Nazir son qərarını 7 gün ərzində qəbul ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, iclasda dörd məsələ – meşələrin inkişafı, ətraf mühitin mühafizəsi, milli hidrometeorologiya və ətraf mühit üzrə milli monitorinq departamentlərinin 2016-cı ilin ötən 8 ayı ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Nazir dövlət başçısının ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxladığını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini bildirib.

Gündəlikdə duran məsələlər barədə məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb. Müvafiq qurumlarda görülmüş müsbət işlərlə bərabər, nöqsanlar da qeyd olunub, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə iradlar bildirilib. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinə baxılmaması qeyd olunub.

Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı bildirilib və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə göstərişlər verilib. Hidrometeorologiya müəssisələrində isə son illərdə texniki-təchizat bazasının yenilənməsi prosesi baş versə də, bəzi məsul şəxslərin vəzifə borclarını layiqincə yerinə yetirə bilməmələri xüsusi qeyd olunub və hidrometeorologiya idarələrinin bir neçə işçisinə töhmət verilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Bəzi tabeli qurumların fəaliyyəti ilə bağlı kompleks araşdırma aparılacağı və onların barəsində 7 gün ərzində son qərar qəbul ediləcəyi bildirilib.

Etikxeber.az

 

Read Previous

“Bakı Metropoliteni” QSC Milli Musiqi Günü münasibətilə proqram təşkil edəcək

Read Next

Paytaxt Gəncə olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir