“Oğlumun qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”-ŞƏHİD RUSLAN BALADOVUN ATASI – FOTOLAR

Şəhid atası: “Mən, çətin də olsa, birtəhər dözürəm, amma yoldaşım, anası heç cür dözə bilmir…”

***

Hacıqabulda Şəhid məzarlarını ziyarətdən sonra İkinci Vətən Müharibəsində bu rayonun ikinci Şəhidi olan Ruslan Allahyar oğlu Baladovgilə üz tutdum…

Anası işdə idi, tək bacısı da evdə yoxuydu, təkcə Şəhidimizin atası-Allahyar qardaşım evdəydi…

Onunla da bir xeyli söhbətləşdim, dərdləşdim, başsağlığı verdim…

Ruslan ailənin tək oğlu olub…

Ümumiyyətlə, Ruslangil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar…

1997-ci ilin sentyabrın 19-da anadan olan Ruslan 9-cu sinifi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib…

2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb…

Hərbi xidmətini başa vurandan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də cəbhə bölgəsində, döyüşlərdə olub və elə müharibənin ilk günündə, sentyabrın 27-də də Talış istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak, Şəhid olub…

Amma ilk günlər nəşini götürmək mümkün olmayıb, Şəhidimizin nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, rayon qəbiristanlığında dəfn olunub…

23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Çox Məğrur və Qürurlu Şəhid atası Allahyar Baladov isə heç nədən şikayətçı deyil, dövlətdən də, onlara göstərilən diqqətdən də razıdır…

Yaşadıqları, hələ tam hazır olmayan evə, mənzilə də bu ilin fevral ayında köçüblər…

Deyir ki, otaqlardan birini Ruslan üçün ayırıblar, onun bütün fotolarını, əşyalarını, sənədlərini, geyimlərin o otaqda yerləşdirəcəklər…

“Bu, həm Ruslanın ruhunu şad edər, həm də bizə bir təsəlli olar”-deyir Şəhid atası…

“Mən, çətin də olsa, birtəhər dözürəm, amma yoldaşım, anası heç cür dözə bilmir…Çox ağlayır, çox darıxır… Nə etmək olar…Bu da bir qismət, alın yazısıdır…Oğlumun da qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”-deyə, o, sözlərinə əlavə edir…

Bir daha Şəhid atasına başsağlığı verərək, onlardan ayrılıram…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

16.04, 2021, Hacıqabul

Etikxeber.az

Read Previous

“Pambıqçılıq demək olar ki, batırdı…Qarabağ zonasında da sənaye parkları olacaq… “-Prezident Hacıqabulda və AÇILIŞLARDA…- YENİLƏNİB – (9)

Read Next

“Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməlilyik”-FAZİL MUSTAFADAN TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir