Ölkə vətəndaşları himni ayaqüstə, farağat vəziyyətində oxumalıdırlar – TƏLƏB

Azərbaycanın dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib.

Etikxeber.az  məlumat verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.

Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Layihə üçüncü oxunuşda parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Etikxeber.az

Read Previous

5 dövlət komissiyasının tərkibi dəyişdirildi – SİYAHI

Read Next

Adil Əliyevlə Rauf Əliyevi kimlər əvəzləyəcək? – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir