Nazirliklə, yeni rəhbərliklə əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Komitə sədri: Əlilliyin müəyyənləşdirilməsində həllini gözləyən məsələlər var

Musa Quliyev: Bir nazir gəlir, bu məsələdən danışır, sonra gedir, yerinə başqası gəlir, yenə də həmin məsələdən danışır, amma problem yerində, həll olunmamış qalır

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında  üçüncü oxunuşda olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi çox əhəmiyyətlidir və ötən müddətdə də onunla bağlı ciddi müzakirələr keçirilib, bir sıra irad və təkliflər səsləndirilib.

hadi racabli-hadi

Bununla yanaşı, komitə sədri ikinci oxunuşda qanun layihəsinə ciddi iradlar olmadığını da sözlərinə əlavə edib:

“İkinci oxunuşun müzakirələri sakit tərzdə keçdi, yəni, sənəd xeyli təkmilləşdirildiyi üçün ona iradlar tutulmadı”.

Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mühüm rolunun olduğunu söyləyib:

“Artıq nazirliyin rəhbərliyi dəyişdirilib, yeni rəhbərlik gəlib. Biz bundan sonrakı dövrdə də adıçəkilən nazirliklə fəaliyyətimizi düzgün qurmağa, əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq”. H. Rəcəbli eyni zanmanda, ölkədə hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər olduğunu söyləyib: “Bu yöndə də fikirlər, iradlar səslənir, müzakirələr gedir. Bu baxımdan hesab edirəm ki, bu qanun qəbulundan və icraya yönəldilməsindən sonra bu istiqamətdəki məsələlər də öz həllini tapacaq”.

Adıçəkilən komitənin sədr müavini Rauf Əliyev deyib ki, son 5 ildə ölkədə 100 min əlil artıb:

“Bakı üzrə isə 20 min artıb. Əgər, bu, doğrudan da, əlildirsə, əlillik dərəcəsini alsın, əlil deyilsə, o zaman əlillik dərəcəsi verilməsin. Mən indi deyə bilmərəm ki, bu artım necə olub, düzdür, ya düz deyil, amma belə bir rəqəm ortadadır və bu qlobal məsələdir, problemdir. Bu həllini tapmalıdır”.

H. Rəcəbli də öz növbəsində bildirib ki, Azərbaycanda hazırda 1 milyon 300 mindən çox əmək pensiyaçısı var:

“Onlardan da 320 mini ikinci və üçüncü qrup əlillərdir, yəni, əlillik dərəcəsi alanlardır…”

***

Komitənin üzvü İlham Məmmədov təklif edib ki, adıçəkilən problem həll etmək üçün  ümumi bir komissiya, İşçi qrupu yaradılsın və mövcud olan qanunvercilik nəzərdən keçirilsin:

“Yəni, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı kriteriyalar da nəzərdən keçirilsin, təkmilləşdirilsin. Bu məsələdə də köhnə stereotiplərdən uzaqlaşmalıyıq. Yeni nazir təyin olunub. Əvvəllər parlamentdə də çalışıb, gənc, perspektivli kadrdır. Onunla, nazirliklə komitəmiz bu məsələdə də əl-ələ verib, problemin çözümünə çalışmalıyıq”.

Yenidən məsələyə qayıdan H. Rəcəbli gələcəkdə mövcud qanunvericliyə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsinin müzakirələrə təqdim olunmasını istisna etməyib.

musa-urud

Komitənin üzvü Musa Quliyev isə nazirlərin dəyişməsinə baxmayaraq, problemin qalmaqda davam etməsini və həlli gözləməsini diqqətə çatdırıb:

“Bir nazir gəlir, bu məsələdən danışır, sonra gedir, yerinə başqası gəlir, yenə də həmin məsələdən danışır, amma problem yerində, həll olunmamış qalır. Bu məsələ ciddi məsələdir və ona ciddi də yanaşılmasını tələb edir. Əlilliyin verilməsində ən ciddi problem isə odur ki, əlillik dərəcəsinə ehtiyacı olub, amma onu alma bilməyənlərdir. Əlillik dərəcəsinə ehtiyacı olduğu halda, bunu ala bilməyən insanlarımız, əlillərimiz var. Bunlar ağrılı məsələdir və təcili həllini tapmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Təhsil müəssisələrinə təhsil proqramlarının ödənişli əsaslarla təşkili səlahiyyəti veriləcək?!

Read Next

“Bəzən biz elə əcaib-qəraib şeylər yazırıq ki…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir