Nazirlər Kabinetinin qərarında paradoksallıq var – DEPUTATDAN ETİRAZ

Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzinin direktoru Elmar Qasımov gözün buynuz qişası toxumasının Azərbaycana gətirilməsi ilə bağlı problemlərdən danışıb.

Etikxeber.az xəbər verir ki, parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxış edən E. Qasımov bildirib ki, 2011- ci ildə Nazirlər Kabineti 187 saylı əmrlə 8 tibb müəssisəsinə gözün buynuz qişasının transplantasiyası ilə bağlı icazə verib: “Bu gün bu əməliyyatı gözləyən 2987 nəfər qeydiyyatdadır. Bu insanlar öz növbələrini gözləyir. Onların zamanı gedir, çünki bir müddətdən sonra onlar əməliyyat olunsalar belə görə bilməyəcəklər. Bizim mərkəzdə bu əməliyyatı həyata keçirmək üçün hər cür şərait var. Həkim mütəxəssislərimiz Dünya Göz Bankının üzvləridir. Ancaq bu əməliyyatın aparılmasına qadağa qoyulub. Çünki buynuz qişa toxumasının ölkəyə gətirilməsinə icazə verilmir. Biz təklif edirik ki, heç olmasa bunu bir müddətlik dərman vasitəsi kimi qeydiyyata alıb ölkəyə gətirək.

İndi yaranmış bu süni vəziyyətdən istiadə edən bir neçə qurum var ki, həmin bu xəstələri toplayıb xaricə əməliyyata aparırlar. Ancaq xəstələr əməliyat olunub gələndən sonra onun fəsadları ortaya çıxır. Çünki bu xəstələr daim həkim nəzarətində olmalıdır, tikişləri cərrah tərəfindən həyata keçirilməlidir. Bunun üçün də tez-tez xaricə getməyə imkanları yoxdur. Hazırda qeydiyyatda olan 2987 xəstənin 70 faizini gənclər təşkil edir”.

Komitə sədri Əhliman Əmiraslanov təklif edib ki, Azərbaycanda da göz bankı yaradılsın: “Bu bankı yaratmaq elə çətin məsələ deyil. Maliyyə də çox lazım deyil. Sadəcə əhali arasıda maariflənmə işləri aparılmalıdır ki, meyitdən buynuz qişanın götürülməsinə icazə versinlər. Niyə insanlar Türkliyədə, İranda buna icazə verirlər, amma bizdə vermirlər. Ona görə də maariflənmə tədbirləri aparılmalıdır.

Mən bir neçə müddətdir araşdırıram ki, görəsən hansı qanunumuzda buynuz qişanın ölkəyə gətirilməsinə qadağa qoyulub. Amma belə bir qadağa heç bir qanunda yoxdur. Sadəcə Nazirlər Kabineti qərara dəyişiklik etməlidir. Biz bu məsələni tez həllinə nail olmaq üçün İşçq Qrup yaradaq. Onlar da müvafiq qurumlarla işləyib bu məsələnin həllinə nail olsunlar”.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, 1999- cu ildə qəbul edilən “Orqan transplantasiya haqqında” qanun bu günə qədər işləmir: “ Meyitdən orqan köçürülməsi maddəsi artıq işləməlidir. Düşünürəm ki, Nazirlər Kabinetinin qərarında paradoksallıq var. Çünki qərarla bir neçə müəssisəyə orqan köçürülməsi əməliyyatı etməyə icazə verilir, digər tərəfdən isə xaricdən toxuma gətirilməsinə qadağa qoyulur. Bu, həll olunmalııdr. Biz həm də toxuma gətirilməsinə icazə verilməklə dövlətimizi müəyyən müddətdən sonra yükdən də azad edirik. Çünki bu insanların gözü əməliyyat olmasa onlara əlillik verilməlidir. Bu da ömürlük dövlətin vəsaitindən gedəcək. Əməliyyat olunsalar, dövlət bu yükdən azad olmuş olacaq. Həm də səhiyyəmizin imici üçün müsbət addım olar. İnsanlar bunun üçün xaricə üz tutmazlar. Pul da xaricə axmaz”.

Komitə sədrinin müavini Musa Quliyev də qeyd edib ki, Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir: “Çünki gömrükdən keçəndə toxumaları müayinə etmək olmaz. Tez xarab ola bilər. Ona görə də müayinəsiz tez zamanda tibb müəssisəsinə çatdırılmasına icazə verilməlidir”.

Etikxeber.az

 

Read Previous

Deputatlar Şah İsmayıl, Babək, Koroğlu…ilə bağlı müzakirələrə kəskin etiraz etdilər…

Read Next

Pirallahı sakinindən silah götürüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir