“O qədər ağıllı, savadlı, bilikli uşaq idi ki…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ HÜQUQŞÜNAS CEYHUN ŞALIYEVİN ANASI SƏDAQƏT ŞALIYEVA – FOTOLAR

Bugünlərdə Bakıxanov qəsəbə Şəhidlər Xiyabanını, Nur üzlü Şəhidlərimizi ziyarət edirdim…

Ziyarətim zamanı Şəhidlərimizin birinin-Ceyhun Şalıyevin məzarı başında bir qara paltarlı, çöhrəsindən Dərd, Kədər yağan Ana ilə rastlaşdım…

Təxmin etdim ki, Şəhidimizin anasıdır, amma yenə də özündən soruşmağı lazım bildim…

Düz təxmin etmişdim, Şəhidimizin-Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi Ceyhun Nüsrət oğlu Şalıyevin Dərdli, Yaralı, Övlad həsrətli, həm də Məğrur, Dik duruşlu Anası idi…

Sədaqət Ana, Sədaqət Xanım Şalıyeva…

Şəhidimizin anası ilə dərdləşdim, söhbətləşdim…

Ona az da olsa, təsəlli verməyə çalışdım, Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun!”-dedim, müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…

“…Ceyhun mənim üç övladımdan, üç oğlumdan biri, ortancılım idi…Uşaqlıqdan hamının sevgisini, məhəbbətini qazanmışdı…O qədər ağıllı, savadlı, bilikli uşaq idi ki, hamı həsəd aparırdı…İkinci Vətən Müharibəsi Şəhidləri arasında mənim balam yeganə ali təhsilli hüquqşünasıydı…Amma balam Vətəni, torpağı seçdi…2016-cı il Aprel döyüşlərində də iştirak etmişdi…Oradan sağ-salamat qurtula bilmişdi…Amma bu dəfə…Bir ana üçün bala, övlad itkisi nə deməkdir, onu izah etmək çox çətindir…Dözə bilmirəm, yoxluğunu qəbul edə bilmirəm…Hər an, hər gün yeri görünür balamın…”-deyə, dərddən, acıdan saçları ağarmış, çöhrəsindən kədər yağan Sədaqət Ana titrək səslə bildirdi…

Onunla danışmaq çox çətiniydi…

Bala, oğul itirmiş, Vətən yolunda övlad Şəhid vermiş Ana ilə danışmaq asan olmaz ki?!…

Övlad, bala itkisinin təsəllisimi var?!…

Çox çətiniydi, çox…

***

Qeyd edim ki, əslən Gəncəli olan Ceyhun 1994-cü ilin may ayının 20-də sadə bir ailədə dünyaya gəlib…

Evin üç oğlan övladından biri, ailənin ortancıl oğlu olub…

Böyük qardaşı hazırda ali təhsilli iqtisadçıdır, ondan düz 12 yaş kiçik olan qardaşı isə bu il ali məktəbə daxil olub…

Ceyhun Gəncədə anadan olsa, ailəsi ilə birlikdə Rusiya Federasiyasında, Voronejdə yaşayıblar…

7-ci sinfə kimi orada orta təhsil alıb…

Sonra Azərbaycana dönərək burada orta təhsilini davam etdirib, Bakıxanovda yerləşən 94 saylı tam orta məktəbi bitirib…

Orta məktəbi bitirdiyi il-2011-ci ildə ali məktəbə-Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsinə daxil olub…

Biliyi, savadı ilə hər kəsi heyran edib…

2015-ci ildə ali təhsilini başa vurduqdan sonra-elə həmin ilin yayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

2016-cı ildə Aprel döyüşlərinin iştirakçılarından olub, sonra həmin ilin iyulunda Əsgərliyini bitirərək, ailəsinə dönüb…

Daha doğrusu, Bakıda bəzi özəl şirkətlərdə işləməyə başlayıb…

2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub və sentyabrın 27-dənİkinci Vətən Müharibəsi ilə əlaqədar döyüşlərə qatılıb…

Axırıncı dəfə isə ailəsi ilə sentyabrın 19-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb…

Döyüş yolu 5 gün cəkib…

Oktyabrın 1-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və elə həmin gün də nəşi Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Ancaq valideynləri həmin Rusiyada olduqları üçün Ceyhunun Əbədəiyyətə uğurlanması mərasiminə qatıla bilməyiblər…

Onlar yalnız 2 gündən sonra, Ceyhunun üç mərasimində Vətənə dönə biliblər…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Bakıxanov qəsəbəsində adını daşıyan küçə var…

O, həm də subay olub…

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabunçu Gənclər Evində iki gündən sonra Cənnətdəki dördüncü doğum günü olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SALEH ƏLİYEVLƏ BAĞLI TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olundu-SƏRƏNCAM – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir