“Novruz” – Nəriman Qasımoğlunun yazısı

Hər il yazın gəlişində qeyd etdiyimiz Novruz bayramı tarixi-mənəvi irsimizin bəlkə də ən qədim və başlanğıc səhifələrindən biridir. Tarix, folklor uzmanlarımızın bu barədə maraqlı araşdırmaları var, əksəriyyəti əsasən son bir neçə onilliyin məhsullarıdır. Yaşıdlarımın yadında olar, hakim sovet ideologiyası Novruzu xalqımızın yaddaşından silmək naminə hansı mənasız və gülməli cəhdlərldə bulunardu.

Etikxeber.az xəbər verir ki, bunu keçmiş səfir, tanınmış şərqşünas-alim Nəriman Qasımoğlu öz “Facebook” səhifəsində paylaşdığı yazısında qeyd edib.

Onun yazısını olduğu kimi, təqdim edirik:

-Bununla bağlı xatirimdə iz salan qəribə bir məqam da ondan ibarətdi ki, Novruzu yasaqlayan hakimiyyət Məhərrəm ayında aşuranın Təzə pir məscidində qeyd olunmasına bəzən şərait yaradırdılar. Yadımdadır, məscidin qapısı önünü kəsdirən milis nəfəri uşaqları, məktəbliləri içəri buraxmazdı. Şəxsən özümün müşahidə etdiyim mənzərədir. Bəzən yuxarı sinif uşaqlarından eləsi vardı yaxınlaşırdı yaşlı bir qadına və xahiş edirdi onu öz nəvəsi kimi təqdim edib içəri keçirsin. O ağbirçəklərdən xahişə əməl edənləri də olurdu və dindar yeniyetmənin bu fəndi baş tuturdu. “Novruz” isə (1968-ci il istisna olmaqla) birmənalı olaraq televiziyada, dövri mətbuatda işlənməsi yasaq bir söz idi. Novruzu «xilas etmək» istəyən və sovetlərin Lenin “milli” siyasətindən «faydalanmaq» cəhdində bulunan vətənpərvər ziyalıların, xüsusən də yazıçıların səy göstərirdilər hökuməti inandırsınlar ki, bu, dini deyil, milli bayramdır, ideoloji baxımdan heç bir ziyanı yoxdur…

Təbii ki, bunlar arxada və arxivdə qalmış, çoxlarının unutduğu məsələlərdir. Ancaq yenə də yaddaşımı korşalmağa qoymayan bir məqam var. Söhbət Novruza indi də aşırı dinçilərin mənfi münasibətindən gedir. Anlaşılandır. O mənada ki, görünür, bunlar Novruzu dini bayram saymadıqlarına görə belə edirlər.

Dəfələrlə qeyd etdiyimi bir daha vurğulamağa ehtiyac görürəm ki, dini-dünyəvi bölgü məsələsi müqəddəs Oxu məntiqinə yad bir bölgüdür. Rəbbimizin bizə öyrətdiyi vacib bir məsələ ondan ibarətdir ki, Tanrı-insan münasibətləri davamlı və qırılmaz məzmun daşıyır. İnsan hətta Tanrıya asi çıxanda belə, küfr yiyəsi olanda belə, O böyük Yaradanı unudanda belə əslində bu münasibətlər davam edir. Və belə arzuolunmaz kontekstdə də o mənada davam edir ki, Tanrı Ona asiliyini davam etdirən şəxsi işlədiyi böyük günahlara görə «bir az da azdırır ki, cəzasını bir az da artıq eləsin». Başqa sözlə, Rəhman surəsində Rəbbimizin buyurduğu kimi, Tanrı «hər zaman iş başında» (55, 29).

Tanrı-insan münasibətlərinin bu tərəfi insanlar tərəfindən az anlaşılandır. Daha asan qavranılan isə dua fəaliyyətində olanın Tanrı ilə münasibətləridir. Başqa bir cəhət saleh əməllərlə bağlıdır. Bu əməllər də müqəddəs Oxu məntiqilə elə sərhədsiz ibadət şəkillərindəndir və, deməli, «doğru sözlü, düz əməlli kimsələr» yenə də hər zaman Tanrı ilə müəyyən ölçüdə təmas içində bulunmuş olurlar.

Demək istədiyim odur ki, Tanrı-insan münasibətləri ayrı-ayrı fərdlərin iman, yaxud imansızlıq səviyyəsinə uyğun olaraq müxtəlif müstəvilərdə hər zaman davam edir deyə ümumən dini-dünyəvi dəyərlər bölgüsü yoxdur və bu, son əsrlərdə dövriyyəyə buraxılan süni bölgüdən başqa bir şey deyil. Bu mənada götürdükdə hər hansı adət-ənənənin hökmən şərti olaraq dini dediyimiz müəyyən bir zəmində yarandığı, müəyyən inanışlar əsasında ərsəyə gəldiyi şəksizdir. Eləcə də Novruz bayramı, bu bayrama aid rituallar, adətlər, ənənələr…

Bu bayrama, onun tarixinə aid ən müxtəlif səpkidə aparılan araşdırmalarda Novruzu zərdüştiliyə bağlamaq cəhdləri olmuşdur. Və elə indinin özündə də bu cür düşünənlər çoxdur ki, Novruzun kökündə atəşpərəstlik durur. Yeri gəlmişkən, zərdüştiliyə aid mövcud stereotip yanaşma onu atəşpərəstlik dini kimi təqdim edir və tarixən ərəblər də bu dinin daşıyıcılarına bütpərəstlər kimi baxmışlar. Ancaq indi aparılan dərin araşdırmalar sübut edir ki, zərdüştilik də əslində ilkin başlanğıcında təkallahlıq dini olmuş və məlumdur ki, Makedoniyalı İskəndərin fütuhatı dövründə Avestanın orijinalı yandırılmış, bu Yazı sonrakı dövrlərdə yaddaşlarda qalan və xeyli əlavələrə məruz qalan variantda bərpa edilmişdir. Bununla belə mövcud variantdakı mətnin məntiqi də Zərdüştün bir peyğəmbər olduğu və vahid Tanrıya sitayişi təbliğ etdiyi aşkardır və bu aşkara dair müvafiq araşdırmalar da mövcuddur.

Deyirlər bəşəriyyət öz tarixi inkişafında bütpərəstlikdən təktanrılığa doğru təkamül keçmişdir. Bu prosesi olub bitibmiş kimi izah edirlər. Dinlər tarixinə bir qədər materialist baxışdır. Müqəddəs Kitabımıza görə, bəşəriyyət üçün endirilən din zamanüstü bir məzmundadır və xalis din olan İslamın tarixi Adəmdən, yəni ilk insanın yaranışından başlanır. Sonrakı dövrlərdə insan xislətinin zəifliyi ucbatından bütpərəstlik əlamətləri qarışan bu xalis din göndərilən peybəmbərlər vasitəsilə insanlara təkrar-təkrar çatdırılmışdır. Yəni din tarixi Oxu məntiqinə görə, əslində bütpərəstlikdən təkallahlığa doğru təkamül keçən bir proses deyil də təkallahlıq- bütpərəstlik arası əzəli və əbədi qarşıdurmanın tarixidir.

Müqəddəs Oxuya görə təktanrılıq fitrət, yəni yaradılış dinidir. Amerikada İslamı qəbul edən zəncilər «biz dinimizi dəyişməmişik, sadəcə olaraq fitrət dininə qayıtmışıq» deyirlər. “Haqq dininə tut üzünü. Tanrı fitrətilə yoğrulu dinə. İnsanları yaradanda onların fitrətini bu dinlə yoğurmuş O. Allahın yaradılış qanunu dəyişməz, doğru yola biçili bir dindi bu. Amma əksər adamlar bilməz bunları”- buyurur Rəbbimiz (30, 30).

Şəksiz ki, fitrət-yaradılış dininin ən yeni və mükəmməl variantı müqəddəs Oxu-dakı Tanrıya təslimiyyət dinindədir. Tarixdə fitrət dininin ən çeşidli arxaik variantları da olmuşdur ki, bunlardan biri də qədim türk inancı olan Tanrıçılıq inanışı ilə bağlıdır.

Bu inanışa aid ritual və bayramlarda Novruzun əlahiddə yeri var. Tədqiqatçılar islamın, yəni Tanrıya təslimolma dininin ibtidai variantlarından olan Tanrıçılıq inanışına tapınan qədim əcdadlarımızın təqvim bayramları içində ikisini qeyd edirlər. Biri təsadüf edir dekabrın 22-nə ki, bu, gün dönümü, günəş dönümü baş verən tarixdir. Bu tarixdə günəş göy ekvatorunun ən uzak ekliptika nöqtəsindən keçir və bundan sonra günlərin uzanması, gecələrin qısalması baş verir. Həmin gündə təntənəli şəkildə, el şənliklərinin keçirilməsilə qeyd olunan bayrama kiçik yeni il bayramı da deyərmişlər.

Əsas yeni ilin gəlişini səbirisizləklə gözləyən əcdadlarımız təbiətin oyanışının ilkin əlamətləri görünər-görünməz baharı qarşılamaq üçün tədbirlər görərmiş, müəyyən rituallarla bu tədbirlərə şərti olaraq dini məzmun qazandırarmışlar. Və martın 21-ini, gecə ilə gündüzün tarazlaşması gününü yeni ilin gəlişi kimi xüsusi təmtəraqla qeyd edən əcdadlarımız üçün bu, Tanrı iradəsilə baş verən kosmik bir yenilənmə dövrünün başlanğıcı demək imiş.

Göy Tanrı – Tanrıçılıq inanışında olan qədim türklərə xas maraqlı bir cəhət ondan ibarətdi ki, onlar özlərini Tanrı yaranmışı olaraq təbiətin, kainatın, varlıqlar aləminin bir parçası sayaraq əhatə olunduqları təbiəti də canlı varlıqlardan ibarət bir mühit olaraq təsəvvür edirdilər. Su ilə, ağacla, dağla danışma və s. bu kimi davranışları, məsələn, elə Kitab-i Dədə Qorqudda da görürük. Müqəddəs Oxu məntiqilə yanaşdıqda bunlar bizə ilk baxışda və qavrayışda bütpərəstliyin əlamətləri kimi görünə bilər. Amma o da var ki, qədim türklərin inandığı əsas ali substansiya Tanrıdır və söhbət suya, ağaca, torpağa, dağa, meşəyə müqəddəslik qazandırılması, bu substansiyalarla münasibətlərin qurulmasında onlara Tanrı yaranmışları olaraq baxılması və s. təbii olaraq təkallahlılığın arxaik və ibtidai formasından xəbər verir ki, bu inanışa aid rituallarda Novruz bayramının çox əhəmiyyətli və xüsusi yeri olmuşdur.

Haşiyə çıxaraq qeyd edim ki, əcdadlarımızın gündəlik həyat tərzi, məişəti (yuxudan oyanma, yatma, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olma) günəşin saatları ilə tənzimlənirdi. Təbiət içində təbii həyat sürən, göy Tanrı inanışlı əcdadlırımızın həyat tərzi bir növ kosmik ritmlə ahəngdarlıq içində idi və bu ahəngdarlıq onların əxlaqında da çox gözəl bir şəkildə öz əksini tapırdı.

Qədim kitabələrdə, tarixin saralmış vərəqlərində, dastanlarımızda əksini tapan və bəşər tarixinə bir fenomen olaraq daxil olan türk əxlaqının nədən qaynaqlandığını da bir mənada bu təkallahlılıq inanışında, bu ahəngdarlıqda görmək mümkündür.

Müqəddəs Oxu məntiqinə aid bir prinsip var – tarazlıq prinsipi. Bu, ilahi hikmətlərin açımına kifayət qədər yardım edən bir prinsipdir. Söhbət insan həyatına aid hər bir nəsnədə Rəbbimiz tərəfindən müəyyənləşdirilən tarazlığın, ahəngdarlığın gözlənilməsi zərurətindən gedir. Ağıl-duyğu tarazlığı, ruh-bədən tarazlığı, sevgi və qəzəbdə tarazlıq, köhnə ilə yenidə tarazlıq, cəmiyyət və fərd münasibətlərində tarazlıq və s.- də tarazlıq gözləməyi vacib görən Rəbbimizin bizlərə təqdim etdiyi həyat-ölüm, dünya-axirət fəlsəfəsi, eləcə də kainatda bizim üçün bəlirtdiyi ilahi sahman qeyd etdiyim o tarazlıq prinsipinə aid ayrı-ayrı məqamlardır.

Müqəddəs Kitabımız Tanrıya tapınan insanlara «orta ümmət»in (2, 143) üzvləri, «orta yol» yolçuları tərifini verir. Bu orta yol yolçuluğu inananlara vacib bilinən davranışlar sisteminin elə bir keyfiyyətdə təzahürüdür ki, ilahi məntiqi açan hikmət məhz o tarazlıq prinsipinə riayətlə təmin edilə bilir.

İslam ilahiyyatçılarının təbiət, kainat haqqında işlətdiyi bir ifadə var – yazılmamış Quran. Bu ifadə başlıca olaraq o mənada işlədilir ki, təbiətin oxunub öyrənilməsi, öyrənilib dərk edilməsi imanlı şəxslər üçün vacib məsələdir, iman kamilliyini artıran vasitədir. Və dünyəvi-dini dəyərlər bölgüsünü yenə də şərti edən bir məqam dünyəvi və dini elmlər arasında sərhədlərin olmamasıdır. İmanı kamilləşən insan yaxşı dərk etməyə başlayır ki, bütün elmlər Allaha məxsusdur və Ondan enmədir. Novruz günü baş verən hadisə, yəni gecə ilə gündüzün tarazlaşması, Quran məntiqinə görə, İlahinin bəlirtdiyi tarazlıq prinsipinin gözəl bir qüdsal ifadəsi olaraq Tanrı ayələrindən biridir. Gecəylə gündüzün növbələşməsində ayələrin (2, 164) olduğunu vurğulayan Rəbbimiz bizi imana çağırışları ilə sorğuya da çəkir. Deyir: «O şeyləri ki, siz əkirsiniz, onları yerdən bitirən sizmisiniz, Bizmiyik?.. (56, 63-64); «Söyləyin, qaladığınız o od ki, var, onun ağacını, odununu var eləyən sizmisiniz, Bizmiyik?» (56, 71-72). Və biz bəndələr də Yaradana qoşulub sual edək ki, «ölü torpağı dirildən» (35, 9) Rəbbimizin imzası deyil də bəs kimindir o yaşıl boyalı imza ki, Novruzun üzərində.

«Boyan Tanrı rənginə. Kim Tanrıdan daha gözəl rəng vura?» (2, 138) – buyurur Rəbbimiz. Həmd olsun Tanrıya, aləmlərin Rəbbinə!

Etikxeber.az

Read Previous

“Razılaşdıq ki, bir qrup deputatla onlara gələcəyik…” – MİLLƏT VƏKİLİ

Read Next

Deputat Cocuq Mərcanlıdan səsləndi: Bayram tonqallarımızı Şuşada yandıraq! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir