“Növbəti dərs…Növbəti performans…Növbəti müjdə-işğaldan azad olunan daha 8 kənd…”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDANIN “HABER TÜRK”-Ə MÜSAHİBƏSİNDƏN, DAHA 8 KƏNDİN İŞĞALDAN QURTULMASINDAN YAZDI

Növbəti dərs…

Növbəti master-klass, növbəti siyasi-diplomatik performans…

Növbəti informasiya Qələbəsi, Zəfəri…Başqa cür qiymətləndirmək qeyri-mümkündür.

Həm sahada, həm masada, həm Ali Baş Komandan kimi, hərb meydanında, həm də ölkə Prezidenti kimi, siyasət-diplomatiya səngərində Tarix, Zəfər yazan dövlət başçısı cənab İlham Əliyevin qardaş və dost Türkiyənin ən nüfuzlu telekanallarından olan “Haber Türk”-ə müsahibəsi hər mənada Dərs idi…

Orada hər kəsə-düşmənə, onun havadarlarına, üzdə özlərini dost kimi göstərib, ancaq arxada başqa iş çevirənlərə də, dostlara, qardaşlara, həm sözdə, həm əməldə Azərbaycanın yanında olanlara da cavablar, mesajlar vardı…

Daha doğrusu, bu tarixi və hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək, tarix dərslərində yer alacaq müsahibədə düşmənin, onun havadarlarının, oyun çevirənlərin növbəti-açıq, birmənalı ifşası, dostlara, qardaşlara, əsl tərəfdaşlara, müttəfiqlərə, Azərbaycanla birlikdə Haqqa, ədalətə yürüyənlərə minnətdarlıq, təşəkkür, şükranlıq özünə yer aldı…

Ölkə Prezidenti bir daha öz qətiyyətini, öz cəsatərini, öz əzmini, öz iradəsini nümayiş etdirdi…Həmçinin, Azərbaycanın gücünü, qüdrətini, əzmini ortaya qoydu…

 “Bizim hədəfimiz, bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişdim, atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun və Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş”-deyən Ali Baş Komandan düşmən, işğalçı, nasist, terrorist Ermənistanın 27 sentyabr təxribatından, Azərbaycanın ikinci Vətən müharibəsinə başlamasından sonra yaşananlara, xüsusilə, ermənilərin yalvar-yaxarları nəticəsində imzalanan “humanitar atəşkəs” razılaşmasına və razılaşmanın elə ilk dəqiqələrdən  faşist ölkə tərəfindən pozulmasına toxunaraq bildirdi ki, onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda, vaxt qazana, yeni qüvvələr səfərbər edə  və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.

“Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim”-deyən Ali Baş Komandan qeyd etdi ki,  hazırda, yəni, sözdə “humanitar atəşkəs” dövründə də Ermənistanın göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir. Çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq.

Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb.  ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanıb və orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir.

“Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir”-deyən ölkə Prezidentinin fikrincə,  ona görə Ermənistanın bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni, öz ictimaiyyətinə hesablanıb ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər.  Eyni  zamanda, müsahibədə də vurğulandığı kimi, Azərbaycana xain hücumlar onu zərrə qədər yolundan döndərə bilməz.

Təcavüzkar ölkənin Ermənistanın hərbi-siyasi rəhbərliyi, başsız başbilənləri elə zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Ancaq bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik.

Müsahibə zamanı çox vacib və olduqca önəmli bir məqama toxunan Ali Baş Komandan illərdir Ermənistanın silahlandırılmasına və onu silahlandıranlara açıq və net münasibətini bildirdi, kəskin cavabını, xəbərdarlığını etdi.

Bildirdi ki,  Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır, onun başqa pulu yoxdur. Xarici dövlət borcu isə təqribən 8 milyard dollardır. Yəni, bu ölkə iflasa uğrayıb.

Ölkə Prezidenti “Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar müharibəni nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistan ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min əsgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri mühafizə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, tökərik pambığı, belə bir atalar sözü var”-deyərək, daha bir sirr pərdəsini qaldırmış, hər kəsin davranışına açıqlıq gətirmiş oldu.

Müsahibəsi zamanı xüsusilə, Türkiyə-Azərbaycan birliyinə toxunan dövlət başçısı bir daha bəyan etdi ki, bu birlik daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir,  cünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir, çünki bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır.

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”-deyən Ali Baş Komandan bununla bir daha hər kəsə öz-net mesajını vermiş, gələcək dönəmin “Yol xəritəsi”ni cızmış oldu.

Məşhur atalar məsəlimizdə də deyildiyi kimi, arifə bir işarə bəs edər. Təbii ki, arif olana!

Bəli, Azərbaycan onun yanında olanlara, onunla birgə yürüyənlərlə, xüsusilə, qardaş, dost Türkiyə, o cümlədən, böyük və səmimi müttəfiqimiz Pakistanla birlikdə hələ çox Qələbələrə, Zəfərlərə imza atacaq.

Necə deyərlər, Qələbə bizimdir, bizim olacaq, Qarabağ Azərbaycandır, Azərbaycanın olacaq!

P.S Yazını hazırlayarkən, sona çatdırarkən daha bir gözəl-müjdəli xəbər aldıq. Ali Baş Komandanımız növbəti Qələb, Zəfər xəbərini, müjdəsini verdi, işğal altında olan daha 8 kəndimizin düşmən, yağı işğalından azad olunduğunu duyurdu.

Yaşa, var ol, Ali Baş Komandanım, yaşa, var ol, şanlı, müzəffər Ordum!

Jalə ƏLİYEVA,

Millət vəkili

 Etikxeber.az

Read Previous

Qaradağlı, Xatunbulaq, Qarakollu, Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri-İŞĞALDAN AZAD OLUNDU – ALİ BAŞ KOMANDAN BƏYAN ETDİ

Read Next

“Biz sona qədər gedəcəyik… Hərbi, yaxud siyasi yolla…”-ŞAHİD SEYİDZADƏ SON GÜNLƏRİN BAŞ VERƏNLƏRİNDƏN YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir