Nazir: “Bu da ölkəmizdə turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir”

Türkiyə təcrübəsi Azərbaycanda turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Bu barədə Etikxeber.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək bu sahədə böyük uğurlar əldə olunduğunu bildirib. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, ölkəmiz bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal toplantısına da uğurla ev sahibliyi etdiyini deyib: “İndi Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhvəsini verməkdədir. Bu sahədə ölkəmizdə bir sıra böyük addımlar atılıb. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Həmçinin ölkəmizdə gələn il IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Artıq ənənə halını almış bu forumda dünyanın müxtəlif ölkələrindən, böyük təşkilatlarından nümayəndələr iştirak edirlər”.
İki ölkə arasında turizm sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir deyib ki, Azərbaycanın Türkiyənin təcrübəsindən yararlandığını vurğulayıb. Həmçinin qeyd edib ki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri bir sıra ölkələrlə yanaşı bu sahədə böyük uğurlar qazanan Türkiyənin turizm mərkəzlərində, hotellərində də təcrübə keçirlər. Bu da ölkəmizdə turizmin inkişafına, dünya təcrübəsinin öyrənilməsinə təkan verir.
Nazir bu ilin fevralından Türkiyədə ölkəmizin Turizm Nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, nümayəndəlik ölkəmizin turizm imkanlarının təbliği baxımından səmərəli əməkdaşlıq əlaqələri yaratmış və bu səylər davam etdirilir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
Əbülfəs Qarayev sonda bir daha Erkan Özoralı ölkəmizdə səfir təyin olunması münasibəti ilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.
Səfir Erkan Özoral səmimi qəbula görə Əbülfəs Qarayevə öz minnətdarlığını bildirib. Qardaş ölkəyə səfir təyin olunmasının onun üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyət olduğunu bildirib. Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğulayıb.
Etikxeber.az

Read Previous

“Biz uşaqlara ailə birliyi lazımdır” – 10 yaşlı məktəblidən ÇAĞIRIŞ – FOTOLAR

Read Next

Xaçmaz sakini bıçaqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir