“Nazirdən xahiş etdim ki, paket yox, maaşları qaldırsın…” – MÜTTƏHİM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib. 
Etikxeber.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov prokurorun suallarını cavablandırıb. O deyib ki, nazirliyin əsasnaməsi əsasında fəaliyyət göstəriblər: “Nazirliyin maliyyə mənbələri təsərrüfat hesablıdır. Bu nazirlik ölkəyə valyuta ehtiyatı gətirib. Mən işləyən dövrdə gəlir 100 milyon manata qalxıb. Direktor kimi əsas vəzifəm ondan ibarət idi ki, nazirliyin rəhbərliyinin göstərişini icra edim. Mənə deyilən hər şeyi qanun çərçivəsində yerinə yetirmişəm”.

O, təsis etdiyi voleybol klubunun haradan maliyyələşdiyinə də aydınlıq gətirib: “Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri “Azintelekom” MMC-nin hesabına verilirdi. Bu məsələ cəmiyyətə həvalə olunmuşdu. Sənədləşdirilməsi mümkün olmayan xərclərin üzərinə qayıtmaq istəmirəm. Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub. Mən nazir Əli Abbasovun tapşırığı ilə hər ay 50 min manatı Vidadi Zeynalovdan alırdım. İstintaqda göstərilən pullar isə qardaşım ödəyib. Voleybol sahəsini idarə etmək çətin idi, xeyli xərc tələb olunurdu”.

Prokurorun “AKEY” MMC-nin əməkdaşı Elmar Hüseynovu tanıyırsınızmı?” sualına C. Cəfərov belə cavab verib: “Onunla bir neçə dəfə görüşmüşəm. Mənə klub üçün pul verirdi. Mən də nazir Əli Abbasovun tapşırığı ilə hər ay pulun 29 min ABŞ dollarını data sisteminə, 50 min dollarını klubun xərclərinə, 300 min dollarını isə Vidadi Zeynalova verirdim. Hesab edirdim ki, bu paketlər qeyri-qanuni deyil. Mən cinayət etməmişəm, yalnız dövlət və millətim üçün iş görmüşəm”.
Vəkilin sualını cavablandırın C. Cəfərov deyib ki, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Bu məsələ bizdə daim izlənilirdi”.
“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev də özünü təqsirli bilməyib, qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyətin bölgələrdə olan poçt xidmətlərinin bərpası üçün nazirlik və dövlət tərəfindən vəsait ayrılıb: “Bu vəsait ayrılandan sonra tender keçirilib, iş görən şirkətlərlə müqavilə bağlanıb. Amma bunların heç birində mənim iştirakım olmayıb. Nazirlik maliyyə ayrandan sonra nazir Əli Abbasov təklif etdi ki, müəyyən işçilərə paket şəkilində maaş verilsin. Mən Əli Abbasovdan xahiş etdim ki, paket yox, maaşları qaldırsın. Bu xahiş nəzərə alındı və mənim 300 manatlıq maaşım 1300 manata qaldırıldı”.

Onun sözlərinə görə, bütün fəaliyyətini qanun çərçivəsində qurub və nazirliyin aparat rəhbəri Vidadi Zeynalova hər hansı şəkildə pul verməyib.

Proses dekabrın 7-də davam etdiriləcək.

Etikxeber.az

Read Previous

İki avtomobil yolunda sürət həddi aşağı salındı – BAKIDA

Read Next

Alsu Leyla Əliyevanın sözlərinə yazılmış mahnı ifa etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir