“Ölkə səhiyyəsində həyata keçirilən islahatlar çox müsbətdir” – RƏŞAD MAHMUDOV – FOTO

Mayın 31-də Bakıda Azərbaycan Tibb Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən tədbirin əvvəlində dövlət himni səsləndirilib.

Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təşkilatın 2000-ci ildən Avropa, 2002-ci ildən Dünya Tibb assosiasiyalarının üzvü seçildiyini bildirib və hazırda 5 mindən artıq həkimi öz ətrafında birləşdirdiyi barədə məlumat verib. Qeyd edilib ki, qurum həkimlərin peşəkarlığının artırılması, onların hüquq və maraqlarının qorunması, həmçinin əhalinin tibbi maarifləndirilməsinə xidmət edir.

Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner və Dünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış edərək Forumun 33-cü illik konfransının paytaxtımızda keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səhiyyə sahəsində həyata keçirilən beynəlxalq islahatlar və Avropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda da tətbiq edilməsinin vacibliyi qeyd edilib.

rasad-mm

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən və səhiyyənin inkişafı üçün həmin tədbirlərin oynadığı rol, ölkə səhiyyəsində həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərdən danışıb.

Qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyanın bu gün bir araya gəlməsi səhiyyə və təbabətin qlobal problemlərinin həlli yollarını və inkişaf strategiyalarını müzakirəsi çox mühüm tarixi hadisədir.

Onun sözlərinə görə, Avropa səhiyyəsinin və təbabətinin hazırki təcrübəsinin bu mühüm tədbirdə səsləndirməsi hər bir iştirak edən ölkə üçün çox vacibdir:

“Hesab edirəm ki, səhiyyə sistemində davamlı inkişafın təmin olunmasında gələcək islahatların həyata keçirilməsində əsasən ölkəmiz üçün aktual bu mövzular ətrafında dinlənilən beynəlxalq ekspertlərin tövsiyələrindən və inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmalıyıq”.

R.Mahmudov qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan İcbari Tibbi Sığortanın tətbiqi həmişə dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir:

“Bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyev səhiyyə sahəsində islahatları uğurla davam etdirir. Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsində ev sahibliyi edir. Səhiyyə sahəsində də bu cür tədbirlərin həyata keçirilməsi çox önəmlidir və gələcəkdə respublikamızın səhiyyə sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsini arzu edirik”.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının hazırladığı anadangəlmə ürək qüsurları olan uşaqların müalicəsinə həsr edilən “Ürəklər susmasın” qısametrajlı sosial çarx nümayiş olunub.

İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək.

Etikxeber.az

Read Previous

Yol qəzasındakı itkilər Qarabağ müharibəsindəki itkilərə bərabərdir – MİLLƏT VƏKİLİ

Read Next

İlahiyyat İnstitutuna rektor təyin olunub – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir