“Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır…” – FAZİL MUSTAFA

Bu gün Milli Məclisdə komitələrin birgə iclasında keçirilən büdcə müzakirəsində də çıxış etdim və bir neçə aktual problemə toxundum.

Qeyd etdim ki, ölkədə 2 mindən artıq səhmlərində dövlətin payı olan kommersiya müəssisələri mövcuddur ki, onların heç biri dividentdən büdcə bir manat da vəsait ödəmirlər.

Dividentlərini gizlədirlər və illərdir kimsə onlara bir söz də söyləmir. Büdcəni doldurmaq istəyiriksə, ilk öncə bunlardan başlamalıyıq. Necə olur ki, sadə insan gəlirinin bir manatını belə vergidən gizlədə bilmir, bu iki min müəssisə rahatlıqla bəyan edir ki, heç bir gəliri olmayıb?

Araşdırın baxın, əksəriyyətinin komfortu da, maaşı da yerində. Sadəcə imtiyazları olduğu üçün arxayındırlar ki, dəyib toxunan olmayacaq. Bu fakt barədə Hesablama Palatasının rəyində də qeyd olunub.

Digər məsələ qida təhlükəsizliyi ilə bağlıdır.

Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyinin səmərəli fəaliyyəti nəticəsində reydlərin sayı çoxalsa və nəzarət gücləndirilsə də, ölkəyə gətirilən ərzaq məhsullarının bir qisminin tərkibi hələ də əsil xəstəlik mənbəyidir.

Burada söhbət əsasən süd məhsullarından, kərə yağından, şəkər tozundan gedir.

Ölkədə onkoloji xəstəliklərin sürətlə artmasının səbəbini burada axtarmaq lazımdır.

Tərkibinə palma yağı qatılmış kərə yağlarının təhlükəsi barədə tibbdən anlayışı olanlar məlumatlıdırlar.

Südün tərkibi də çox vaxt təmiz olmur. İllər keçib, inhisarçılığın yaratdığı maneələrə görə daxili bazarda bu məhsulların istehsalını gerçəkləşdirə bilməmişik.

Daxildə istehsal olunanların da bir qismi bərbad vəziyyətdədir. Əvəzində valyuta ilə bunları xaricdən almağa məhkum olmuşuq.

Başqa bir vacib məsələ də istehsalın təşviqi ilə bağlıdır. Bu gün əgər biz toxuculuq müəssisələri üçün ölkədə emal olunan pambıq satışından kvota ayıra bilmiriksə, bu sənaye sahəsini inkişaf etdirə bilmərik.

Onlar xammalı xarici ölkələrdən valyuta ilə almağa məcbur olurlar və bu da istehsal prosesinə mənfi təsir göstərir.

Bu büdcə müzakirələrində beşinci çıxışımdır və hər bir çıxışda hökuməti fərqli-fərqli problemlərə diqqət yetirməyə çağırdım.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Anar İsgəndərov- STEREOTİPLƏRİ ALT-ÜST EDƏN KİTAB

Read Next

Kənan Həmzəoğlunun “Nuru paşa və Bakı zəfəri” sənədli filminin – TƏQDİMATI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir