“Xəstəxanalarda doluluq faizi artarsa, xüsusi sərtləşdirilmiş rejimə, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq…”-Prezidentin köməkçisi – Ölkədə xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı – BAYRAM GÜNLƏRİNDƏ İCTİMAİ NƏQLİYYAT İŞLƏMƏYƏCƏK – YENİLƏNİB – (2)

Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılacaq.

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Eyni zamanda, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”. 

Bununla yanaşı, qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

– 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

– 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

– 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

– 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

– 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

– 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

– 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

– 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

– 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

15:58

***

“Biz artıq bir ildən çoxdur ki, COVİD-19 pandemiyasını yaşayırıq. Pandemiya bütün ölkələrə dalğavari təsir edib”.

Bunu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu dalğalar müxtəlif ölkələrdə müxtəlif vaxtlarda baş verib:

“Bir çox ölkələr hazırda qapanmalara gedirlər. Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin”.

O, həmçinin deyib ki, yumşalmalar yoluxmaların sayının artmasına səbəb olub.

Gündəlik yoluxmalar ümumi testlərin sayında payını artırır. Say artdıqca ölənlərin sayı da artır.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da yumşalmalara getmişdi:

“Yumşalmalar yoluxma sayının artmasına səbəb olub. Bu gözlənilən idi”.

16:14

***

“Bizim üçün ən önəmlisi ümumi testlərin sayı deyil. Testlərin içərisində yoluxanların sayıdır”.

Bunu da brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O, bildirib ki, aktiv xəstələrə həm evdə, həm də xəstəxanalarda müalicə alanlar daxildir:

“Dekabrın sonunda sərt karantin rejiminə keçəndən sonra yoluxma sayında kəskin azalma müşahidə edilirdi. Mərhələli şəkildə karantindən çıxmağa başlayanda tədricən yoluxmaların sayında artım müşahidə edildi. Bununla bərabər ən çox yoluxma faizi Bakıdadır. 52,9 % yoluxmalar Bakıdadır. Abşeron, Sumqayıt, Gəncə-Qazax bölgəsində il ərzində olduğu kimi yoluxmalar çox olaraq qalır. Bakı şəhərinin Xətai, Yasamal, Binəqədi rayonlarında yoluxmaların faizi yüksəkdir. Həmçinin, digər ölkələrdən fərqli olaraq, bizdə daha çox qadınlar koronavirusa yoluxurlar”.

Onun sözlərinə görə, dünyada hazırda SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir. Bunlardan biri də Britaniya ştammıdır.

O, qeyd edib ki, virusların hamısında mutasiyalar baş verir:

“Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. Britaniya ştammı daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha çox yayılır. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Ona görə də bu ştamm aşkarlanan ölkələrdə bəzi məhdudiyyətlərə gedilir. Bundan başqa, Braziliyada və Cənubi Afrikada da mutasiyalar aşkarlanıb. Onların da xəstəliyin gedişinə təsiri araşdırılır”.

16:19

***

Ş. Mövsümov eyni zamanda deyib ki, martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq.  

O, bildirib ki, Azərbaycan indiyədək 500 mindən çox vaksin vurulub:

“Bu günədək 50 yaş olan insanların vaksinasiyası həyata keçirilirdi. Növbəti həftənin 1-ci günündən başlayaraq yaşı 40-ın üzərində olan vətəndaşlarımız vaksinasiya prosesinə cəlb olunacaq. İri şəhərlərdə daha çox vaksinasiyaya önəm verəcəyik. Bakı-Sumqayıt-Abşeronda vaksinasiyanın daha sürətlə həyata keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Hamını vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıram”.

Sonra “Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq”-deyən Prezidentin köməkçisi bildirib ki, bundan başqa hər hansı məhdudiyyət tətbiq edilməyəcək:

“Bu qərarın verilməsinə əsas səbəb yoluxmaların sayının artmasıdır. Müəyyən ciddi narahatlıqlar var. Britaniya ştammının da Azərbaycanda aşkar olunması bu narahatlığı artırır. Eyni zamanda son bir il ərzində Azərbaycanda səhiyyə sisteminin imkanları artırılıb. Bütün dünyada bu prosesə cəlb olunan texnologiyalar, tibbi avadanlıq alınıb. Eyni zamanda kütləvi vaksinasiya prosesi aparılır. Xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu, bizə imkan verir ki, ciddi sərtləşməyə getməyək. Ancaq xəstəxanalarda doluluq faizi artarsa, xüsusi sərtləşdirilmiş rejimə, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq”.

Etikxeber.az

Read Previous

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna və Əmək Məcəlləsinə-DƏYİŞİKLİK EDİLİR – FOTOLAR

Read Next

“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Xaçmazda şəhid və qazi ailələrinə-SOVQATLAR PAYLANILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir