Dünyada 5 minə yaxın xalq var ki, onun da yalnız 200-ü öz dövlətini qura bilib. Azərbaycan xalqının bəxtinə tarixin müxtəlif dövrlərində nəinki öz dövlətini, hətta dövlətlərini qurmaq qisməti yazılıb.
Çox təəssüf ki, ərazicə indiki mövcudiyyətimiz həmin dövlətlərin areallarından çox-çox məhdud səciyyə daşımaqdadır. Lakin bizlər varıq və bu varlığa görə ilk növbədə 28 May tarixinə borcluyuq.
Müasir Azərbaycan Respublikası 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi, dövlətçilik ruhunun mirasıdır. Xalq Cümhuriyyəti isə qədim tarixə əsaslanmış dövlətçiliyimizin bərpa təntənəsi, zəfəridir. Tanrı bizlərə bu zəfər təntənəsini yaşamaq anını nəsib etdiyi üçün xöşbəxtik. Xöşbəxtliyimizin 99 ilini tamamlayır, 100 illiyinə doğru inamla addımlayırıq. Bu böyük bayramı Vətəndən kənarda, 28 May müstəqilliyimizin elan olunduğu Tiflisdə qeyd etmək bir ayrı hiss və yaşantıdır, olduqca qürurvericidir.
Allah dövlətimizi var eləsin, onu yolundakı addımlarımız iti, yolumuzu açıq olsun.
Müstəqil Azərbaycanımız əbədi yaşasın!
Bayramınız mübarək!
Əflatun Amaşov,
Millət vəkili
Etikxeber.az