“O QƏDƏR “İZMİRDƏ SAKİTÇİLİKDİR” DEDİK Kİ…” – Elşən Musayevin yazısı

 

Diqqət edin: Artıq Türkiyədəki teraktların məqsədi siyasi deyil, iqtisadi çöküşə hesablanıb. Bu dəfə hədəf turistik bölgələrdir. Ki, qorxu yaransın, ölkəyə axın dayansın, dövlət ciddi maliyyə itkisi ilə baş-başa qalsın.
Məqsədə də qismən varılıb!

İstanbul, İzmir…
Yəqin, ardınca da estafeti Antalya, (hərçənd bu bölgə ilə bağlı siqnal dəfələrlə verilib) Bodrum və Quşadası üzərindən davam etdirərlər. Çün, trayektoriya budur. Üstəlik, meydanda ikibaşlı oyun gedir. Beləki, milli valyuta- lirə də duruma adekvat olaraq kəskin devolvasiyaya məruz qalıb. Görün nə vəziyyətdir, holland əsilli futbolçu – Şnayderin anası belə mətbuata çıxaraq açıqlama verir, media vasitəsilə övladına “Qalatasaray”dan, İstanbuldan ayrılmağı tövsiyyə edir. Bəlkə də kənardan sadə görünür, amma elə ancaq bu açıqlamanın beynəlxalq mediada tirajlanması, terrorun artıq idman kuluarlarına qədər irəliləməsi Türkiyə üçün nə deməkdir, bunu bir Allah bilir, bir də terrorun başında duran şeytan xislətli buqələmunlar…

Ayrıca, fikir verirsinizsə, türkün daha çox kompaktlaşdığı məkanlar hələ hədəfə gəlməyib. Məsələn, Asiya bölgəsi, periferik nəqliyyat (metrolar, avtobuslar) və s. Hansı ki, kontingent olaraq təxminən 90 faiz nisbətilə yerli camaatdan ibarətdir. Və ya AVM –lər (alış-veriş mərkəzləri). Qardaş ölkənin ən bərbad mühafizə olunan əraziləridir. Giriş-çıxış yoxlanması demək olar yox səviyyəsindədir. Amma bu cür məkanlardan ən az min dəfə daha güclü mühafizə olunan hava limanları, xüsusi rejimlili restoranlar, səfirliklər və s terror qurbanı olur. Səbəb sadədir: MƏLUM GÜCLƏR Türkün milliyyətçi təfəkkürünə bələddir. Onlar vurulduqca güclənir, əzildikcə bərkiyir.
Siyasi çevriliş zamanı da həmin fəlsəfənin bariz nümunəsi sərgiləndi. Ona görə artıq necə deyərlər, türkün özündən əllərini üzüblər, bu xəttin başını buraxıblar. İndi xaricinin, istirahətə, əyləncəyə gələnin, ən çox toxunulmazlıq, təhlükəsizlik qarantiyası altında olanın üzərinə gedirlər. Dövlətin ən çox gəlir gətirən qapısına cəftə vurub, blokada siyasəti yürüdürlər. Həm də ən iyrənc üsulla- terrorla!

“Devrim”ə cəhd anında iqtidarlı-müxalifətli hamı birləşdi. Lirənin çöküşü zamanı hər kəs evindəki dolları milli valyutaya çevirərək məlum qüvvələrə dirsəyini göstərdi. Və…indi prosesin yeni mərhələsidir: Bu dəfə kimsə xaricə istirahətə, əyləncəyə, alış-verişə getməməli, xeyiri öz ölkəsinə, öz turizminə, öz iqtisadiyyatına verməlidir.

Türk bunu da edəcək.
Türk dediyin – boyük bir namərd ordusunun qarşısında əyilməmək üçün hər şey edəcək!

Elşən Musayev,
Millət vəkili

Etikxeber.az

Read Previous

“Şimal-Cənub” dəhlizi çərçivəsində tikilən dəmiryolu körpüsü yanvarın 19-da istismara hazır olacaq

Read Next

“Terrorçular polislərin sayıqlığı nəticəsində məqsədlərinə çata bilməyiblər” – VALİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir