Müxalifət aksiya keçirsin, keçirməsin? – “ZƏMİN YOXDUR” – RƏY(LƏR)

Müxalif qüvvələr tərəfindən may ayının axırlarında kütləvi mitinqlər keçirilməsi ilə bağlı səsləndirilən çağırışlar insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Azərbaycan vətəndaşını mitinqlərin nə üçün təşkil edilməsi və orada hansı məsələlərin gündəmə gətirilməsi düşündürsə də, ancaq vətənpərvər insanlar bu yığıncaqların əhəmiyyətsiz olduğunu, özbaşınalığa, araqarışdırmaya, boşboğazlığa istiqamətləndirildiyini yaxşı bilirlər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev bildirib.

O, qeyd edib ki, çünki mitinqləri təşkil və orada çıxış edənlər, söz deyənlər, demək olar ki, eyni simalardır və bu, təkrarlanan bir oyunbazlıqdır.

Millət vəkilinin sözlərinə görə, bu oyunbazlığı onu təşkil edənlərin özləri də anlayırlar, ancaq başqa yol tapa bilmirlər:

“Seçdikləri yolu insanları aldatmaq, onların etimadını qazanmaq, öz havadarlarına, ağalarına xoş gəlmək üçün başlıca vasitə hesab edir və bundan bəhrələnirlər.

Çox təəssüflər olsun ki, bu oyunbazların yalanlarına bəzi sadəlövh insanlar inanır və onları xalqın cəfakeşi rolunda görürlər. Əslində isə belə deyil.

Bu gün meydanlarda hay-küy salmağa çalışanların çoxu 1988-1993-cü illərdə siyasi səhnədə öz rollarını biabırcasına oynamış və xalqımızı bir çox bəlalara düçar etmiş insanlardır.

Əlbəttə ki, onlar söz düşəndə səhnədə olduqları vaxtı qısaltmağa, bir il hakimiyyətdə olduqlarını deməklə, özlərini sığortalamağa çalışırlar.

Əslində isə belə deyil.

Qarabağda münaqişələr başlayan ilk gündən bu qüvvələr meydanda idilər və rayonlarda baş verən çaxnaşmaların, silahlı yolla hakimiyyətdə olanların, rayon rəhbərlərinin dəyişdirilməsinin, qruplaşmalar yaradılmasında fəal iştirakçıları olublar.

Heç bir qabiliyyəti, savadı olmayan adamları onlar vəzifələrə təyin edirdilər.

Kütləvi mitinqləri, qarşıdurmaları onlar yaratmırdılarmı?

Bir-birilərini ittiham edən, ünvanlarına təhqiramiz ifadələr işlədən, sirdaşlarını xəyanətdə suçlayan, çətin anda qaçıb gizlənənlərin çoxu bu insanlar idi.

Bəs bu adamlar nədən dönüb dünənlərinə baxmırlar? Etdikləri əməllərdən çəkinmirlər?

Vətənpərvər donuna girib ölkədə yenidən çaxnaşmalar salmaq əzmindədirlər.

Uzaqgörən insanlar yaxşı bilirlər ki, onların başqa yolu yoxdur.

Yalan, iftira, özbaşınalıq, şantaj yolunu tutublar.

Götürdükləri öhdəliklər müqabilində bu yoldan heç vaxt çəkinməyəcəklər.

Təəssüf edirəm ki, özünü siyasətçi hesab edən, hətta partiya rəhbəri olan bəzi insanlar da radikal müxalifətin ab-havasına uyub, bir çox hallarda onların dediklərini təkrarlayırlar, xırda nöqsanları, faktları elə şişirdirlər ki, adam qulaqlarına inanmır.

 Bu faktların haradan götürüldüyünü soruşduqda isə onlar müxtəlif xarici mənbələrə, deyilənlərə əsaslandıqlarını bildirirlər. Ancaq bu faktların çoxu yalan çıxır…”.

tahirrr

Millət vəkilinin qeyd etdiyinə görə, o, bugünlərdə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin  Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi ilə “Yeni Müsavat”-ın təşkil etdiyi debatındakı çıxışına baxandan sonra bir daha bu qənaətə gəlib:

“Mən heç kimin şəxsiyyətinə toxunmaq istəməzdim, ancaq sayı, yeri, fəaliyyəti bilinməyən bir partiya sədrinin YAP-a istehza ilə baxması, özündən razılığı və söylədiyi bir çox faktı əsaslandıra bilməməsi məndə təəssüf doğurdu.

Əgər Əli Əliyev deputatların əmək haqlarını bir neçə dəfə şişirdirsə, bəzi ölkələrin dövlət büdcəsi barədə məlumatlı olmadığı halda, onu dövlət büdcəmizlə müqayisə edib, xarici ölkələri tərifləyirsə, yol çəkilişinə sərf edilən xərclərin miqdarının bir neçə dəfə artırıb səsləndirirsə və bunu milyonlarla dinləyiciyə sırımaq istəyib, yalandan hər vəhclə doğru donu geydirməyə çalışırsa, o, yaxşı vətəndaş, kamil siyasətçi, obyektiv insan ola bilməz.

Sual oluna bilər: Partiya sədri yalan rəqəmlərə əsaslanmaqla, başqa dövlətləri bizə nümunə göstərməklə, digər partiyaları aşılamaqla nə demək, hansı obrazını yaratmaq istəyir?

O hiss etmirmi ki, insanlar onun söylədiyi faktları yaxşı bilirlər?!

 Elə debatın gedişində bu sübut olundu və onun yalanı üzə çıxarıldı.

Bir partiya sədrinin timsalında gətirilən belə nümunələr çoxdur. Hər bir ölkədə çatışmamazlıqlar və problemlər var.

Azərbaycan da dünyanın bir parçası olaraq bu problemlərdən sığortalanmayıb.

Ancaq çətinliklərin, vacib məsələlərin həll olunması, insanların həyatının yaxşılaşdırılması, iqtisadiyyatımızın, müdafiə qüdrətimizin inkişafı, möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzumuzun artırmaq sahəsində ölkəmizdə çox işlər görülüb.

Mühüm proqramlar, layihələr, tədbirlər həyata keçirilib. Bunu dilə gətirməmək, yalan faktlarla insanları çaşdırmaq siyasətə, həm də insanlığa ziddir.

İnkişafımıza dəstək vermək, nöqsanların aradan qaldırılmasına yardımçı olmaq, vətəndaş həmrəyliyini təmin etmək, ictimai-siyasi sabitliyi qorumaq, insanların təhlükəsizliyinə, möhkəm cəmiyyət yaratmaq əvəzinə, vətəndaşları itaətsizliyə, kütləvi mitinqlərə, qarşıdurmalara, yalan, böhtan, şantaj əməllərə səsləmək, zorakılığa çağırışlar etmək qəbuledilməzdir, dövlətimizin, xalqımızın mənafeyinə ziddir.

Torpaqlarımızın azad olunmasına, inkişafımıza zərbədir.

Bunu Azərbaycanı azad, demokratik, gələcəyi uğurlu bir dövlət görmək istəyən hər bir kəs yaxşı bilməlidir və dönə-dönə bu barədə düşünməlidir”.

Millət vəkili Kamilə Əliyeva öz növbəsində hesab edir ki, bu gün hansısa etiraz aksiyasına, mitinq-yürüşə ehtiyac və bunun üçün əslində zəmin də yoxdur:

“Təbii ki, Azərbaycan demokratik, hüquqi, demokratik, dünyəvi dövlətdir.

Ölkəmizdə bütün insan hüquq və azadlıqları ölkə Konstitusiyası ilə təsbit olunub.

 O cümlədən, insanların söz, ifadə, sərbəst toplaşımaq azadlığı həm Konstitusiyamızda, həm də müvafiq qanunvericilik aktlarımızda əksini tapıb.

Mövqeyindən, baxışlarından, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir fərd, insan, siyasi təşkilat bu hüquqlardan sərbəst yararlanmaq hüquqlarına malidir və bu hüquqlardan yararlanmaq üçün ölkədə hər cür şərait yaradılıb.

Kimsə bundan gileylənə, şikayət edə bilməz.

kamilya

Amma bir məsələ də var ki, hansısa etiraz aksiyası, mitinq və yürüş üçün bir əsas, zəmin olmalıdır.

Belə bir əsas və zəmin isə ortada yoxdur.

 Ortada olanlar, sadəcə, bəzi uğursuzların iddialarıdır.

Bu gün Azərbaycanda əsl inkişaf, əsl tərəqqi, əsl çiçəklənmə, islahatların yeni dalğası yaşanır. Bunları görməmək mümkün deyil, insafsızlıq və ədalətsizlikdir.

Bu gün Azərbaycan həm də dünyanın, regionun sabitlik və təhlükəsizlik adasıdır, milli və dini tolerantlıq mərkəzi, siyasi, hərbi, iqtisadi, humanitar dialoq məkanıdır və sair və ilaxır.

Həmçinin, dünyanın hər bir ölkəsində, ən inkişaf etmiş, ən qabaqcıl ölkələrdə belə problemlər var, Azərbaycan da bunlardan xali deyil.

Amma əsas odur ki, bunları, problemləri ilk növbədə Azərbaycan dövləti görür və bir-bir aradan qaldırır.

Odur ki, artıq hansısa dairələrin, uğursuzların bəhanələrinə də yer qalmır.

Məsləhətimiz odur ki, artıq gedib bir işin qulpundan yapşsınlar”.

Millət vəkili Eldəniz Səlimov da həmkarları kimi düşünür.

Hesab edir ki, artıq müxalifətin radikal qanadının cığallıqlarının, siyasətbazlıqlarının nə yeri, nə zamanıdır:

“Artıq Azərbaycan cəmiyyəti bu qüvvələrə öz yerini göstərib, öz layiqli cavabını, qiymətini verib.

Bunu onlar özləri də yaxşı bilirlər, amma aldıqları tapşırıqları, kinləri, küdurətləri, dar və cılız maraqları üzündən, özlərini bilməməzliyə, görməməzliyə vururlar. Hər bir partiyanın, hər bir siyasi qurumun xalq, seçici qarşısında ən mühüm hesabatlılığından biri və ya birincisi seçkilərdir.

ELDENİZ-QARDAS

1993-cü ildən üzü bu yana keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində, 1995, 2002, 2009 və 2016-cı il referendumlarında da Azərbaycan vətəndaşı, Azərbaycan seçicisi öz müdrik seçimini edib, Azərbaycan dövlətinə, onu uğurlardan-uğurlara, zəfərlərdən-zəfərlərə aparan siyasi kursa, Heydər Əliyev və İlham Əliyev siyasətinə  dəstəyini açıq şəkildə ortaya qoyub.

Eyni zamanda, müxalifətə, xüsusilə, onun radikal qanadına öz kəskin və birmənalı mövqeyni nümayiş etdirib, bir daha onunla yol ala bilməyəcəyini, bu yolun, sadəcə və sadəcə, dalandan başqa bir olmadığını və olmayacağını ifadə edib.

Yəni, hər seçkidən seçkiyə radikal müxalifət daha böyük uğusuzluğa düçar olub və düçar edilib. Əgər onlar bundan nəticə çıxarmırlarsa və ya çıxarmaq istəmirlərsə, öz işləridir, söyləniləcək, deyiləcək söz də qalmır. Amma bununla belə, “bəlkə də qaytardılar” düşüncəsi və xülyası ilə yaşayırlarsa, bir daha səhv edir, yanılırlar.

Onları heç kim, hətta, tapşırıq aldıqları dairələr belə, uğrsuzluq, fiasko zolağından qurtara, xilas edə bilməyəcəklər. Heç bir etiraz aksiyası (hansı ki, etiraz aksiyası demək də gülməli səslənir) da onları Azərbaycan xalqının sevimlisinə, ümid, pənah yerinə çevirməyəcək.

Çünki qiymət bir dəfə verilir və onların da qiyməti verilib.

Azərbaycan xalqının ümid, pənah yeri Azərbaycan dövləti və dövlət başçısıdır. Bu, birmənalıdır, dəyişən heç yoxdur və olmayacaq”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Daha bir ağır avtobus qəzası – BU DƏFƏ YEVLAXDA – 2 NƏFƏR ÖLDÜ, 10 TƏLƏBƏ XƏSARƏT ALDI – YENİLƏNİB

Read Next

Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir