“Ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir”-ALBANİYANIN BAŞ NAZİRİ – FOTOLAR – YENİLƏNİB

Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Etikxeber.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirildi.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək.

Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz.

x x x

Albaniyanın Baş naziri Edi Rama dedi:

-Təşəkkür edirəm cənab Prezident. Bu, mənim üçün şərəfdir. Mən də təşəkkürümü ifadə etmək istəyirəm. İcazə verin deyim ki, məsələlərin gedişatı ilə bağlı təəssüratım heyrətamizdir. İndi ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir.

Qalan digər məsələlərə gəldikdə isə Siz dediyiniz kimi, biz işi davam etdirməliyik. Təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi səhər yeməyi əsnasında geniş tərkibdə görüşü olub.

Daha sonra dövlətimizin başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini və Leyla Əliyevanın əsərlərinin kataloqunu qonağa hədiyyə etdi.

Sonda xatirə şəkli çəkdirildi.

12:20

***

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına işgüzar səfəri dekabrın 8-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, Ağdamın İkinci Vətən Müharibəsi Şəhidi-SAMİR FƏRZƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: BU GÜN ONUN 26 YAŞI TAMAM OLUR…

Read Next

İsmayıllı, Ağcabədi və Lerikdə ağacların kəsilməsinə görə-CİNAYƏT İŞİ BAŞLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir