NAZİR: “Referendum”un nəticələri Dağlıq Qarabağın hüquqi statusuna toxunmur”

Litva və Azərbaycan arasında ikitərəfli münasibətlər sıx siyasi dialoq, xalqlarımız arasında dostluq əlaqələri və qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə dair əməkdaşlıq nəticəsində getdikcə daha da güclənir.

Etikxeber.az xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Linas Linkyaviçyus AZƏRTAC-a açıqlamasında deyib.

Nazir bildirib ki, Litva və Azərbaycan hökumətləri arasında iqtisadiyyat, sənaye və energetika sahələrində əməkdaşlığa dair Saziş çərçivəsində ölkələrimiz ikitərəfli əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarını təşkil edirlər. Bu il Litva Hökumətlərarası Komissiyanın 5-ci iclasını keçirməyi planlaşdırır. O, bu il Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vilnüsə rəsmi səfərini səbirsizliklə gözlədiyini qeyd edib. Vurğulayıb ki, rəsmi səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üzrə məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Litvanın hansı rolu oynaya biləcəyi ilə bağlı suala cavabında nazir deyib ki, rəsmi Vilnüs münaqişənin BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq etməmə, ölkələrin ərazi bütövlüyü və digər başlıca prinsiplər əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Litva münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik cəhdlərini dəstəkləyir.

Azərbaycanın işğal edilmiş ərazisində separatçı rejim tərəfindən “referendum” keçirilməsi məsələsinə münasibət bildirən Linas Linkyaviçyus deyib: “Litva fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”un konstitusion və hüquqi çərçivələrini tanımır. Litva hesab edir ki, “referendum”un nəticələri Dağlıq Qarabağın hüquqi statusuna toxunmur və heç bir yolla onun yekun statusunu və ya münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə cari danışıqların nəticəsini qabaqcadan həll etmir.

Litva ATƏT-in Minsk qrupunun fəaliyyətini, habelə onun həmsədrlərinin status-kvonun dəyişilməsinə və hərtərəfli sülh danışıqlarına yönələn cəhdlərini dəstəkləyir.

Etikxeber.az 

Read Previous

Abşeronda göl daşdı,həyətyanı sahələri su basdı

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir