“Nə özü “ata” deyə bildi, nə də özü “ata” sözünü eşidə bildi…”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI ELNARƏ HÜSEYNOVA – FOTOLAR

Əzəmi Əli oğlu Hüseynov…

29 avqust 1992-ci il təvəllüdlü…

Əslən Şuşalı-Qarabağlı, özü Mingəçevir doğumlu…

3 bacının tək qardaşı…

Ali təhsilli, hərbçi-MAXE…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçısı, Qəhrəmanı, İgidi və Şəhidi…

Qəhrəmanlıq, Cəsurluq, İgidlik, Qorxmazlıq da təsadüfi olmur, qandan, ruhdan irəli gəlir…

Əzəmidə də belə olub, babası Qara Qədir oğlu Hüseynov İkinci Dünya Savaşının-Böyük Vətən Müharibəsinin iştirakçılarından, veteranlarından olub…Və belə demək mümkünsə, babasının ruhu məhz onda təcəlla edib…

2014-cü ildə ali təhsilini baş vurduqdan sonra hərbi xidmətə yola düşən Əzəmi Hacıqabul rayonunda yerləşən və Daxili Qoşunlara aid olan hərbi hissədə qulluq edib…

2015-ci ildə hərbi xidmətini, Vətənə borcunu layiqincə yerinə yetirdikdən sonra Əzəmi yenidən həyatını, taleyni Ordu ilə, hərblə bağlayıb…

2016-cı ildə Zaqatala rayonunda yerləşən və Xüsusi Təyinatlı Qüvvələrə aid olan hərbi hissədə hərbçi kimi fəaliyyətə başlayıb…

Orada da 3 illik hərbi xidmətini tibb qardaşı və Baş çavuş kimi, başa vurduqdan sonra başqa bir bölgədə, “N” saylı hərbi hissədə yenə tibb qardaşı və MAXE olaraq, fəaliyyətini davam etdirib…

İkinci Vətən Müharibəsi başlayan andan da cəbhə bölgəsinə yollanıb, cəbhənin Tərtər-Ağdərə istiqamətlərində olub…

Döyüşüb, vuruşub, İgidliklər göstərib və Suqovuşan istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 8-də qəhrəmancasına həlak olub, Şəhadətinə qovuşub, Şəhidlik zirvəsinə ucalıb…

Şəhidliyindən, Şəhadətindən düz bir ay sonra-2020-ci ilin noyabr ayın 8-də isə üzünü görmədiyi, amma daim həsrəti ilə alışıb-yandığı Şuşası, əslinin-nəslinin vaxtilə yaşadığı Şuşa şəhəri murdar düşmənlərdən azad olunub…

Bacısı Elnarə xanımın dediklərindən:

“Əzəminin ən böyük arzusu Şuşadakı evlərinin, evimizin önünə üçrəngli, ay-ulduzlu müqəddəs Azərbaycan bayrağını sancmaq idi…Lakin çox təəssüflər olsun ki, Əzəmi Şuşanı görə bilmədi, Şuşa arzusuna çata, Şuşasına qovuşa bilmədi…Bununla belə, Şəhidliyinin bir ayının tamamında Şuşa şəhəri azad olundu və elə bilirəm ki, Əzəminin də ruhu şad oldu, ruhu sevindi…Bu gün artıq Şuşa bizdədir və digər Şəhidlərimiz kimi, Əzəminin də ruhu dolaşır üzünü görmədiyi Şuşamızda”.

Bacısı eyni zamanda deyir ki, Əzəmi ata üzü də görməyib:

“Hələ körpə ikən atasını, atamızı itirdik…O, nə “ata” sözünü deyə bildi, nə də özü “ata” sözünü eşidə bildi (Gözləri dolur)…3 il idi ki, ailə həyatı qurmuşdu, amma təəssüflər olsun ki, övladı olmadı…Həm atasız, həm də övladsız bu dünyadan köçdü, bizləri birdəfəlik tərk etdi, bizləri gözü yaşlı qoyub getdi…Hər zaman onun yolunu gözləyirik, gözümüz elə hey yolda, qapıdadır…Hər zaman da yolunu gözləyəcəyik, O, ölməyib, O, ruhən, mənən bizimlə yaşayır”.

Ölümündən sonra İgidimizin Qəhrəmanlığı, Cəsurluğu dövlətimiz, Ali Baş Komandan tərəfindən də dəyərləndirilib, “Vətən uğrunda”“Suqovşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Dünən, Şəhidliyinin 7 ayının tamamında isə Mingəçevurdə, yaşadıqları ərazidə adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

Allah bir daha Şəhidimizə qəni-qəni rəhmət, məkanını nurlu, məzarını behiştlik etsin, ruhu qarşısında baş əyirəm, baş əyirik!

Böyük Yaradan bir daha acılı, kədərli ailəsinə-anası Sayad Əkbər qızı Hüseynovaya və 3 bacısına dözüm, səbr, güc versin!

Azərbaycan var olduqca, Əzəmilər də var olacaq, yaşayacaqlar!

Ruhən, mənən bizlərlə, bizimlə, can Azərbaycanımızla olacaqlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

14:40

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az


Read Previous

Əl tutmağı, yardım etməyi, şəfqət göstərməyi özünə amal seçən, amma etdiklərini dilə gətirməyi, reklam etməyi sevməyən Vətən övladı-XƏYAL GÖYÜŞÖV!

Read Next

Azərbaycan İkinci Dünya müharibəsi illərində…-ZİYAD SƏMƏDZADƏ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir