Oğuz Şəhidləri: Sincanlı-daxmada böyüyən Elşən Nurəliyev və Xaçmazlı-atasını vaxtsız itirən Orxan Rəhimli…ELŞƏN FÜZULİDƏ, ORXAN İSƏ XALASI OĞLU İLƏ EYNİ GÜNDƏ-ŞUŞADA ŞƏHİD OLUB…- FOTOLAR

Hazırda Oğuzdayıq…

Yenə Nur üzlü Şəhid ailələrindəyik…

Mingəçevirli Şəhid ailələri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların tək-tənha anası Sevinc Əhmədova və əslən Oğuzu, Xaçmazlı Təbriz Cüməzadənin valideynləri-Ülviyyə və Təbriz Cüməzadələr də mənimlə birgədirlər…

Birlikdə Oğuzlu Şəhid ailələrini ziyarətə gəlmişik…

Öncə Sincanlı Şəhidimiz Elşən Rövşən oğlu Nurəliyevgilə baş çəkdik…

Şəhidimizin valideynləri-Təranə xanım və Rövşən kişi, eləcə də onların digər övladları ilə görüşdük…

Şəhidimizin ailə üzvlərinə, əzizlərinə başsağlığı vedik, onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin, Elşən balamızın ruhu şad, məqamı Uca olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…

Təxminən bir saata yaxın söhbətləşdik, dərdləşdik Şəhidimizin ailə üzvləri, valideynləri ilə…

Çox kasıb, çox zəhmətkeş…insanlar olublar, insanlardır…

Əllərinin qabarı, alınlarının təri ilə dolanıblar, dolanırlar…

Bu gün də elədirlər…

Nurəliyevlər ailəsi övladlarını da minbir əzab-əziyyət, zülm-zillətlə böyüdüblər…

Elşəngil ailədə 7 övlad-4 qardaş, 3 bacı olublar…

Bacılarının hər üçü də ailəlidir, qardaşlarından isə ikisi-Seymurla Teymurla ailəlidirlər…

Kiçik qardaşları da hazırda Əsgərlikdədir…

Elşən 1997-ci ilin dekabr ayının 16-da anadan olub…

Səhhətində bir qədər problem olduğu üçün gec həqiqi hərbi xidmətə yollanıb…

İkinci Vətən Müharibəsi başlayan zaman Əsgərliyinin başa vurmasına cəmi 4 gün qalıbmış…

Və müharibənin ilk günündən də döyüşlərdə olub…

Döyüş yolu da 16 gün çəkib…

Oktyabrın 12-də Fuzüli istiqamətində qəhrəmancasına həlak olub və nəşi elə həmin gün Sincan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

23 yaşında Şəhid olan Elşən 3 medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Vətən uğrunda” medalları ilə təltif olunub…

Şəhidliyindən az sonra yaşadıqları küçəyə onun adı verilib…

Şəhidliyindən iki gün sonra qardaşı Teymurun övladı dünyaya gəlib və ona Elşənin adı verilib…

Əmisinin adını yaşadır balaca Elşən…

Üzünü görmədiyi əmisinin-İgidinin, Qəhrəmanının…

Torpağı sanı yaşasın!

Ruhu köməyi olsun!

***

Elşəngilin ailəsinə ziyarətimizi başa vurub qonşu Xaçmaz kəndinə, bu kəndin 8 Şəhidindən biri olan Orxan Rəşid oğlu Rəhimligilə gedirik…

Elə bu yerdə qeyd edim ki, Orxan Rəhimli ilə Təbriz Cüməzadə yaxın qohum, dost-doğma xala oğludurlar…

İkisi də eyni istiqamətdə döyüşüb, vuruşublar…

İkisi də eyni gündə və eyni istiqamətdə-Şuşa istiqamətində Şəhid olublar…

Hər ikisi də noyabrın 8-də Şəhidlik məqamına ucalıblar…

Ancaq Orxan noyanbrın 16-da, Təbriz isə noyabrın 26-da torpağa tapşırılıb…

Orxan doğma kəndlərində, Xaçmazın Şəhidlər Xiyabanında, Təbriz isə Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib…

Orxan ali, Təbriz isə orta təhsilli idi…

Həm də hər iksi subay olublar…

Orxangil ailədə iki övlad-bir bacı, bir qardaş olublar…

Bacısı hazırda ailəlidir…

Atalarını da Orxan Şəhidliyindən az öncə, 2019-cu ilin dekabrında itiriblər…

Ziyarət zamanı Şəhidimizin anası-həm övladını, həm həyat yoldaşını itirmiş Humay xanıma və nənəsi, 3 cavan oğlunu və nəvəsini itirmiş Dərdli, Yaralı Bəyim anaya başsağlığı verdik, onlara da Allahdan səbr və dözüm arzuladıq…

Onlarla da bir xeyli söhbətləşdik, dərdləşdik…

Təsirli, duyğulu, kövrək anlar yaşandı, yaşadıq…

Sözün bitdiyi anlar idi…

Şəhidimizin anası istəyir ki, yaşadıqları küçəyə və kəndin küçələrindən birinə övladının adı verilsin…

Çünki Şəhidin, Şəhidimizin Haqqıdır və Haqqını da almalıdır…

Onu da qeyd edim ki, bir küçədə iki Şəhid var və hər ikisi də qohumdur…

Orxan və Nurlan Rəhim oğlu Əhmədli…

Nurlan da ailənin 4 övladından biri olub…

Və Füzuli istiqamətində, oktyabrın 26-da Şəhid olub…

27-də isə Xaçmaz Şəhidlər Xiyabanında dəfn edilib…

Yenə sözün bitdiyi yer, yenə kəlmələrin boğaz(lar)da düyümləndiyi an…

Məkanıları cənnətlik olsun Şəhidlərimizin-Elşənlərin, Orxanların, Əlilərin, İslamların, Təbrizlərin, Nurlanların!

Nur içində uyusunlar, Nur içində yatsınlar- Nur üzlülərimiz!

Fəxrimiz, Qürururumuz, And yerimiz, Baş tacımızdırlar!

Onları unutmağa heç birimizin haqqı yoxdur!

Və Azərbaycan var olduqca, onlar da-Orxanlar da, Elşənlər də, Əlilər də, İslamlar da, Təbrizlər də, Nurlanlar da mənən, ruhən yaşayacaqlar!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki övladından biri və tək oğul, MAXE, 3 medallı-SƏRVAN SƏRXAN OĞLU ŞÜKÜROV – CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN ŞƏHİDİN 24 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 428 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir