Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Ramil Adəm oğlu Yusifzadənin ad günüdür.
Ramil Yusifzadənin yubiley-25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Ramil Yusifzadə 1998-ci ilin may ayının 22-də Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində, ziyalı ailəsində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı Arzu Quliyeva hazırda ailəli, iki övlad anasıdır.
2004-2015-ci illərdə Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alıb.
Liseyi bitirdikdən sonra, 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol müəlliməliyi fakültəsinə daxil olub və 2019-cu ildə ali təhsilini, Akademiyanı başa vurub.
Akademiyanı başa vurduqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
Qazax istiqamətində yerləşən “N”saylı hərbi hissədə qulluq edib.
Və İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə, Vətənin müdafiəsinə atılıb.
Füzuli istiqamətində qanlı döyüşlərdə iştirak edən Şəhidimizin şərəfli döyüş yolu 17 gün çəkib.
Oktyabr ayının 13-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Axırıncı dəfə isə ailəsi-atası ilə Şəhidliyindən 1 gün öncə danışıb və atasına son sözü bu olub ki, “Ata, haqqını halal elə, anama bunları demə”.
Ancaq nəşi uzun müddət tapılmayıb.
Yalnız bir ay 20 gündən sonra, dekabr ayının 3-də nəşi əldə edilib və Binə qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
22 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.
***
Bu gün-axşam saatlarında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı Xətai rayonunda yerləşən “EL Chacho” restoranında mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.
Mərasimdən öncə isə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edib.
Axşam saatlarında keçirilən mərasimdə isə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Mərasimdə çıxışlar edilib.
Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü, 25 yaşı təbrik olunub.
Mərasimdə həmçinin, Vətənə, Şəhid Ramil Yusifzadəyə, Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Tanınmış sənətkarlar – Xalq artistləri-Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artistlər-iki doğması İkinci Vətən Müharibəsi iştirakçısı olmuş Nuriyyə Hüseynova, Firuzə İbadova və Aygün Bəylər bir-birindən gözəl, bənzərsiz ifaları ilə mərasim iştirakçılarını təsirləndirib, duyğulandırıblar.
Xüsusilə, Şəhidin anası Reyhan müəllimin, Reyhan Yusifzadənin övladına həsr olunmuş mahnını göz yaşları içində ifa etməsi mərasim iştirakçılarının hər birini kövrəldib.
Mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
O cümlədən tanınmış bədii qiraətçi, Əməkdar artist Ağalar Bayramovun səsləndirdiyi şeirlər mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Mərasim zamanı Şəhidin ailə üzvləri də öz növbəsində belə bir gündə onların yanında olduqları üçün hər kəsə-məclis iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Mərasimdə Şəhidin ailə üzvləri və yaxınları, Şəhid ailələri, Qazilər, ziyalılar, müəllimlər, İcra başçısı Elşən Salahov başda olmaqla, Xəzər rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
20:30
***
FOTOLAR:
23:00
***
23:25
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az