Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Həmid oğlu Behbudovun doğum günüdür.
Nofəl Behbudovun bu gün-7 iyun 2026-cı il tarixində 25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Nofəl Behbudov 2001-ci ilin iyun ayının 7-də Goranboy rayonunun Səfikürd kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından və iki qardaşdan biri olub.
2007-2018-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2019-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri kimi döyüşlərdə iştirak edib.
Kəlbəcərdən, Cəbrayıldan, Füzilidən Xocavəndə, Xocavənddən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.
Şuşa şəhəri işğaldan azad olunan gün, 8 noyabr tarixində isə elə Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 4 gün sonra, 12 noyabr 2020-ci il tarixində Səfikürd qəbiristanlığındakı Şəhidlər mərazlığında dəfn olunub.
Şəhidliyindən sonra altı medal və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Nofəl həm də subay idi.
Böyük qardaşı Tapdıq isə Nofəlin Şəhidliyindən cəmi bir neçə ay öncə avtoqəza nəticəsində faciəli şəkildə dünyasını dəyişib.
Tapdıq da Nofəl kimi subay olub.
Cəmi bir ilin və bir neçə ayın içində Behbudovlar ailəsi hər iki oğlunu itirib.
Hazırda Behbudovlar ailəsinin tək övladı olan Səbinə adlı qızları isə ailəlidir.
Onun övladına Şəhidin arzusu ilə Zəfər adı qoyulub.
Səfikürddə adını daşıyan küçə var.
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə-anası Gülbəniz xanıma və atası Həmid kişiyə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Anası Gülbəniz xanımın göz yaşları içində dediklərindən:
“Oğul, iki qardaş nə yaman tələsdiniz, nə tez bizi tərk etdiniz, gözləri yaşlı qoydunuz…Oğul, məndən atanıza oğul olmaz, məndən bacınıza qardaş olmaz…Sizdən ötrü yaman darıxıram, Sizə çox ehtiyacım var…”
Məzarını ziyarətdən sonra Şəhidin ocağında, ailəsinin yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
***

Bu gün həm də Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əkbər Yunus oğlu Məsimovun Anım günüdür.
Əkbər Məsimovun bu gün Əbədiyyətə uğurlanmasından 5 il keçir.
Qeyd edək ki, Əkbər Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç uşaq-bir bacı, iki qardaş olublar.
İllər öncə atalarını itiriblər.
2001-ci ildə Vidadi Əzizov adına tam orta məktəbin birinci sinfinə gedib və 2012-ci ildə həmin məktəbi bitirib.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-ci ildə hərbi xidmətə yollanıb.
Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə qulluq edib.
2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və yenidən həyatını, taleyini Ordu, hərb ilə bağlayıb.
2017-ci ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.
MAXE kimi də dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.
2020-ci ilin İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərdə olub və müharibənin elə günündə, 27 sentyabr tarixində də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq ailəsi uzun müddət ondan xəbər ala bilməyib, Şəhidliyi xəbəri çox sonralar ailəsinə deyilib.
Nəşi düz 8 ay 7 gündən sonra, 2021-ci ilin iyun ayının 4-də tapılıb və bu haqda həmin gün ailəsinə xəbər verilib.
İyunun 7-də isə nəşi Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Anası Arzu xanım isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
26 yaşında Şəhidlik məqamına yüksələn Əkbər həm də nişanlı olub.
Nur içində yatsın!
12:12
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





