“Ölkə Prezidentinin Naxçıvana səfər tarixinin 10 may seçilməsi təsadüfi deyildi, təsadüfi sayıla bilməzdi…”-ELDAR İBRAHİMOV YAZDI

Düz 11 gün öncə, mayın 10-da ölkə Prezidenti, Qalib, Müzəffər Ali Baş Komamdan, xalqının Xilaskar oğlu cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etdi.

Bu səfər ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Naxçıvana sayca 15-ci səfəri idi.

Səfər tarixinin 10 may seçilməsi də təsadüfi deyildi, təsadüfi sayıla bilməzdi.

Həmin gün Azərbaycan xalqının Xilaskar, Qurucu oğlu, Tarixi və Böyük şəxsiyyət, ikinci müstəqil Azərbaycanın memarı və banisi Heydər Əlirza oğlu Əliyevin doğum, 98 yaşının tamam olduğu gün idi.

Düz 98 il öncə müqəddəs 10 may tarixində, qədim Azərbaycan-Oğuz yurdunda Xalqının Xilaskar övladı Ulu Öndərimiz dünyaya gəlmiş və qısa zaman ərzində də iti, parlaq zəkası, fitri istedadı, müstəsna təşkilatçılıq və idarəçilik bacarığı, qabiliyyəti ilə seçilmiş, fərqlənmiş, vəzifələrdən vəzifələrə və nəhayət, Azərbaycan rəhbərliyinə-birinci şəxs vəzifəsinə irəli çəkilmişdi.

İstər birinci hakimiyyəti (sovetlər dövründə) dönəmində, istərsə  ikinci hakimiyyəti-ikinci müstəqillik dönəmində Naxçıvan da daxil olmaqla, bütün Azərbaycanı həm keçmiş ittifaqın, həm də dünyanın öndə gedən respublikalarından birinə çevirmiş, inkişaf, quruculuq yolunda inamla addımlayan məmləkətlər sırasına çıxarmışdı.

Eyni zamanda,  ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində, Azərbaycanın qarışıq dönəmlərində məhz doğma Naxçıvan öz əziz oğluna qucaq açmış, onun dərin-övlad məhəbbət ilə qarşılamış və qorumuşdu.

Bu baxımdan, mayın 10-da, Ulu Öndərin doğum günündə ölkə Prezidentinin Naxçıvana səfəri çox önəmli və rəmzi məna daşıyan tarixi bir səfər idi.

“Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım. Babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Əlirza Əliyev və mənim nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər”-deyən ölkə Prezidenti də bir daha qürur və fəxr hissi ilə qeyd etdi ki,  Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Çünki Heydər Əliyev həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya çevrildi.

Onun rəhbərliyi ilə, Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi. Azərbaycana o vaxt heç kim kömək etmirdi. Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir.

Bəli, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan xalqı qarşısında böyük və tarixi xidmətləri olan Ulu Öndərin ən böyük xidmətlərindən, fədakarlıqlarından, əməklərindən biri də müdafiəsiz, köməksiz, blokadaya salınmış Naxçıvanın işğal təhlükəsinin aradan qaldırılması və onun  ayağa qaldırılması idi. Bunu da qədirbilən naxçıvanlılar, Naxçıvan camaatı heç zaman unutmayıb və unutmayacaq. Unutmağa da haqqımız yoxdur, unudarıqsa, unudularıq, lənətlənərik.

Bəli, hər bir səfərdə olduğu kimi, bu səfərdə də tarixi açılışlar yaşandı, bir sıra müəssisələr, Naxçıvan Qarnizonunun Hərbi Hospitalı, “Azərxalça”nın Naxçıvan filalı və sair istifadəyə verildi. O obyektlər, o müəssisələr ki, hər biri həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın inkişafına birbaşa töhfə verəcək müəssisələr və nəticə etibarı ilə iş yerləridir.

Yenə onlarla, yüzlərlə insanımız, vətəndaşımız işlə təmin olunacaq, sevindiriləcək, güzəranını, sosial durumunu yaxşılaşdıracaq, eyni zamanda, sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycanın növbəti hədəflərinə yürüməsində və çatmasında önəmli rola malik olacaq.

“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında da qeyd olunduğu kimi, ölkəmizdə, o cümlədən, onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Eyni zamanda, son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilmişdir. Bir neçə şəhər qalmışdır ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

“Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib – Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək”-deyən ölkə Prezidenti bir daha məmnunluq hissi ilə bəyan etdi ki, beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq.

Bəli, ümumilikdə Naxçıvan səfəri, bir-birinin ardınca kəsilən qırmızı lentlər həm də bir daha Azərbaycanın gücünü, qüdrətini, əzmini dünyaya nümayiş etdirmiş oldu.

Bəli, biz güclüyük, qüdrətliyik, əzmliyik və bizə güc verən, bizi qüdrətli edən, bizi əzmli edən də dövlətimiz, onun Liderlər Lideri-ölkə rəhbəri cənab İlham Əliyevdir.

Biz cənab İlham Əliyevlə bu günə kimi, çox uğurlara, çox Qələbələrə, çox Zəfərlərə imza atmışıq və bundan sonra da növbəti nailiyyətlərə, uğurlara imzamızı atacaq, möhürümüzü vuracağıq!

Səfəri zamanı növbəti dəfə Azərbaycan Televiziyasına müsahibə verən Ali Baş Komandan bir daha tarixi bəyanatları, ünvanlı, hədəfli mesajları və sərt xəbərdarlıqları ilə yadda qaldı.

Müsahibəsində yenidən və bir daha əzmli, qətiyyətli şəkildə Zəngəzur dəhlizi məsələsini dilə gətirən Ali Baş Komandan açıq bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır. Bu məsələ təsadüfi deyil ki, 10 noyabr tarixli birgə Bəyanatda da təsbit edilmişdir.

Həmçinin, ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılmaqdadır. Və əminliklə deyə bilərik ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək.

Eyni zamanda, məlum olduğu kimi, Ali Baş Komandanın Qarabağa səfərlərindən biri zamanı Horadiz-Ağbənd dəmir yolunun təməl daşı atıldı. Odur ki, burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcək, yəni, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq.

“O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik”-deyən dövlət başçısının bəyan etdiyinə görə, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla birləşdirmək və Türkiyə ilə körpü salmaq bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Bəli, bunlar olacaq, buna heç bir şübhə yoxdur. Və bir daha qeyd etmək istəyirik ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın.

Müsahibəsi zamanı həmçinin, Ermənistanda revanşizm hissi alışıb-yananlara sərt xəbərdarlığını bildirən Ali Baş Komandan bir daha öz qətiyyətini və birmənalı mövqeyini ortaya qoydu. Xüsusilə, Şuşa və Hadrutun geriyə qaytarılması ilə bağlı sərsəmləyənlərə növbəti tərs silləsini və şapalağını vurdu.

Bəyan etdi ki, heç kim odla oynamasın, əks halda, çox sərt cavab alacaqlar.

“Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv ediləcəklər. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər”-deyən Ali Baş Komandan vurğuladı ki, bu yumruq, “Dəmir Yumruq” yerindədir.

Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.

Bəli, Şuşa da, Hadrut da, dağlı-aranlı bütün Qarabağ da bizimdir və bizim olacaq!

Artıq heç kim Azərbaycanın səbrini yenidən tarıma çəkməyə çalışmasın və çalışarsa da, peşimanı biz yox, onlar olacaqlar!

Artıq Azərbaycan vahiddir, bütövdür, bölünməzdir və güclüdür. Onun gücü, qüdrəti, bütövlüyü qarşısında da heç kimi, heç bir qüvvə dayana bilməz.

Çünki Azərbaycanın Qalib, düşmən üzərində tarixi Qələbə çalmış xalqı və Qalib, Müzəffər-İlham Heydər oğlu Əliyev kimi Lideri var.

Yaşasın və var olsun, Qalib, Müzəffər Azərbaycan, yaşasın və var olsun, Azərbaycanı Qalibiyyətə çatdıran Qalib Lider-İlham Əliyev!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

10:34

Etikxeber.az

Read Previous

Daha 406 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Oğlumun Şəhidliyindən 8 ay keçir…Evimizə gələn qonaqları indiyə kimi, məcburən qonşunun mənzilində qarşılamışam, qarşılayıram…”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI AKİFƏ AĞAYEVA MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir