“Oğlumu anamın yanında dəfn etdim…Oğlumu anama tapşırdım…”-MAYIN 12-DƏ ŞƏHİDLİK MƏQAMINA UCALAN-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, QƏBƏLƏLİ MƏHƏMMƏD QARAYEVİN ATASI MAHİR QARAYEV – FOTOLAR – YENİLƏNİB

Bu gün-16 may 2023-cü il tarixində, günorta saatlarında Qəbələ və Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərinin anaları-Ağaşirin Babayevin anası Əsli xanım, Elməddin Hüseynzadənin anası Arzu xanım və Ərəstun Xıdırovun anası Səidə xanımla birlikdə Qəbələnin sonuncu Şəhidi, cəmi 4 gün öncə Şəhidlik məqamına ucalan Məhəmməd Mahir oğlu Qarayevin hüzr mərasiminə qatıldıq.

Qeyd edim ki, Məhəmməd Qarayevin Şəhidliyindən bu gün 4 gün keçir.

Şəhidimizin ailəsini, valideynlərini, ocağını ziyarət etdik, onlara Allahdan səbr və dözüm arzuladıq.

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-söylədik.

Ruhu qarşısında baş əydiyimizi bildirdik.

Şəhidimizin Dərdli, Yaralı valideynləri-anası Könül müəllim və atası Mahir kişi ilə söhbətləşdik, dərdləşdik, onlara bu ağır məqamlarında, anlarında az da olsa, təsəlli, təskinlik verməyə çalışdıq.

Təsirləndik, kövrəldik, göz yaşlarımıza sahib ola bilmədik.

Yenə sözün-sözlərin bitdiyi yer, kəlmələrin aciz qaldığı, boğazda düyümləndiyi an idi…

Bu yerdə qeyd edim ki, Şəhidimiz 2001-ci ilin noyabr ayının 16-da-Qəbələ rayonunda, Qəbələ şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Həm də ailənin sonbeşiyi idi.

2007-2018-ci illərdə Qəbələ rayonunda yerləşən 4 saylı orta məktəbdə oxuyub.

Orta məktəbi əla qiymətlərlə, müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub və 2022-ci ilin yayında ali təhsilini başa vurub.

Və elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.

Əvvəlcə Gəncə, sonra Kəlbəcər istiqamətində-dövlət sərhəddində yerləşən hərbi hissələrindən birində xidmət edib.

Axırıncı dəfə isə ailəsi ilə mayın 12-də, Şəhidliyindən cəmi dəqiqələr, təxminən bir saat öncə, axşam 8-ə qalmış danışıb.

Ailəsinə, valideynlərinə hər şeyin qaydasında olduğunu, narahatçılığa əsas görmədiyini deyib…

Və ailəsi ilə danışdıqdan az sonra-fitnəkar Ermənistanın növbəti təxribatı zamanı baş verən qanlı döyüş toqquşmalarında və təxris olunmağına cəmi 49 gün qalmış Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, mayın 13-də ailəsinin istəyi ilə Qəbələ qəbirastanlığında, ata nənəsinin yanında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

22 yaşlı Şəhidimiz həm də subay olub.

Ondan böyük olan bacısı isə BDU-nu bitirib.

Atası Mahir kişinin, Mahir Qarayevin dediklərindən:

“Özüm istədim ki, övladım anamın-nənəsinin yanında dəfn olnusun. Oğlumu anama tapşırdım…”

Və Şəhidimizin ailəsini, ocağını ziyarətimiz, hüzr mərasimində iştirakımız bir saata yaxın çəkdi.

Bir daha Şəhidimizin ailəsinə Böyük Yaradandan səbr diləyərək, onlardan ayrıldıq.

Məqamı Ucalardan-uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Üç bacının tək qardaşı, ailənin tək və subay oğlu-19 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN VƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ OLAN AĞAŞİRİN BABAYEV…- FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin üç övladından, əkiz qardaşdan biri, üç medal və bir ordenli-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ASİF ABIŞIOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: BU GÜN ONUN 31 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir