Növbəti siyasi-diplomatik uğur və ya Soçi görüşü bir daha təsdiq etdi ki, biz öz çətirimiz altındayıq!-ELDAR İBRAHİMOV YAZDI

44 günlük Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən sonra siyasət və diplomatiya meydanında, səngərində də ard-arda Qələbələr, Zəfərlər, uğurlar, naliyyətlər əldə edir, qazanırıq.

Siyasi, diplomatik uğurların ardı-arası kəsilmir.

Buna son misal olaraq, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin son Soçi səfərini göstərmək olar.

Bu səfər, Qalib Sərkərdə tərəfindən səfər zamanı səsləndirilən fikirlər, verilən mesajlar bir daha onu göstərdi və sübut etdi ki, Azərbaycan tam azad, müstəqil, suveren dövlətdir, kimsənin diqtəsi ilə hərəkət etmir, kimsənin də çətiri altında deyil.

Biz başqalarından fərqli olaraq, öz çətirimiz altındayıq, necə deyərlər, öz əlimiz, öz başımız.

Eyni zamanda, çoxları da gördü və bir daha agah oldu ki, diktə, dirijor çubuğu ilə oturub-duranlar, öz müstəqil mövqeləri olmayanlar, başqalarının çətiri altında gizlənlənlər və başqa çətirə möhtac olanlar, qalanlar kimlərdir.

Səfər zamanı öncə 10 noyabr bəyanatının müəlliflərindən olan Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə görüşən dövlət başçımız açıq-aşkar şəkildə bəyan etdi, təkrar olaraq, vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.

Münaqişə iki il bundan əvvəl həll edilib.

Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.

Cənab Prezidentin eyni zamanda, vurğuladığı kimi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır.

Bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Putinin fəal roluna və Rusiyanın roluna ümid bəsləyirik.

Bununla yanaşı, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb.

Bunlar isə beynəlxalq hüququn fundamental prinsipləridir və fikrimizcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Rusiya Prezidenti də öz növbəsində qeyd etdi ki, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək.

O, “Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır”-deyərək, onu da sözlərinə əlavə etməyi lazım bildi ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçlü görüşündən sonra isə cənab Putin bildirdi ki, birgə Bəyanat razılaşdırılıb.

Rusiya lideri “Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar”-deyərək və sözlərinə davam edərək bildirdi ki, Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.

Birgə bəyanatda isə güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlindiyi vurğulandı.

Eyni zamanda, qeyd olundu ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulanıb, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılığa gəlinib.

Bəli, qeyd etdiyimiz kimi, cənab Prezidentin Soçi səfərində səsləndirdiyi fikirlər, verdiyi mesajlar və imzalanan birgə Bəyanat bir daha və bir daha onu göstərdi ki, torpaq, ərazi məsələsində güzəştə getmədiyimiz, 30 illik qanlı münaqişəni özümüz təkbaşına həll etdiyimiz kimi, sülhü də bu regiona biz gətirəcəyik.

Gec və ya tez bu regiona əbədi sülh gələcək, qarşı tərəf 10 noyabrda olduğu kimi, uzaq olmayan gələcəkdə sülh sazişinə də getməyə, sülh sazişini də imzalamağa məcbur və vadar olacaq.

Qələbəni, Zəfəri biz qazandıq, sülhü də biz gətirəcəyik, sülhə də biz nail olacağıq.

Buna şəkk-şübhə olmasın!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Ekstremist Respublikaçılar təkcə keçmiş seçkilərin deyil, indiki və gələcək seçkilərin legitimliyini şübhə altına alırlar”-BAYDENDƏN TRAMP TƏRƏFDARLARINA SƏRT SÖZLƏR

Read Next

2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması gözlənilir-TAHİR MİRKİŞİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir