Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şöbə müdiri işlədiyim “Kommunist” qəzetinin yeni il nömrəsi üçün Nəsibə xanımın təbrikini almaq lazım idi. Adətən belə təbrik mətnlərini telefonla da həll edirdik. Mətnin qəzet variantını hazırlayanda yenə telefonla zəng vurub yazdığımızı müsahibə aldığımz adama oxuyurduq. Yalnız razılıq alandan sonra qəzetə verirdik.
26 dekabr 1987-ci ildə günortaya yaxın telefonla Nəsibə xanıma zəng vurdum. Dəstəyi özü qaldırdı. Adəti üzrə bəli sözünü uzada-uzada cavab verdi:
– Bəəəli.
– Salam, Nəsibə xanım.
– Ay əleykə salam, lap beş də artıq.
– Nəsibə xanım, danışan “Komm…
– Qırışmal, tanıdım, Kəblə İlhamsan (gülür).
– Qabaqlar mənə Məşədi İlham deyirdiniz…
– Day böyümüsən, olmusan Kəbleyi (lap ürəkdən gülür).
– Necəsiniz, Nəsibə xanım?
– Sənin saqqalın ağarsın, evdə oturan aktrisa necə olar ki?..
– Evdə niyə oturursunuz, bəyəm məşqiniz, ya teatrda başqa işiniz yoxdur?
– Binanmız var ki, məşqimiz də olsun? (kinayə ilə) Gözün aydın, sökmək istəyirlər Tağıyev teatrını.
– Deyirlər 26-lar mədəniyyət sarayını verəcəklər sizə.
– Versinlər də… Guya sən bilmirsən ki, day teatra Nəsibə Zeynalova lazım deyil?..
– O nə sözdü, Nəsibə xanım? Siz səhnəmizin tacısınız…
– Tacıydım… İndi teatra tac lazım deyil… Bu boyda ənənəsi olan teatr dönüb üç badam, bir qoz göstərən konsert truppasına.
– Axı tamaşa da hazırlanır…
– Sən “92 dəqiqə gülüş”ə tamaşa deyirsən? Ya “Gözün aydın”ı, “Məşədi İbad”ı mənim üçün tamaşa sayırsan?
– “92 dəqiqə gülüş”ü deyə bilmərəm, ancaq Allah üçünə, o biri iki tamaşa yaxşı hazırlanıb…
– Sənin üçün yaxşıdı… O tamaşalarda yoxam. Bəyəm mənim indi Nargilə, Sənəm oynayan vaxtımdı?
– Cavanlar oynayırlar, nəyi pisdir?
– Oynasınlar də… İndi də oynamayıb nə vaxt oynayacaqlar… Onlara sözüm yoxdur. Bəs mənə də uyğun tamaşa hazırlasınlar də. Lovğalıq olmasın, bəyəm Nəsibə gündə doğulur?..
– Nəsibə xanım, xeyli vaxtdır səhnəyə çıxmırsınız.
– Yenə başladı. Adə, bayaqdan ağzımda bir quranlıq söz danışıram… Belə bir məsəl var ey: Deyirlər, ac köpəyoğlu. O da cavab verir ki, oldu yemədim? Mənə rol verən var ki, oynayım da…
– Fikir eləməyin, düzələr.
– Həri… düzələr… qum göyərib dəvənin quyruğu yerə dəyəndə…
– Nəsibə xanım, bilirsiz nə üçün zəng vurmuşam?..
– Bəs elə bildim halımı xəbər almağa zəng eləmisən… Yaxşı, utanma… zarafat edirəm. Deyərsən, bilərəm niyə zəng eləmisən…
– İstəyirəm qarşıdan gələn yeni illə bağlı arzularınızı…
– Arzum-zadım yoxdu. Yaza bilirsənsə yaz ki, Nəsibə Zeynalova soruşur: ağlamalı günə düşən bu teatrın halına yanan, bir tədbir görən tapılacaq ya yox?!.. Yoxsa o günü gözləyirlər ki, teatrın meyidi düşsün…
* * *
Nə yazıqlar ki, Nəsibə xanıma qarşı laqeydlik nə astanada olan təzə ildə, nə də sonrakı illərdə aradan qaldırılmadı… Qaldırılmadı… və bu nəhəng aktrisa bir daha Musiqili Komediya Teatrının səhnəsində görünmədi…
Teatr texniki imkanları çox zəif olan 26-lar Mədəniyyət sarayında tamaşalar göstərirdi. Bu tamaşalar fonoqram musiqi ilə oynanılırdı. Ancaq repertuarda Nəsibə xanımın iştirak etdiyi bir tamaşa da yox idi.
Teatrın sökülüb yenidən tikilən binası 1998-ci il dekabr ayının 4-də Üzeyir bəyin “Məşədi İbad” operettasının tamaşası ilə açıldı. Ona qədər təkrar qoyulan tamaşaların əksəriyyətinin quruluşu zəif idi və orada Nəsibə xanımın indiki yaş dövrü üçün rol yox idi. “Baş tutmayan hiylə”, “Qarğa, məndə qoz var”, “Şahlar və Bəyan”, “Taxta kral”, “Eşitmədik, bilmədik” əsərlərinin librettoları zəif idi və həmin tamaşalarda da Nəsib xanım üçün uyğun, sanballı, orijinal xarakterli rol tapmaq mümkün deyildi.
Ən təccüblüsü və ürəkgöynədəni o oldu ki, binası yenidən tikilən teatr pərdələrini bayram təntənəsi ilə açanda Nəsibə Zeynalova orada yox idi…
Bəli, yox idi… çünki teatrın rəhbərliyi tərəfindən bayrama dəvət almamışdı…
İlham RƏHİMLİ,
Əməkdar incəsənət xadimi, professor
Etikxeber.az