Nazir müavini AŞPA həmməruzəçiləri ilə nədən danışdı?

Ədliyyə nazirinin müavini Azər Cəfərov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, o cümlədən müvafiq Fəaliyyət Planının icrası üzrə tədbirlərdən danışılıb. Həmçinin, məhkəmə-hüquq sistemindəki yeniliklərdən, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsindən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən bəhs olunub, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunularaq hazırda növbəti seçimin aparılması və uğur qazanmış namizədlərin sonrakı mərhələyə – uzunmüddətli tədrisə buraxılması barədə məlumat verilib.

Bildirilib ki, hakimlərin və hakimliyə namizədlərin tədrisinə mühüm önəm verilərək bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə fəal əməkdaşlıq edilir, Avropa hakimləri mütəmadi keçirilən treninqlərdə iştirak edir, Məhkəmənin presedentlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Avropa Şurası ilə birgə müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Ölkəmizin məhkəmə-hüquq sistemindəki islahatları məmnunluqla qarşılayan həmməruzəçilər, həmçinin vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərə maraq göstərib, bu sahədə Avropa Şurası ilə birgə həyata keçirilən “Vətəndaş Cəmiyyəti Dialoqu” layihəsinin əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, ictimai iştirakçılığın təşviqi, mediasiya institutunun, probasiya xidmətinin tətbiqi və digər məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin komitə sədri Səməd Seyidov iştirak ediblər.

Etikxeber.az

Read Previous

Vitse-admiral son söz demək üçün məhkəmədən vaxt istədi

Read Next

Daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir