Bu gün Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyəddin Zöhrab oğlu Cəfərovun ad günüdür.
Elyəddin Cəfərovun bu gün 28 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elyəddin Cəfərov 1995-ci ilin may ayının 24-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində anadan olub.
Ailənin iki övladından, iki qardaşdan biri, evin böyük oğlu olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətdə olub və Əsgərliyini başa vurduqdan sonra, müxtəlif sahələrdə çalışıb.
44 günlük İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib.
Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini 20 gün sonra əldə etmək mümkün olub.
Və oktyabr ayının 20-də nəşi Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Elyəddin həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Məzarı başında çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Sonra Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən mərasim evində Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha çıxışlar olunub, çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Şəhidin anası Xatirə xanım isə öz növbəsində ziyarət və mərasim iştirakçılarına minnətdarlığını bildirib, belə bir gündə onları tək buraxmadıqları üçün hər kəsə təşəkkürünü ifadə edib.
Övladı-Şəhidi ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.
Mərasimdə eyni zamanda, Şəhidin adına hazırlanmış tort kəsilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, Naftalandan, Goranboydan və Naxçıvan Muxtar Respublikasından olan Şəhid ailələri, Qazilər, müəllimlər, məktəblilər və başqa şəxslər iştirak ediblər.
Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:25
***
FOTOLAR:











13:55
***























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az