil dövlətimiz bolşeviklər tərəfindən ilhaq-işğal olundu, ancaq bu 23 aylıq müddət xalqımızın, dövlətçiliyimizin tarixində ən dərin və unudulmaz, silinməz izlər buraxdı. Xalqımız ilk dəfə müstəqillik, azadlıq nə demək olduğunu bildi, yaşadı, azadlıq meyvəsini daddı. Ona görə də bu tarixi, bu əlamətdar hadisəni, ilk demokratik və müstəqil Azərbaycan dövlətini yaratdıqları üçün bütün tarixi şəxsiyyətlərimizi minnətdarlıq, şükranlıq hissi,  vəfa borcu ilə anır, ruhları şad və Azərbaycanımız daim var olsun deyirik”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili eyni zamanda xatırladıb ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövləti də beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur.

Onun sözlərinə görə, mərhum dövlət başçısı- Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir.

“Elə hesab edirəm ki, bütün bunların fonunda da  iki başlıca nüans-məqam özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan dövlət qurmağı və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi isə, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində fərdlərin özlərini dövlətlə identifikasiya etməsini şərtləndirir. Prezident  cənab İlham Əliyevin   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında da bütün bu məsələlər öz əksini tapıb. Belə ki, adıçəkilən Sərəncamda qeyd edilib ki:

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Doğrudan da, hər bir xalqın əldə etdiyi nailiyyətlər həm də onun milli və tarixi yaddaşı ilə əsaslandırılır. Xalqımızın milli yaddaşında min illərlə ölçülən dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. AXC-nin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam da məhz bu məqsədə xidmət edir…”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az 

Read Previous

Müstəqilliyimiz əbədidir, onu hər zaman qoruyacaq və gücləndirəcəyik – AYDIN MİRZƏZADƏ YAZIR

Read Next

“Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb…” – ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir