“O tezislərə zaman-zaman yenidən müraciət olunacaq…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ YAZIR

25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirildi.

Prezident mərasimdə çıxış etdi.

Müharibədən yenicə çıxmış ölkənin öz sosial, infrastruktur və digər layihələrini nəinki təxirə salmaması, hətta tam gücü ilə davam və inkişaf etdirməsi Ramanadakı mərasimlə bir daha təsdiq olundu.

Müharibəyəqədər ki dövr, müharibə, müharibə sonrası… – işğalın ağır nəticələri, o nəticələrin aradan qaldırılması üçün dövlətin öz üzərinə götürdüyü öhdəliklər, ordu quruculuğu, müharibənin aparılması, müharibə itkiləri, işğaldana zad edilmiş əarzilərdəki quruculuq prosesi… və bütün bunların fonunda təxirəsalınmayan dövlət sosial layihələri.

Bu barədə cənab Prezident bir neçə dəfə öz fikirlərini bölüşüb, Prezidentin vurğuladığı kimi, imza qədər keçərli olan Prezident sözü Ramanada bir daha təsdiq olundu. İşin yalnız maddi, iqtisadi tərəflərini deyil, həssas qrupların diqqət-qayğı ilə əhatə olunması, necə deyərlər, dövlət vəfasının bütün şərtlər daxilində yenə yerinə gətirilməsi – mənəvi amillər də özünəməxsus önəm kəsb edir.

İndi baxın, saxta “qalib dövlət” ədası ilə yerə-göyə sığmayan, “qüdrətli ölkə” öz mövcudluğunun ən bərbad günlərini yaşarkən, gerçək qalibiyyəti yaşayan Azərbaycan öz çiçəklənməsini davam etdirir.

Müharibə itkilərini hələ də cəsarət edib, gerçək rəqəmlərlə ifadə edə bilməyən uğursuz dövlətə – hələ də Qarabağ torpaqlarından meyid yığan (daşıyan) Ermənistana qarşılıq, Azərbaycan şəhid ailələrinə, qazilərə qayğını dövlətin prioritet vəzifəsi olaraq bir daha nümayiş etdirir; konkret olaraq, onlara tam təmirli mənzillər bağışlayır.

Diqqət edək: Ramana kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib.

Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.

Bəli, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqrama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.

Bu 5 illik plan ilk belə plan deyil. Gərək olduğunca, dövlətimizin daha yeni proqramlar qəbul və icra etmək imkanı vardır. Siz təsəvvür edirsizmi, cəmi bir neçə ay öncəyədək, saxta “qalib ədası”ndan əziyyət çəkən Ermənistan belə ardıcıl, böyük miqyaslı proqramları icra edə bilərmi?

Bax, bu müqayisə çox həqiqətləri bir daha üzə çıxarır. Dövlətimizlə qürur duyuruq. Söhbət şəhid ailələri, müharibə əlillərinə yalnız mənzillərin verilməsindən getmir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bundan sonra da gərəkən köməkliklər göstəriləcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə davamlı, keyfiyyətli tibbi yardım göstəriləcək.

Minlərlə qazimiz orada hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Ayrıca, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib, ilkin olaraq, 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyi rəsmən bildirilib. Üstəlik, ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi “ağıllı” protezlərlə təmin edilib və onlar artıq normal yaşama dönə bilib.

Dövlət-xalq birliyini, xalqın öz dövlətinin yanında necə durduğunu 44 günlük müharibədə hansı dərəcədə gördüksə, dövlətin öz qazi vətəndaşlarına, səhid ailələrinə diqqət-qayğısını da eyni yüksək dərəcədə görmək qürurvericidir. Dövlət başçısının sözlərindən çıxış edərək desək, dövlətimiz öz sosial siyasətinə, bu siyasətin strateji prioritetlərinə sadiqdir.

Dövlətimiz şəhid ailələri, müharibə əlilləri, yaralı qazilər üçün əlindən gələni edib, edir və edəcək. Statistikaya diqqət edək: bugünədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Yalnız ötən il (2020) içində 1572 mənzil verilib. Bu il isə bundan təqribən iki dəfə çox – 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm I, həm də, II Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək.

Onu da əlavə edək ki, 7200-ə yaxın müharibə əlilinə minik avtomaşını verilib.

Biz bu yazını cənab Prezidentin Ramanadan verdiyi ismarınclar əsasında hazırlamışıq.

Ramana oradakı böyük yaşayış kompleksinin istifadəyə verilməsindən, dünənki açılış mərasimindən və dövlət başçısının Ramanadan verdiyi ismarınclardan sonra, Sabunçu rayonu inzibati ərazisindəki bir qəsəbə olmaqdan çıxıb, respublikamızda, dünya azərbaycanlıları arasıdna, türk dünyasında, dünyada adı (yalnız Ramana qalasına görə yox), yeni simasına, yeni yaşayış kompleksinə, yeni sakinlərinə görə də axtarışa verilən, gələcəkdə daha çox ziyarətçi qəbul edəcək gözəl ünvana çevriləcək.

Prezidentin Ramanadakı çıxışı Ermənistanın düşdüyü mövcud durumun “niyə”sini, “necə”sini, Ermənistanın sabahsızlığını, qalib Azərbaycanın aydın sabahını yığcam, dəqiq ifadə etməsi ilə “Ramana tezisləri” də adlandırıla bilər.

Və o tezislərə zaman-zaman yenidən müraciət olunacaq…

DÖVLƏTİMİZ VAR OLUN!

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Dövlət başçısı ilklər müəllifi kimi daha bir Tarix yazdı, daha bir ustad Dərsi keçdi…”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ ÖLKƏ PREZİDENTİNİN 4 SAATLIQ MƏTBUAT KONFRANSINI DƏYƏRLƏNDİRDİLƏR

Read Next

Sabiq deputat Prezidentin 4 saatlıq mətbuat konfransından-YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir