Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Samir Tahir oğlu Muradov…
Siyəzənli, 1995-ci il doğumlu…
Sadə bir ailənin övladı…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan oğlu…
Cəmi 25 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi…
***
Samir Muradov 1995-ci ilin dekabr ayının 30-da Siyəzən rayonunda (Siyəzən şəhərində) sadə bir ailədə dünyaya gəlib…
Valideynləri doğum gününün kimliyində 31 dekabr və yaxud 1 yanvar tarixi ilə yazılmasını, qeyd olunmasını istəsələr də, razılıq verilməyib…
Ailənin üç övladından biri, evin tək oğlu və ortancılı, iki bacının tək qardaşı olub…
Böyük bacısı hazırda ailəli, altı övlad-beş qız və bir oğlan anasıdır, oğlu da qardaşının-Şəhid dayısının adını daşıyır…
Kiçik, hazırda ali məktəb tələbəsi olan bacısı isə nişanlıdır…
Nişanlısı da İkinci Vətən Müharibəsi iştirakçısı, Qazidir…
Samir 2002-2013-cü illərdə Siyəzən şəhərində yerləşən 3 saylı tam orta məktəbdə təhsil alıb…
18 yaşının tamamından az sonra, 2014-cü ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb…
Naxçıxan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qulluq edib və 2015-ci ilin iyulunda Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb…
Müxtəlif sahələrdə çalışıb, ailəsinə dəstək olub…
İkinci Vətən Müharibəsi zamanı, 2020-ci ilin 29 sentyabrında isə hərbi səfərbərliyə, döyüşlərə cəlb olunub…
Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib…
Axırıncı dəfə isə ailəsi ilə oktyabrın 14-ü və 15-də danışıb…
Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb…
Oktyabrın 18-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olduğu deyilsə də, amma Şəhidliyi xəbəri oktyabrın 22-də, günorta saat 14:30 radələrində ailəsinə, atası Tahir kişiyə verilib…
Və nəşi elə həmin gün, oktyabrın 22-də, axşam saatlarında Siyəzən şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Samir həm də Siyəzənin 22 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Sinif yoldaşı, 25 yaşlı, subay, ailənin üç oğlan övladından biri olan Vurğun (Kərbəlayi Vurğun) Ağası oğlu Həsənov da İkinci Vətən Müharibəsi Şəhididir və ikisi də eyni qəbiristanlıqda uyuyur…
Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Hazırda ailəsinin yaşadığı küçəyə adı verilib…
25 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalan Samir həm də subay olub.
***
Bu gün səhər saatlarında, 25 iyul 2024-cü il tarixində Şəhidin döyüş yoldaşı-Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, iki medallı, müharibə veteranı, bir övladı atası Şamil Xabarovla (həm də dayısı oğlu Rövşən bəylə) birlikdə Samir Muradovun Siyəzəndəki ocağını, ailəsini, valideynlərini ziyarət etdik…
Qeyd edim ki, Şamirlə Şamil ilk gündən bir yerdə, eyni istqamətlərdə çiyin-çiyinə döyüşüb və o, Şamilin gözləri qarşısında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ziyarət zamanı Şəhidin ailəsinə – valideynləri-anası Mətanət xanıma və atası Tahir Muradova Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…
Müqəddəs ruhu qarşısında baş əydiyimizi, bir ömür boyu Samirlərə, cəmi Şəhidlərimizə borclu olduğumuzu bildirdik…
Təxminən iki saat çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik, az da olsa, onlara təsəlli verməyə çalışdıq…
Sonra Samirin valideynləri ilə birlikdə məzarını ziyarət etdik…
Bir daha ruhu, məzarı qarşısında baş əydik, bir daha ruhuna dualar etdik…





Eyni zamanda, digər Siyəzənli Şəhidlər-Rəşid Həmidov, Vurğun Həsənov, Elnur Qafarov və Fərhad Babayevin məzarlarını ziyarət və ruhlarına dualar etdik…
Ruhları şad, dərgahları mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





