Oğlan uşaqlarının artımı nəzərəçarpandır – NAZİR

Bakıda BMT-nin Əhali Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir.

Etikxeber.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib.

sahil babayev

Nazir qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən doğulanlar arasında qızlara nisbətən oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması halı müşahidə olunur. Son illərdə bu nisbətin pozulma göstəricisində azalma müşahidə olunsa da, nisbət fərqi yenə də qalmaqdadır. Demoqrafiya və sakinlərin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələləri ayrıca bölmə kimi yer alıb.

Nazir bu istiqamətdə BMT Əhali Fondu ilə birgə işlərin aparıldığını bildirib.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev öz çıxışında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinın ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə aparıb çıxara biləcəyini qeyd edib:

“Uşaqların cinsə görə seçimi problemi BMT-nin Əhali Fondu olaraq, bizi çox narahat edir”.

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu fenomen artıq ölkəmiz də daxil olmaqla, bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində də özünü büruzə verməkdədir:

“Mövzu üzrə keçirilmiş tədqiqatlar göstərir ki, dölün cinsini təyin etməyə imkan yaradan müasir texnologiyaların müyəssərliyi və ümumi əmsalının aşağı düşməsi prosesində valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Belə ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün tərəfdaş tapa bilməməsi, eyni zamanda, ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir”.

F. Babayev qeyd edib ki, bu problem BMT-nin Əhali Fondu olaraq, bizi çox narahat edir:

“Bu istiqamətdə biz Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçiririk. Belə layihələrdən biri də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Ümid edirik ki, həyata keçirdiyimiz birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə, ölkəmizi “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət Planının hazırlanmasının ümumən demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Etikxeber.az

 

Read Previous

TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib – NAZİR MÜAVİNİ

Read Next

Badamdar sürüşmə sahəsində çatların ölçülərində nisbi artım qeydə alınıb – NAZİRLİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir