“Nə hikmətdirsə, Azərbaycanın Cənubi Qafqazda, Asiyada önəmli strateji keçid nöqtəsi olduğunu tez-tez gündəmə gətirirlər….Sanki Azərbaycan azərbaycanlıların deyil, beynəlxalq aləmin diqqətini üzərinə toplamış nəzər nöqtəsi kimi danışırlar…”-NUMAN KURTULMUŞ

Məsafələrimiz uzaq olsa da, ortaq məsələlər üzərinə fokuslanaraq könül birliyimizi, fikir birliyimizi daha da möhkəmləndirmiş oluruq. Bir daha konfransın təşkilində zəhməti olan dostlarımıza, iştirakçılara çox təşəkkür edirəm. Çıxışıma başlamadan əvvəl Azərbaycanın qurucu lideri Heydər Əliyevi anadan olmasının 98-ci ildönümündə rəhmətlə anıram. Bu da əslində gözəl bir adətdir. Adətən, insanları ölüm ildönümlərində anırıq. Halbuki, doğum günlərində anılmağın, onların ölümsüzlüyünü ifadə etmə, gördüyü işlərin bərəkətini ifadə etmə baxımından önəmli olduğunu düşünürəm.

Etikxeber.az xəbər verir ki, bunun AK Partinin Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş Türkiyənin Ədalət və İnkişaf Partiyası – Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində mərhum Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda videokonfransda çıxışı zamanı deyin.

O, sonra deyib: 

“Sizlər vasitəsilə azərbaycanlı qardaşlarımızın hər birinə ürəkdən sevgimizi, sayğımızı ifadə edirəm. Dünyada erməni lobbilərinin həm müharibə zamanı, həm də Qarabağ zəfərindən sonra fəallaşması ilə ortaya çıxan yeni bir dönəmlə qarşı-qarşıyayıq. Bir daha böyük Zəfərdə xidməti olan başda cənab Prezident İlham Əliyev olmaqla, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı, bütün qəhrəmanları ürəkdən təbrik edirəm. İnşallah bu dönəmdə ortaya çıxan məsələlər, aramızdakı müzakirələrlə yeni perspektiv işlər ortaya qoymağımızı təmin edəcək. Bu konfransın da həm vəziyyəti dəyərləndirmək, həm də yeni perspektivlərlə gələcəyə istiqamətlənən rəylərimizi sağlamlaşdırmaq üçün önəmli olduğunu düşünürəm.

Belə konfranslarla tək millət, iki ölkə olaraq əziz xalqımız gələcək perspektivimizi sağlamlaşdırmış olur. Qarabağ zəfəri içərisində olduğumuz üçün bəlkə hiss etmədik, amma bu tarixi bir uğurdur. Millətimiz üçün böyük bir uğurdur. Qarabağ hər şeydən öncə Vətəndir. Sözlərimin əvvəlində Türkiyədə də tanınan və sevilən şair, ustad Bəxtiyar Vahabzadənin bu misralarını bir daha xatırlatmaq istəyirəm.

Vətənin arxasında

Biz həmişə dağ olduq.

Vətən bizimçin deyil,

Biz Vətənçin doğulduq.

Toxunmasın bu yurda

Bir an düşmən nəfəsi.

Gəlsin minarələrdən

Allahu- Əkbər səsi.

Başımızın üstündə

Məmmədəmin bayrağı.

Güllə qorxar igiddən,

Güllə tutar qorxağı.

Vətən adlı ocağa

Hər gün isinmək şərəf.

Bu torpağın yolunda

Torpağa dönmək şərəf!

Bununla Bəxtiyar Vahabzadəni də rəhmətlə anıram. Həqiqətən bu misraları ilə Azərbaycan xalqı şanlı dirənişi necə həyata keçirdiyini də cümlə- aləmə bəyan etmiş oldu.

Müharibədən sonra ortaya çıxan vəziyyət, yeni reallıqları 5 istiqamət üzrə diqqətinizə çatdırıram. Birincisi, Qarabağ zəfərinin həm regional tarazlığa, həm regional sülhə fövqəladə təsirləri olacağına şübhə yoxdur. Ancaq Qarabağ zəfərinin siyasi, geopolitik təsirlərindən öncə ən böyük təsirinin öz toplumlarımız üzərində olduğunu ifadə etmək istəyirəm. Həm Azərbaycanın, həm də Türkiyənin Qarabağ zəfərinin böyük bir milli coşğu yaratdığı və bu zəfər ilə hər iki toplumda ortaq milli və dini dəyərlərin bir daha qabardığı və bu dəyərlər üzərində toplumun daha möhkəm hala gəldiyinə birlikdə şahid olduq”.

AK Partinin Sədrinin birinci müavini qeyd edib ki, azadlığın millətimiz üçün nə qədər önəmli olduğunu, Vətənin və Vətən uğrunda şəhadətin nə qədər müqəddəs dəyər olduğunu gənclərimiz bir daha Qarabağ zəfəri ilə açıq şəkildə görmüş oldular:

“Bu mənada Qarabağ zəfəri siyasi, hərbi, geopolitik, iqtisadi nəticələri qədər toplumsal möhkəmlənmə baxımından fövqəladə dəyər ortaya qoyub.

Qarabağ zəfəri ilə ortaya çıxan ikinci önəmli məsələ isə Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə “Ermənistan dediyiniz ölkənin sərhədləri hansıdır” sualını dünya ictimaiyyətinə ünvanlamasıdır. Ermənistanın sərhədləri nə üçün  bəlli deyil? Ermənistan sərhədlərini nə üçün daim genişləndirmək istəyir? Bu suallar Qarabağın azadlığının təmin olunması ilə bir daha dünya gündəminə gəlmiş oldu. Bilirsiniz, Qarabağın işğalı məsələsi İosif Stalinin səyləri ilə 20-ci əsrin əvvəllərində başlanmışdı. Bu torpaqlarda yeni bir Ermənistan qurulması üçün, xüsusilə o torpaqlardan qovulan, sürgün edilən azərbaycanlı qardaşlarımızın boşaltdığı ərazilərə çox sayda erməni gətirildi. Sürətli bir şəkildə ermənilərin Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi ilə bu bölgədə erməni işğalının əhali baxımından alt zəmini hazırlanmış oldu.

Ermənilər 1988-ci ildən etibarən Azərbaycanlıların sıx yaşadığı kənd və qəsəbələrə hücumları davam etdirdi. Erməni diasporu başda olmaqla, Ermənistandakı önəmli siyasətçilərin bir qisminin zehnində “Böyük Ermənistan” qurmaq idealı var. Bir sözlə, Azərbaycan Qarabağı işğaldan azad etməklə çox önəmli siyasi sualı dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Yəni, bu Ermənistanıın sərhədləri hansıdır və nə üçün Ermənistan bu qədər çox genişlənmək, böyümək istəyir? Azərbaycanın zəfəri ilə meydana çıxan ikinci mövzu budur”.

Numan Kurtulmuş vurğulayıb ki, üçüncü önəmli məsələ, müharibə zamanı Qarabağın işğaldan azad edilməsinə kimlərin qarşı çıxmasıdır: “Eyni şəkildə cənab Baydenin qondarma erməni soyqırımı məsələsi də Qarabağ müharibəsi zamanı qarşı çıxanların hərəkətlərinin davamıdır. Bu kontekstdə bütün bunların gündəmə gətirilməsi Qarabağ zəfərinin önəmi və dəyəridir. Hazırda erməni lobbilərinin Azərbaycan və Türkiyəyə qarşı açdıqları müharibə, terminologiyadan istifadə etmək lazım gələrsə, sərhədsiz bir savaşdır. Yəni, yeri, zamanı, forması bəlli olmayan çox əhatəli bir savaşdır. Yeri gəlsə, Xocalıdakı kimi qətliam edərlər.

Yeri gələrsə, ASALA kimi terror təşkilatlarını dəstəkləyərək həm azərbaycanlı, həm türk hədəflərinə qarşı hücumlar edərlər. Yeri gələrsə, media savaşları həyata keçirərlər. Yeri gələrsə, lobbilər üzərindən savaşlar edərlər. Həmçinin, akademik ədəbiyyatla, kinoqrafik propaqandalarla mübarizə edərlər. Bu baxımdan Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı mübarizəsi sərhədsiz savaşdır. Bu mənada Qarabağ zəfəri zamanı Türkiyə və Azərbaycanın əl-ələ, yan-yana bu mübarizəyə qarşı dayanması əslində ermənilərin dünya miqyasında bizə qarşı verdiyi bu sərhədsiz savaşı da aşkara çıxarıb”.

AK Partinin Sədrinin birinci müavini həmçinin qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə Azərbaycan və Türkiyənin dünyanın qlobal strukturlarına qarşı tənqidlərində nə qədər haqlı olduğunu bir daha ortaya qoyur:

“BMT başda olmaqla, heç bir beynəlxalq təşkilatın dünyada sülhü təmin etmək, ədaləti bərqərar etmək baxımından azacıq əməyinin, gücünün olmadığı ortaya çıxdı. 1994-cü ildə qurulan ATƏT-in Minsk qrupunun əslində heç bir şey etmədiyini və əslində 30 il Qarabağın işğalını seyr etdiyini bütün dünya görüb.

Qarabağ zəfəri ilə Azərbaycan sonu gəlməyən toplantılar, haqsız olana dayan, sən haqsızlıq edirsən demək cəsarətini göstərməməyin, haqlının güclə nəticə əldə edə biləcəyini bütün dünyaya göstərib. Bu mənada, ATƏT-in Minsk qrupu başda olmaqla bu qurum və quruluşların heç bir dəyəri olmadığı aşkara çıxıb. Eyni şəkildə 25-26 fevral 1992-ci ildə törədilən Xocalı qətliamından sonra “Human Right Watch” təşkilatı dünyadakı heç bir beynəlxalq təşkilatın Xocalı qətliamına səs çıxarmadığını gördük. Dünya qurumlarının ədaləti müdafiə etməyən, tamamilə mövcud status-kvonun qorunmasına səy göstərən qurumlarının da heç bir işə yaramadığını bir daha görmüş olduq. Yenə eyni şəkildə dünya televiziyalarına baxdıqda, Azərbaycanla bağlı dosyeləri, ədalətsiz yayımları görürük.

Nə hikmətdirsə, Azərbaycanı neft və qaz zənginliyi ilə, Cənubi Qafqazda, Asiyada önəmli strateji keçid nöqtəsi olduğunu tez-tez gündəmə gətirirlər. Sanki Azərbaycan azərbaycanlıların deyil, beynəlxalq aləmin diqqətini üzərinə toplamış nəzər nöqtəsi kimi danışırlar. Amma azərbaycanlıların dərdləri ilə bağlı heç bir hərəkət etməzlər. Ona görə Azərbaycanın bu zənginliklərindən, strateji önəmindən bəhs edən beynəlxalq ictimaiyyətin nə üçün Xocalı qətliamı və Qarabağın işğalı kimi mövzularda illərdir səssiz qaldıqlarını bir daha sormaq istəyirəm. Bu mənada Qarabağ zəfəri dünya sistemindəki boşluqların ortaya çıxarılması, həm də güclərimiz birləşdirildiyində nə qədər önəmli nəticələr əldə edildiyini göstərməsi baxımından xəbərdarlıq fişəngi kimidir.

 Bu məsələ dünyanın bir çox yerlərində Türkiyə və Azərbaycana qarşı fəaliyyətlərini davam etdirənlərin diqqətini çəkib. ABŞ, Fransa, Belçika və bir çox Qərb ölkəsindəki Türkiyə və Azərbaycan əleyhdarlarının necə erməni lobbilərinin çörəyinə yağ sürtdüyünü, onlarla necə əlaqədə olduqlarını, yeri gəldikdə ASALA, PKK, PYD, FETÖ kimi terror təşkilatlarına necə dəstək verdiklərini bir daha ortaya çıxarıb. Türkiyə ilə birlikdə Azərbaycanın əl-ələ olması bu coğrafiyada dəyərli bir tənhalıqdan qurtuluş və qürurlu duruş kimi dünyaya dərs vermişdir”.

N.Kurtulmuş bildirib ki, Qarabağ zəfəri Qafqazlarda sülhə, təhlükəsizliyə, ədalətə, problemləri dialoq vasitəsilə həll etmək üçün yeni siyasi meydan açıb:

“Cənab Prezidentimizin Bakı səfəri çərçivəsində Qafqazdakı 6 ölkənin bu regionun problemlərini həll edə biləcək önəmli gücə sahib olduğunu ifadə etməsi əslində tam olaraq bu nöqtəni işarə edən bir hadisədir. Yəni biz bu bölgədə ədalətli sülh ortaya çıxdıqdan, ölkələrin ərazi bütövlüyü tanındıqdan sonra Qafqazdakı məsələləri müzakirə etmək üçün fövqəladə siyasi işbirliyi mühiti əldə edirik. Fikrimcə, Qarabağ zəfərini beçinci önəmli dərsi də budur”.

N.Kurtulmuş vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı sözünü təkrarlamış olması tarixi həqiqətləri dəyişdirmə gücündə deyil:

“Açıq şəkildə ifadə edirik ki, cənab Baydenin bu sözləri mənasız, siyasi məqsədlər üçün söylənmiş və erməni lobbilərin könlünü xoş tutmaq üçün dilə gətirilib. Daha açıq formada desəm, cənab Bayden ABŞ-ı erməni lobbilərinə girov vermişdir. Bu ABŞ-ın milli maraqlarına da ziddir.

Bu həqiqətləri də əks etdirmir. Bizim tariximizdə heç bir şəkildə soyqırım yoxdur. Əgər soyqırımdan bəhs edənlər varsa, onlara geriyə dönüb öz tarixlərinə baxmağı tövsiyə edirik. Yaşadıqları ABŞ-a dönüb baxsınlar. Yeni qitənin əsl sahibləri olan yerlilərin necə və hansı formada yox edilməsinin hesabını versinlər. Xirosima və Naqasakidə 350 min insanın ölümünə səbəb olan və sadəcə yaşayanlar deyil, sonrakı nəsillərin kökünü kəsən xain atom bombasının əmələ gətirdiyi soyqırıma baxsınlar. Əgər soyqırım axtarırlarsa, getsinlər Vyetnamda insanlıq əleyhinə hansı, cinayətlər törətdiklərini gözdən keçirsinlər. Həmçinin müharibə zamanı yaponiyalıları toplanma düşərgələrində nasist Almaniyasından betər şəkildə  davrandıqlarını xatırlasınlar. Əgər o qədər geriyə gedəcək hafizələri yoxdursa, daha yaxın illəri nəzərdən keçirsinlər. Əfqanıstanda öldürdükləri 1.5 milyon insanın hesabını versinlər. İraqın işğalı ilə məhv edilən 1 milyondan artıq insanın hesabını versinlər.

Bağdaddakı qətliamlara baxsınlar. Quantanamo kimi həbsxanalardakı insanlıq əleyhinə cinayətləri, işgəncələri xatırlasınlar. Dolayısı ilə bizim tariximizin heç bir dönəmində soyqırım yoxdur. Osmanlıda ermənilər sadiq millət olaraq qəbul edilirdi. Amma Osmanlının dağıntıları üzərində qınçaqlara, daşnaqlara, erməni təşkilatlarına kimlər dəstək, silah verdi? Türkiyədə, Azərbaycanda erməniləri dəstəkləyərək bizə qarşı kim qaldırdı? Bu gün ASALA, PKK, PYD kimi terror təşkilatlarının dəstəklənməsi dünyadakı imperialist təzahürlərin yeni formasıdır. 100-120 il əvvəl nə edirdilərsə, indi də eynisini edirlər. Biz bu oyunu bilirik. ABŞ və bəzi imperialist keçmişə sahib ölkələr arasında bölgəyə, Yaxın Şərqə baxışımızda təməl fərqlilik var. Biz Türkiyə olaraq, sülhə, sabitliyə və həmrəyliyə sahib bir bölgə istəyirik.

Bölgə xalqlarının türklər, ermənilər, kürdlər, ərəblər, əcəmlər, sünnilər, şiələr, fərqli məzhəbləri, fərqli dinləri ilə birlikdə sülh içərisində yaşasınlar. Türkiyə olaraq məqsədimiz daha çox inteqrasiya, birləşmə, əməkdaşlıq və rifahın yüksəldilməsidir. Təəssüf ki, bəzi imperialist keçmişə sahib ölkələr və bu gün ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasət  daha çox parçalanmanın təmin edilməsinə xidmət edir. Bu baxış fərqləri Baydenin ifadə etdiyi kimi, qondarma soyqırım kimi məsələlərdə ortaya çıxır. Bunu təkcə Türkiyəyə düşmən münasibət kimi ortaya qoymurlar.

Qeyd etdiyim kimi erməni məsələsi üzərindən bölgədə yenidən 100 il öncə etdiklərini təkrarlamaq istəyirlər. Biz iki dövlət, tək millət Azərbaycan və Türkiyə Qafqazların önəmli iki ölkəsi olaraq xalqlarımızla birlikdə Qarabağ zəfərindən sonra daha ayıq bir şəkildə yolumuza davam edəcəyik. Qardaşlığımızı, əməkdaşlığımızı, həmrəyliyimizi hər sahədə irəli aparacağıq. Bu məqsədlə Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası bu böyük gələcək mübarizəsində iki önəmli güc olaraq ölkələrimizi irəli aparmaq üçün mübarizə aparacağıq”.

Etikxeber.az

Read Previous

“Şəhidlərimizin adlarının əbədiləşdirilməsinin yolu açılsın, Kürdəmirdə xatirə-memorial kompleksi ucaldılsın”-DAHA BİR ŞƏHİD VƏ QAZİ ANASI-SİMUZƏR BAĞIYEVA BAŞ NAZİRƏ MÜRACİƏT ETDİ

Read Next

“Mənə 11 min manat lazım deyil, istəyirəm ki, həmin pulu körpə övladı qalan Şəhid ailəsinə verim…İstəyirəm ki, məhkəmə oğlunun dəfninə belə gəlməyən “ata”dan həmin pulun qalan hissəsini geri tələb etsin…”-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASI MEHPARƏ QƏRİBOVANIN HAQQI BƏRPA OLUNACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir