“O vicdansızın hərəkətinin ağırlığını vicdanlı insan çəkməli olacaq…” – DEPUTAT

Musa Quliyev: Ombudsmanın təklifini imperativ qaydada qanuna daxil etmək mümkün deyil

Etikxeber.az Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü Musa Quliyevin müsahibəsini təqdim edir:

– Musa müəllim, Ombudsman Elmira Süleymanova  son bir illik fəaliyyəti ilə bağlı hazırladığı və parlamentdə göndərdiyi hesabatında bir sıra təkliflərlə çıxış edib və həmin təkliflərdən birində də pensiya yaşına 10 il qalmış qadınların, 7 il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasını irəli sürür. Siz bu haqda nə deyərdiniz, bu məsələ mümkündürmü, realdırmı?

-Ombudsmanın təklifi prinsipcə yaxşı təklifdir. Şəxsən mən də onu dəstəkləyirəm. Çünki  bir çox hallarda yaşlı, pensiya yaşına yaxınlaşmış insanlar yenidən iş tapa bilmirlər. Ya onların ixtisasına uyğun iş olmur, ya da başqa işə uyğunlaşa bilmirlər. Onlar üçün yenidən təkmilləşmə, ixtisasartırma kursları keçmək çətin olur. Eyni zamanda, hər bir müəssisə, hər bir təşkilat istəyir ki, cavan, daha perspektivli, daha məhsuldar işçi götürsün.

Yəni, öz müəssisəsinin qayda-qanununu, yaxud da, iş prinsiplərini onlara öyrətmək nisbətən daha asan olsun,  onları daha tez inkişaf etdirib yetişdirə bilsin. Bu mənada yaşlı insanların kənarda qalmaması üçün belə bir məhdudiyyətin qoyulması mümkündür. Amma bunu imperativ qaydada heç bir halda qanuna daxil etmək mümkün deyil.

Sadəcə, tövsiyə vermək və ya istər qadınlarla, istər kişilərlə bağlı “5 il qalmış tövsiyə edilmir” yazmaq olar, yaxud da, onlara hansısa güzəştli şərtlər tövsiyə oluna bilər ki, ən axırıncı halda ixtisar edilsinlər. Yəni, elə birinci dəfədən ixtisara salınmasınlar.

Bununla belə, təbii ki, heç bir özəl struktura belə bir göstəriş, tapşırıq vermək olmaz ki, kimisə saxla, kimisə saxlama. İkinci tərəfdən ola bilər ki, hansısa müəssisə, özəl təşkilat həqiqətən bağlanır və ya ixtisar gedirsə, yaxud, o işçini hər hansı səbəbdən saxlamaq həmin müəssisə üçün əlverişli deyilsə, o zaman sərtlər müəyyənləşməlidir.

-Necə hesab edirsiniz, Ombudsmanın təklifi qanunvericilikdə əksini tapacağı təqdirdə, məsələnin çözümü, onun icrası necə olacaq və ya ola bilər?

– Əslində Əmək Məcəlləsində ixtisarlarla bağlı maddə var və orada açıq şəkildə göstərilir ki, işçilər hansı halda ixtisar oluna bilməzlər. Həmin maddədə  “pensiya yaşına 5 il qalmış işçilərin ixtisarına yol verilmir” və yaxud da, “tövsiyə olunmur” şəklində yazmaq olar. Ümumiyyətlə, belə götürəndə Ombudsman bu təklifi irəli sürməklə öz xoş münasibətini, xoş niyyətini bildirmiş olur və yəqin ki, onun təklifi müzakirə olunanda fikirlər daha da konkretləşər. Mən də o fikirdəyəm ki, yaşlı insanların, xüsusilə, pensiya yaşına az qalmış şəxslərin işinə davam etmələri daha məsləhətlidir.

musa-teze

Çünki onlar hər hansı bir səbəbdən işdən çıxarılırsa, təcrübə də göstərir ki, yenidən işə bərpa oluna bilmirlər və yaxud da,  yeni iş yeri tapa bilməyərək işsiz qalırlar.

-Son illər istər dövlət srtukurlarında struktur dəyişiklikləri ilə bağlı, istərsə də özəl sektorda böyük miqyasda ixtisarlar baş verir. Dövlət başçısı özü də bu məsələ toxunaraq, istər dövlət sektorunda, istərsə də özəl sektorda ixtisarların mümkün qədər az olmasını tövsiyə edir. Bu baxımdan, kütləvi ixtisarların qarşısını önləmək üçün qanunvericilikdə hansısa dəyişikliklərin edilməsi mümümkündürmü?

-Bu, mümkün deyil. İstehsal, idarəetmə prosesi, məşğulluğuq məsələsi canlı orqanizm kimi bir şeydir. İnkişaf edir, qocalır, ölür. Yəni, müəssisələr də belədir, onlar da eyni ilə bu mərhələni keçir, yaşayırlar. Müəssisələr gah böyüyür, gah kiçilir, gah formasını dəyişir, gah, ümumiyyətlə, ləğv olur. Elə müəssisələr var ki, müəyyən dövrlərdə uğurla işləyir, öz fəaliyyətini genişləndirir, daha çox işçi qüvvəsi özünə cəlb edir, ancaq müəyyən müddətdən sonra onun fəaliyyətində uğursuzluq başlayır və bu zaman müəyyən sahələrini ixtisar etməyə, işçilərinin sayını azaltmağa məcbur olurlar.

Xüsusilə də, özəl sektorda daha yaxşı, daha enerjili işçilərə üstünlük verilir, onlar qorunub, saxlanılır. Orada yaş faktoru atrıq heç bir önəm kəsb etmir. Ancaq tövsiyə etmək olar ki, imkan daxilində işçiləri saxlasınlar. Digər tərəfdən bizim “Məşğulluq haqqında” qanunumuzda da bu yöndə müəyyən tövsiyələr var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramları hazırlayır və odur ki, ixtisara düşən işçiləri həmin özünüməşğulluq proqramlarına cəlb etmək olar. Eyni zamanda, ixtisarlarla bağlı onlara böyük məbləğdə müavinətlər də nəzərdə tutulur. Amma hər halda istər müavinət, istər başqa iş olsun, onlar  yaşlı adamın əvvəlki işini əvəz eləmir. Çünki o neçə illərdir ki, o işə öyrəşib, bunun həm də sosial və psixoloji tərəfləri var…

-Yeri gəlmişkən, Ombudsman neçə illərdir Aliment Fondunun yaradılmasını da təklif edir…

-Bəli, bu məsələ də neçə müddətdir müzakirə olunur. Ancaq açığını deyim ki, mən onun tərəfdarı deyiləm. Çünki Aliment Fondu yaradılacaqsa, aliment ödəməyən valideynlər-kişilər tam məsuliyyətlərini itirəcəklər. Bu məsələ dövlətin və büdcəyə öz gəlirindən vergi ödəyən vicdanlı vətəndaşın üzərinə düşəcək. Yəni, o vicdansızın hərəkətinin ağırlığını vicdanlı insan çəkməli olacaq.

Aliment fondu yaratmaq olar, amma mütləq və mütləq aliment ödəməyən adamı da hər hansı bir işə məcburi şəkildə cəlb edib, alimenti həmin fonda ödəməsini şərt kimi qoymaq olar. Yəni,  bununla da, Aliment Fondu təkcə dövlət büdcəsinin hesabına  formalaşmasın və  aliment ödəməyən şəxslər məsuliyyətdən kənarda qoyulmasın.

Etikxeber.az

Read Previous

Hindistan-Pakistan sərhəddində gərginlik davam edir

Read Next

“Dövlət başçısı bir daha vətəndaşının yanında olduğunu nümayiş etdirdi” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir