“Olimpiya hərəkatı–2017” Bakıda təqdim olundu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman, Təhsil nazirliklərinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı–2017” məktəblilərin kütləvi idman proqramının Bakı məktəbləri üçün ikinci mövsümünün təqdimatı olub.

MOK-dan Etikxeber.az-a bildiriblər ki, “Olimpiya hərəkatı-2017” proqramının əsas məqsədi məktəblilər arasında Olimpiya dəyərlərini təbliğ edərək atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etməkdir. Ötən il Bakı məktəblərinin iştirakı ilə başlayan proqram yeni mövsümdə paytaxtla yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəblərini də əhatə edəcək.

Təqdimat mərasimində iştirak edən MOK-un nümayəndəsi Vaqif Əliyev, marketinq direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov, Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov hədəf idman növlərində kütləvi iştirakı artırmaq məqsədilə keçirilən proqram barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirdə, həmçinin “Olimpiya hərəkatı” proqramının birinci mövsümünə dair videoçarxın nümayişi olub.

Daha sonra Bakı ümumtəhsil orta məktəblərinin direktor və fiziki tərbiyə müəllimlərinin oyunlarla bağlı sualları cavablandırılıb. Proqrama ötən il qoşulan məktəblərin nümayəndələri tədbir iştirakçıları ilə təcrübələrini bölüşüblər.

Qeyd edək ki, məktəblilərin “Olimpiya hərəkatı” proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir. Proqramın Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır. “Olimpiya hərəkatı-2017” proqramında, ümumilikdə 100 mindən artıq şagirdin iştirakı gözlənilir.

Etikxeber.az

Read Previous

“Apple” 2017-ci ildə 3 yeni smartfon buraxacaq

Read Next

“Terraktların arxasında dayanan qüvvələr öz niyyətlərinə çata bilməyəcək” – QƏHRƏMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir