“Natiq Cəfərlinin Gültəkin Hacıbəyli dərdi…” – İKİ SİYASƏTÇİ ARASINDA NÖVBƏTİ QALMAQAL

Bu gün “Azad Söz” kanalının efirində dəyərli dostumuz Tofiq Yaqublu ilə debatda REAL partiyasının icra katibi Natiq Cəfərli yenə də öz köhnə şakərinə uyğun olaraq mənə növbəti dəfə böhtan atdı.

Tofiq bəy Natq Cəfərlinin Milli Şura və AXCP-yə münasibətdə “BİT yığını” deyərək əslində öz gerçək səviyyəsini ortaya qoymasına etiraz etdi, onu haqlı olaraq qınadı. Natiq Cəfərli isə “mənə mandat alverçisi deyənə yaxşı edib “BİT yığını” demişəm” söyləməklə növbəti dəfə bizi təhqir etdi.

REAL-ı İlqar Məmmədovun məşhur təhqiredici statusuna görə haqlı olaraq müxalifət cameəsində yerdən-yerə vurdular, saatlarla canlı efirlərdə bu mövzuda sərt müzakirələr getdi, kəskin ifadələr işlədildi. Təhqirə təhqirlə cavab verənlər də oldu. Bu məsələyə mən yalnız bir statusla münasibət bildirmişəm və həmin statusu burada paylaşıram:

“İlqar Məmmədov deyir ki, kim Məzahir əmi ilə Əfruz xalanın seçkilərində iştirak edib Araz Əlizadənin mandatını almaq istəyənlərə etiraz edirsə ermənidir. Mən də saxta, ədalətsiz seçkilərdə iştirak edib ona legitimlik qazandırmağın, iqtidarın ən zəif vaxtında onun ömrünü uzatmağın əleyhinəyəm, demək, mən də erməniyəm. Əminəm ki, xalqımın 90 faizi mənim kimi düşünür, demək, xalqımız da ermənidir, hamımız erməniyik! Bir siyasətçiyə 10 milyonluq xalqı aşağılamaq haqqını kim verib görəsən?! İlqar Məmmədov “erməni əlaltısı” deyib təhqir etdiyi insanlardan səs almaq üçünmü seçkilərə gedir?! 

İnanmayanlar üçün sitat:

natiq-2

gultekin-6

”Seçkimizin yolunda kim hansı pozada dursa erməni işğalçısının əlaltısıdır. İstər şikayətçi-boykotçu pozasında, istər saxtakar pozasında”.

Bu statusda “mandat alverçisi” sözünü tapsanız, mənə də xəbər verin. Mən yalnız İlqar Məmmədovun seçkilərdə iştirak etmək istəməyən bizləri müəyyən pozada dayanan “erməni işğalçılarının əlaltısı” adlandırmaqla aşağılamasına etiraz etmişəm. Yəni, İlqar bəy bizləri ağır şəkildə təhqir edib, mən isə ona bacardığım qədər mədəni formada etiraz etmişəm. Ancaq görünür Natiq Cəfərli özü o nəticəyə gəlib ki, özünü müxalifətçi adlandırıb Məzahir əmidən və Əfruz xaladan mandat almaq elə mandat alverçiliyidir, bax buna iradım yoxdur. Yeri gəlmişkən, Natiq Cəfərli ilk öncə məşhur ədəbsiz statusunu Fuad Qəhrəmanlının statusuna cavab olaraq yazdığını bildirmişdi.

Lakin görünür mənə “xüsusi” münasibəti var, həm də cəbhəçilərdən qorxur, ona görə də versiya dəyişdi, təhqirlərini mənim üzərimə yönəldib vəziyyətdən çıxmaq istəyir. Bütün çıxışlarında adımı hallandırır, böhtan atır, yalan danışır, aşağılayır. Görünür mənim İlqar Məmmədovla köhnə yoldaşlıq münasibətlərimə görə müstəsna səbr nümayiş etdirməyimi zəiflik kimi qəbul edib. Nə edək, bunu mən istəmirdim, məni Natiq Cəfərli məcbur etdi.

Mən 2000-2010 illərdə millət vəkili olmuşam. Müxalifətdən seçilməmişəm, İlham Əliyevin Strasburq komandasının üzvü olmuşam, İlham Əliyevi açıq şəkildə dəstəkləmişəm və hakim partiyanın mənə dəstək verməsi təbiidir. Mən keçmişimlə fəxr edirəm, çünki nə mandat, nə maddi imkanlar məni ləyaqətimi itirməyə məcbur edə bilmədi. Mən mandat və rahat həyat naminə dostlarımı, düşərgəmi satıb hakimiyyətə keçməmişəm, mən millətimin mənafeyi və şəxsi ləyaqətimi qorumaq üçün vəzifə və maddi imkanlardan imtina edib ağır və məşəqqətli mübarizəni, məhrumiyyətləri seçmişəm və bu yolda uzun illər ərzində ən kiçik bir tərddüdümü, səhvimi görən olmayıb.

Altı ildir təzyiq altındayam, evim həbsdə, maşınımı əlimdən alıblar (yeri gəlmişkən, deputatlara maşın vermirlər, heç bir deputat imtiyazından istifadə etmirəm, bu da nöbvəti yalanlar), hətta 14 yaşlı oğlumun ölkədən çıxışına yasaq qoyulub, məhkəməsiz bir həftəm belə keçmir. Bu gün, mən mandatdan imtina edəndən düz on il sonra Natiq Cəfərli həmin mandatı əldə etmək üçün can qoyur: hakimiyyətə ən çətin anlarında paslar ötürür, “niyə də yox”larla dostlarının köməyinə çatır. Bütün vətəndaş cəmiyyəti saxta və uydurma ittihamlarla həbsə göndərildiyi vaxt hakimiyyətlə razılaşıb real 117 min dollarlıq qrant söhbətini bağlayır, 27 günlük həbsdən evinə göndərilir.

Nə müxalifətçi olmaq, nə hakim partiyada təmsil olunmaq ayıb deyil.

Əks halda REAL-çılar hakimiyyətlə dostluq əlaqələrilə fəxr etməzdilər. Əks halda İlqar Məmmədov rəhbəri olduğu Avropa Məktəbinin İdarə Heyətinə mən də daxil yalnız iqtidaryönlü şəxsləri dəvət etməzdi (Səməd Seyidov, Asim Mollazadə, Rasim Musabəyov və Gültəkin Hacıbəyli).

Ayıb olan müxalifət olduğunu iddia edib, ona qarşı ciddi bir fikir söyləyə bilmədiyi halda “müxalifətə müxalifətçilik” etməkdir. Ayıb olan bir müxalifətçinin ölkənin qanayan yaraları haqqında bir kəlmə yazmayıb Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Milli Şura, AXCP üzrə “ixtisaslaşmasıdır” .

Ayıb olan siyasətə “BİT yığını”, “yaxşı eləmişəm” kimi yeni dil, yeni üslub gətirməkdir, yalan danışmaqdır, böhtan atmaqdır. Natiq Cəfərli etdiyi kimi.

Gültəkin HACIBƏYLİ, 

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

Xankəndi Pedaqoji İnstitutu (Universiteti) bərpa edilsin – DEPUTATDAN TƏKLİF

Read Next

“Slaviya”, “Brügge” və “Ayaks” – PLEY-OFF MƏRHƏLƏSİ BAŞA ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir