Ölkə zülmətə qərq oldu – PREZİDENT VƏZİYYƏTƏ NƏZARƏTİ ÜZƏRİNƏ GÖTÜRDÜ… YENİLƏNİB – (7)

2 iyul bazar ertəsindən 3 iyul çərşənbə axşamına keçən gecə, təxminən saat 00:20 radələrində Bakı elektrik enerjisiz qalıb.

Etikxeber.az xəbər verir ki, hadisənin səbəbləri hələlik bəlli deyil.

Qeyd olunur ki, ölkənin şimal rayonları da işıqsız qalıb.

***

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qəza baş verib.

Ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.

“Azərişiq” ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır.

***

Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

“Azərenerji” ASC-dən  verilən məlumata görə, “Azərbaycan” İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır.

Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.

***

Azərbaycanın qərb rayonlarında, o cümlədən qəzanın baş verdiyi Mingəçevir şəhərində elektrik enerjisinin verilişi bərpa olunub.

***

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxmışdır. 

Bu barədə məlumatı prezidentin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanmışdır.

“Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir”, – deyə, məlumatda bildirilir.

***

Heydər Əliyev Beynəlxalq Aeroportuna və Bakı Metropoliteninə elektrik enerjisinin verilişi bərpa olunub.

Bu sözləri “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, artıq Bakının əksər rayonlarına, həmçinin Sumqayıt və Xırdalan şəhərlərinə, eyni zamanda ölkənin şimal və qərb rayonlarına elektrik enerjisinin verilişi bərpa olunub.

***

Azərbaycanda bütün strateji əhəmiyyətli obyektlərə elektrik enerjisinin verilişi bərpa olunub.

Bu sözləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, elektrik enerjisi olmayan yerlərdə də yaxın saatlarda problem aradan qalxacaq.

P. Şahbazov əlavə edib ki, hazırda elektrik kəsilməsi ilə bağlı problemin aradan qaldırılması üzrə işlər davam etdirilir və yaxın saatlarda bütün ölkə ərazisində elektrik enerjisi ilə təminat tam bərpa olunacaq.

***

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O, qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib.

***

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

Bu sözləri  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

Şöbə rəisi qeyd edib: “Sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı iyulun 3-də günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarları işləməyəcək. Yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.

Etikxeber.az

Read Previous

Bir il gecikən təbrik – yazı (status)…

Read Next

Rayonların bir çoxunda hələ də işıq yoxdur…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir