“O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir…” – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB -(1)

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü oldu.

Daha sonra tərəflər geniş tərkibdə görüşdülər.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qarşıladı.

Təkbətək görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə çox şadıq. Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram. O vaxtdan bu yana Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib.

Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq.

Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram.

Avropa İttifaqı Şurasının Prezidenti Donald TUSK dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Sizin qonağınız qismində burada – Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir. Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır.

Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir. Bir daha təşəkkür edirəm, cənab Prezident!

***

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü oldu.

***

tusk-bayan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı-TAM MƏTN:

-İlk növbədə, mən bir daha Avropa İttifaqı Şurasının Prezidenti cənab Donald Tusku Azərbaycanda salamlamaq istərdim. Bu, cənab Prezidentin ölkəmizə ilk səfəri deyil, Avropa İttifaqı Şurasının Prezidenti qismində ikinci səfəridir. Mən dəfələrlə Brüsseldə səfərdə olmuşam. Beləliklə, bu, bizim çox fəal siyasi dialoq apardığımızı göstərir. Cənab Prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var.

Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Bu gün Cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir.

Bu gün biz, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq.

Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir.

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun bəyanatı-TAM MƏTN:

-Əvvəla bizi səmimi qarşıladığınıza və bizə göstərdiyiniz qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm, cənab Prezident. Bakıya qayıtmaq məndə həqiqətən də məmnunluq hissi doğurur. Kağızımda “küləklər şəhəri” yazılıb, mən bilirəm, bu, Bakının ənənəvi adıdır, lakin bu gün şəhər çox sakit görünür.

Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.

Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb. Mən Azərbaycanın Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözləyirəm.

Bu gün Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda, bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır.

Regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.

Biz, ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin, eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır.

Nəhayət, bu gün günün ikinci yarısında mən Qobustana səfər etmək şərəfinə nail olacağam. Romalı legionerlər tərəfindən qaya üzərində çəkilən təsvirlər Azərbaycanın minilliklər ərzində Avropada necə də mühüm yer tutduğunun sübutudur. Bu zaman dönəmində mən tərəfdaşlığımızı gələcək illərdə inkişaf etdirəcəyimizi səbirsizliklə gözləyirəm.

Etikxeber.az

 

Read Previous

Pensiyalarla bağlı qanun layihəsi növbəti oxunuşdan keçdi…

Read Next

Diplomatik xidmət orqanları rəhbərlərindən prezidentə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir