NOYABRIN SUALI: AVROPAYA KİM GEDƏCƏK? – Zahid Oruc yazır

Prezident İlham Əliyevin bağlı qapıları açaraq Avropa ilə münasibətlərin gerçək üzünü cəmiyyətə və regional oyunçulara göstərməsi mühüm hadisəydi.”Şərq tərəfdaşlığı” sammiti qarşısında Birliyə daxil olan ölkələrin vahid mövqedən çıxış etdiyini göstərmək üçün Brüssel böyük nümayəndə heyətini Cənubi Qafqaza yola salıb.Görünür,bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avroçinovnikləri qabaqlayaraq,bölgəyə səfər etməsi də yalnız Suriya böhranının başa çatması fonunda İŞİD virusuna qarşı mübarizənin zərurətini bütün qonşu dövlətlərə çatdırmaq məsələsi deyil.Putin Qafqaz ölkələrinin xarici təşəbbüslərə reaksiyasını yaxşı izləyir və Moskva üçün “qırmızı xətti”n haradan keçdiyini açıq dilə gətirir. Hər halda Yaxın Şərqdə və Donbasda mövcud olan hərbi gərginlik fonunda Kremlin strateqləri “üçüncü cəbhə”ni açmaqda maraqlı olmasalar da,vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz.Çünki Qərblə tam təcridolunmaya getmək istəməyən Putin yeni toqquşmaların məhz yaxın qonşuların ərazisində baş verəcəyini yaxşı bilir.

Sual olunur,vəziyyət 2013-cü ildən köklü şəkildə fərqlənirmi? Axı,Nazarov hökumətinin assosiativ sazişi imzalamayacağını bildirməsi ilə Ukraynanın soyuq müharibədən sonra beynəlxalq təhlükəsizlyin ən böyük problemlərindən birinə çevrilməsini də o vaxt heç kəs proqnozlaşdırmırdı.Yanukoviçin devrilməsi ilə sonuclanan inqilabının adını Avromaydan adlandırsalar da əsil həqiqətdə Ukraynadakı hadisələr bir neçə dövlətin hərbi-siyasi toqquşmalarından başqa bir şey deyildi.

Görünür,Brüsseldə heç kəs Rusiya ordusunun belə çevik reaksiyasına hazır deyilmiş.Üstəlik,Qara dəniz hövzəsində strateji bölgə olan Krımın itirilməsi faktiki olaraq,Avropa Birliyinin qurduğu regional Marşal planının iflasa uğraması kimi qiymətləndirilə bilərdi.Hərbi cəhətdən NATO alyansının müharibəyə qoşulması qeyri real olduğundan separatizm virusu Ukraynanın içərilərinə doğru daha geniş bir şəkildə yayıldı və Qərbin postsovet məkanından özünə yeni seçdiyi müttəfiqlərin hamısını dəhşətli dərəcədə qorxutdu.

Gözləmək olardı ki,proses ümumən ləğv ediləcək.Hər halda Obamanın təşəbbüsü ilə Moskvanı beynəlxalq təcrid vəziyyətinə salınması cəhdləri istənilən nəticəni vermədi. Doğrudur,Rusiyanın hər il Krımı özünə inteqrasiyaya 5 milyard dollara yaxın xərc çəkməsi və Birləşmiş Ştatların tətbiq etdiyi iqtisadi-maliyyə sanskiyalarının vurduğu böyük miqyaslı ziyanın fonunda ərazisini genişləndirmək siyasəti ona baha başa gəlir.Lakin Qərbi Rusiya ilə qorxutmaq ssenarisi uğurlu olmadı.

Xatırlayırsız,ünlü politoloq və sabiq müşavir Zbiqnev Bjezinskinin “Putinin tankları cəmi bir saata Riqaya və Tallinə girəcək,onda şimal Alyansı göstərməlidir ki,ərazilər ələ keçirmək çox təhlükəli oyundur” bəyənatı qoca qitənin əsas dövlətlərini Kiyevə əskəri qüvvə göndərməyə həvəsləndirmədi.Britaniya,Fransa,Macarsıtan və hətta münaqişədə hakimliyi rəsmən üzərinə götürmüş Almaniya belə Ukraynaya silah göndərməyəcəklərini bəyan etdilər.Ona görə də Avropa Birliyi yeni Tramp administrasiyasının irəliyə sürdüyü antiRusiya qanununu asanlıqla qəbul etmək fikrində deyil.Ən azı ona görə ki,əsas iqtisadi-siyasi strategiyanı müttəfiqlərinə diqtə edən xanım Merkel “Şimal axını-2” layihəsindən imtinanın onun hələ formalaşdıra bilmədiyi hökuməti üçün nələrə səbəb olacağını yaxşı bilir.Moskva-Berlin arasında son 4 ildə qırılmış əlaqələr on minlərlə iş yerinin və milyardlarla dolların itirilməsinə səbəb olub və böyük şirkətlər şimal bazarını itirmələri fonunda hakimiyyətə güclü təzyiq göstərirlər.

Hələ üstəlik,ortada Brekzit faktı müövcuddur.O üzdən Merkel-Makron ittifaqı avrosentrizmə yeni nəfəs vermək və Britaniyanın neoliberalizmə vurduğu zərbələrdən yıxılmadıqlarını nümayiş etdirmək üçün Rusiyanın bir çox müttəfiqlərini ələ keçirməkdə qətiyyət göstərirlər.

Hərçənd,Yaxın Şərq cəbhəsində uğur qazanaraq, üstəlik,NATO üzvü olan Türkiyəni də öz tərəfində çəkməklə Putin Brüssel qarşısında öz mövqelərini daha da gücləndirməyə çalışır.Bununla belə,əsas diqqətlər Bakıya yönəlib.

Son aylar ərzində Azərbaycan hakimiyyətinin əleyhinə kompramat savaşı apararaq,onu sərt sanksiyalarla cəzalandıracağını bəyan edən Avropa qurumları indi fərqli üsluba və delikat leksikona üstünlük verməyə məcbur olublar.Avropa ailəsinə alınması istənilən bir dövlətin Cənubi Qafqazdakı çəkisi və onun malik olduğu təbii resurslar dəyişən dilin səbəbini anlamağa kömək edir.Əcəba,Bakı bütün risqləri göz önünə alaraq,noyabrda Brüssel toplantısına qatılacağını bəyan edir və irəli sürdüyü şərtlər də qəbuledilməs sayıla bilmir.

Doğrudur,İlham Əliyev güclü strateqdir və peşəkar diplomatdır.O,Krıma görə öz müqəddaratını təyin etmək hüququndan bəhs edilməyən bir sənəddə onun ölkəsi ilə bağlı fərqli bir konstatasiyaları,hüquqi difirambaları rədd edir,ərazi bütövlüyündə balans axtaranlara dəqiq çərçivəni göstərir.Çox təbii və qanunauyğun davranışlardır.O deməkdir ki, şirkətləri və fiziki şəxsləri üçün qadağan olunmuş zona elan etdikləri Krım kimi Qarabağa da Avropa investisiyası qoyulmasın!

Növbəti mühüm bənd viza məsələsidir.Ərazi bütövlüyü təmin olunmamış iki ölkəni-Ukrayna və Gürcüstanı sıralarına qəbul etdikdən sonra Birlik açıq şəkildə göstərdi ki,Rusiyanın tərkibinə qatılmış əraziləri tanımır.Elə isə,prezidentin tələbi tamamilə yerinə düşür.Əgər vahid kriteriyalardan çıxış olunmasa onda sammit gələcək üçün heç bir təsirli addım ata bilməyəcək.
Ona görə də Bakıdan İrəvana yola düşən nümayəndələri çox ağır danışıqlar gözləyir.Onlar Sarkisyanı baş nazirliyə gedən yolda Yanukoviçin aqibəti ilə üzləşdirə bilərlər.

Ermənsitanda prezident İlham Əliyevin dünən ağardığı danışıqların ittiham və hədə atmosferindən uzaq olduğunu,əksinə Avropa Birliyinin Bakı üçün xeyli güzəştlər və siyasi imtiyazlar vəd etdiyini görüb maksimum dekonstruktiv mövqe tutmağa çalışacaqlar.İlk növbədə, militarizm ritorikasına son qoyması üçün Azərbaycana silah almağı qadağan etmək yönündə kampaniya artıq işə düşüb. Nə qədər absurd görünsə də hərbi balansı qorumaq üçün xalqın ağır iqtisadi durumunda silahlanma yarışı Ermənistanı sosial cəhətdən çökdürür.

İkinci ehtimal,təhlükəsizliyin mühüm komponenti kimi Şimali Atlantik Alyansından hər hansı güzəştləri qoparmaq üçün qərbli diplomatları dilə tutacaqlar. Halbuki,Kremlin İrəvan üzrə kuratorları məhz bu gün erməni parlamentində yaradılması nəzərdə tutulan birgə hərbi qruplaşma haqqında qanununu ratifikasiyaya çıxarıblar.Bəli,nə az,nə çox,sərhəddini xarici əskərə tapşırmaq haqda müqavilə paraflanır.Təkbaşına öz təhlükəsizliyini qoruya bilməyən ölkə Brüsseldən yardım tələb edir ki,Gümrüdəki rus silahlarından onları qorusun!Hə,absurd teatrıdır!

Beləliklə,növbəti Maydan inqilabı qarşısında geopolitik toqquşmanın astanasındayıq.Ermənistan hakimiyyət tranzitini başa çatdırmağı bir ərəfədə,həmçinin arxasını Avrasiya Birilinə söykəyib ön cəbhədə Qərbin tərəfdaşı olmaq kimi amorf bir siyasətdə irəliləməyə can atır. Sarkisyana ssenarini harada pozmağın gərəkliliyini diqtə etsələr də resurs çatışmazlığı üzündən Ermənistan hər iki tərəf üçün “Troya atı” rolunu oynaya bilmir.

Əvəzində Azərbaycan daha strateji plan quraraq bir tərəfdən düşmənlə savaşı Avropa Birliyinin gündəminə çıxarır,o biri yandan Rusiya ilə toqquşmadan yan keçərək Ukraynanın aqibətindən özünü qoruyur.Hərçənd ki,Moskvada bir sıra korrupsioner qüvvələr Qərblə Bakı arasında soyuqluğun bərqərar olmasında bilavasitə iştirak edirlər və Avropa Şurasının baş katibi ilə Nalbadyanın dünənki görüşü də hər halda cari məqsədlərdən irəli gəlmir.

Noyabr ayı Yanukoviçin üstünə təcəlla edib.Onun qara siluetinin kimin başı üzərindən sallandığını yaxın aylarda görəcəyik. 
Brüsseldən Kremlə kim zəng vuracaq və soruşacaq:hara getsin,it hürən tərəfə,yoxsa işıq gələn tərəfə?!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Uşaqlar dini mərasimlərə, ayinlərə qatılmalıdırmı? – RƏYLƏR

Read Next

“Bu, böyük məbləğdə “neft dollarları”nın daxil olmasına şərait yaradacaq ki…” – DEPUTATIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir