“Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır, ona görə də…”-MALİYYƏ NAZİRİ

2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisdə müzakirəsi bütün ölkə üzrə suverenliyin bərpasını yaşadığımız bu günlərə təsadüf edir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Bildirib ki, bu layihələr regionumuzda yaranan reallıqlar nəzərə alınmaqla, ölkəmizin güclü milli iqtisadi resurslara söykənərək inkişafına zəmin yaradacaq.

Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub.

Eyni zamanda, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb.

“Dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin enməsi kimi bir sıra mühüm faktorlar layihələr hazırlananda nəzərə alınıb. Vergi daxilolmalarının da azalması müşahidə olunur. Bununla yanaşı hazırda dünya enerji bazarlarında mövcud olan əlverişli qiymət konyukturasında neft istehsalının azalması, təbii qaz hasilatının artması neft sahəsində olan azalmanın kompensasiyası sayıla bilər. Bunlar dövlət büdcəsinə neft-qaz sahəsindən vergi gəlirlərinin 420 milyon manat məbləğində artmasına, yaxud azalmasına gətirib çıxara bilər. Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır. Ona görə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik”-deyə, nazir qeyd edib.

Eyni zamanda “Növbəti ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən biri olan müdafiə, milli təhlükəsizlik xərcləri artırılır. Bu vəsait müzəffər ordumuzun daha da peşəkarlaşması, ordunun maddi-texniki təchizatının daha da yaxşılaşdırılması üçün maliyyə təminatının yaradılması üçündür. Ölkə sərhədlərinin toxunulmazlığının gücləndirilməsi üçün maliyyə təminatı yaradılacaq”-deyən maliyyə naziri bildirib ki, azad edilmiş ərazilərə Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur:

“Bununla yanaşı azad edilmiş ərazilərdə sosial iqtisadi təminatın yaradılması üçün 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün vəsaitin ayrılması proqnozlaşdırılır”.

Samir Şərifov qeyd edib ki, icbari tibbi sığorta fondunun öz gəlirləri istisna olmaqla, büdcədən vəsait ayrılması da proqnozlaşdırılır:

“Cari illə müqayisədə bu vəsait 112 milyon manat çox olacaq. Həmçinin, gələn ilin büdcəsində ölkəmizin buğda ilə özünü təminetmə səviyyəsinin artırılması üçün 60 milyon manat vəsaitin ayrılması proznozlaşdırılır”.

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Read Next

“Yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır”-İQTİSADİYYAT NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir