“Ölkədə seçki və referendum hazırlığı, ab-havası yoxdur”-MM-İN KOMİTƏ SƏDRİ – (MÜSAHİBƏ)

Tahir RZAYEV: “Hər hansı bir partiyadan siyahı ilə keçməyi, parlamentdə təmsil olunmağı o qədər də məqbul hesab etmirəm”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Tahir Rzayev cavablandırır:

-Tahir müəllim, son günlər yenidən, xüsusilə, sosial şəbəklərdə, siyasi dəhlizlərdə Azərbaycanda referenduma, o cümlədən, növbədənkənar parlament seçkilərinə gediləcəyi ilə bağlı söz-söhbətlər dolaşmaqda, müzakirələr açılmaqdadır. Bu söz-söhbətlər, müzakirələr nə dərəcədə həqiqətəuyğundur? Azərbaycanda referendum və ya seçki hazırlığı varmı?

– Bilirsiniz, seçkilər və ya referendum ölkədə fövqəladə bir hadisə baş verərsə, müəyyən qarşıdurmalar yaranarsa və ya parlamentdə nəsə ziddiyyətli hallar olarsa, o zaman keçirilə bilər. Ancaq bu gün ölkədə ictimai-siyasi sabitlikdir, parlament öz fəaliyyətini lazımi qaydada həyata keçirə bilir. Bununla yanaşı, ölkənin həyatında elə bir ciddi problem yoxdur ki, hansısa bir fövqəladə parlament seçkiləri və ya referendum keçirilsin. Əlbəttə ki, iki il öncə ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Bu da müəyyən islahatların aparılması ilə əlaqədar idi. Digər tərəfdən, seçkilər dünyada pandemiyanın yayılması dövrünə təsadüf edirdi və nəzərə alınırdı ki, bu pandemiya bir neçə il çəkə bilər. Bunu isə bizlərdən daha çox müəyyən müvafiq orqanlar bilirlər və onlar qabaqlayıcı tədbirlər görürlər. Odur ki, 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ölkədə gedən islahatlarla əlaqədar idi.

Çünki müəyyən müxalif qüvvələr deyirdilər ki, parlamentə biz gələ bilərik, parlamentdə legitimlik yoxdur, parlamentdə olanların çoxu dövlətin siyasətin lazımi qaydada təbliğ edə bilmirlər və sair. Bəli, o vaxt parlament seçkiləri keçirildi və özü də demokratik şəraitdə. Kimsə də buna şübhə edə bilməz. Parlament də o vaxtdan normal şəkildə öz fəaliyyətini davam etdirir. Referendumun keçirilməsinə gəlincə, əgər doğrurdan da, fövqəladə bir şərait yaranarsa, əlbəttə ki, referendum keçirmək olar. Bu, problem deyil. Ancaq buna da heç bir səbəb və zərurət yoxdur.

Bunlar, bu cür söz-söhbətlər hamısı xaricdəngəlmə ab-havadır, xaricdən öyrənilən adamların dedi-qodularıdır və bilavasitə ölkənin nüfuzunun, imicinin zəifləməsinə xidmət edən məsələlərdir. İstəyirlər ki, Azərbaycan parlamenti müəyyən qaydada səlahiyyətsiz bir qurum kimi göstərilsin. Və yaxud, Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsinə əsasən guya ölkədə hansısa ciddi bir məsələ var, onunla əlaqəli referendum keçirilsin və sair. Ancaq bu gün bizdə belə hallar, problemlər yoxdur. Bizim ən böyük problemimiz Qarabağ məsələsi idi ki, o da iki il öncə həll olundu. Bu gün Qarabağın bərpası, dirçəldilməsi istiqamətində də çox ciddi işlər gedir. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi, sülh müqaviləsinin bağlanması, yol-nəqliyyat infrastrukturunun açılması, təmin olunması artıq bu günün əsas mövzularındandır. Bu da ölkə rəhbərliyi tərəfindən həyata keçirilir. Belə olan halda, başqa nə ola bilər ki, ölkədə fövqəladə parlament seçkisi və ya referendum keçirilsin. Elə bilirəm ki, bunlar əsassız söz-söhbətlərdir.

-Sizcə, referendum olacağı təqdirdə, parlamentdə deputat yerlərinin sayı artırıla bilərmi?

– Buna heç ehtiyac yoxdur. Bu, günün tələbi deyil. Milli Məclisin üzvü olan 125 deputat öz səlahiyyətlərindən istifadə edib müəyyən məsələlərə münasibətlərini bildirir, normal müzakirələr gedir, qanunlar qəbul olunur. Olsun 150 deputat və ya deputatların sayı azalsın, bu, nəyi həll edir ki? Əgər bu gün legitim parlament varsa, seçilibsə, üzərinə düşən məsələləri də həll edir. On ildən sonra əgər əhali artarsa və təlabat, zərurət yaranarsa, o zaman deputatların sayı artırıla bilər. Ancaq indi buna ehtiyac yoxdur.

-Proporsional seçki sisteminin bərpası necə, mümkündürmü?

-Proporsional seçki sistemi ilə bağlı məsələni də aktual və düzgün hesab eləmirəm. İnsanlar, namizədlər azad seçkiyə gedir ki, xalq ona səs versin və qalib gələn də Milli Məclisdə təmsil olunur. Yəni, hər hansı bir partiyadan siyahı ilə keçməyi, parlamentdə təmsil olunmağı mən o qədər də məqbul hesab etmirəm. Qoy xalq özü dəstəkləsin. Demokratik seçki demirik, qoy xalq səsin versin də.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az 

Read Previous

Müstəqillik Günü qeyd olunur-AZƏRBAYCANDA

Read Next

“Dost Azərbaycanla strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi üçün birgə səylər göstəririk”-UKRAYNA SƏFİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir