Nazir: “Terrorizmə qarşı mübarizədə birgə səylər artırılmalıdır”

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini Ümit Yalçını qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulanıb, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.

Ümit Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.

Nazir  Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Görüşdə Azərbaycan və Türkiyənin terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olunub.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.

Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Deputat iki Güneli nəyə görə aradı?

Read Next

Karlovun qətlinin məsuliyyətini “Cəbhəti ən-Nusra” öz üzərinə götürdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir