“Ömründə bir dəfə olsun mənimlə bir süfrə, bir masa arxasında oturub çörək yeməzdi, nahar etməzdi…Deyərdi ki…”-AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, KOLLEC TƏHSİLLİ, BİR MEDAL VƏ BİR ORDENLİ, HƏM TOVUZLU, HƏM BAKILI-20 YAŞLI ANTİTERROR ŞƏHİDİ, 13 AVQUSTDA CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜ OLAN NİCAT QASIMLININ ATASI ELŞƏN QASIMOV – FOTOLAR

Nicat ağıryana, çox əbəd-ərkanlı uşaqıydı…Böyük-kiçik yeri bilən, oturuşuna-duruşuna çox fikir verən idi…Ömründə bir dəfə olsun mənimlə bir süfrə, bir masa arxasında oturub çörək yeməzdi, nahar etməzdi…Deyərdi ki, atam işdən gəlib, yorğundur, o, nahar etsin, sonra mən edərəm…Belə bir oğul, övlad idi Nicat…Hərdən, bəzən yaşıdaları arasında söz-söhbət olardı, tez gəlib onu aparadılar və ya xahiş edərdilər ki, uşaqları barışdırsın…

Bu sözlər əslən Tovuzlu Antiterror Şəhidi Nicat Qasımlının atası Elşən Qasımova məxsusdur.

Şəhid atası bu fikirləri bu gün-11 avqust 2024-cü il tarixində axşam saatlarına yaxın Nicat Qasımlının Bakı şəhərinin Sabunçu rayonunun Savalan qəsəbəsindəki ocağını, ailəsini ziyarətim zamanı dilə gətirdi…

Qeyd edim ki, Şəhidimizin atası Elşən Qasımovla bir müddət öncə Xaçmazlı, Xudatlı Antiterror Şəhidi Xanbaba Ələmmədovun Cənnətdəki ilk doğum günü mərasimində tanış olmuş və söz vermişdim ki, bir gün onları da Nicat Qasımlının ocağında, evlərində ziyarət edəcəyəm…

Və söz verdiyim, vəd etdiyim ki, bu gün Şəhidimizin ocağında oldum, ailəsi-valideynləri – anası Fərqanə xanım, atası Elşən Qasımov, qardaşları Nurlan Həzrət Qasımlılar ilə bir araya gəldim…

Öncə hər zaman-hər ziyarətdə olduğu kimi Şəhidimizin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimiz ruhu və ailəsi, valideynləri qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Bir ömür boyu Nicat Qasımlı da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Nə etsəm də, cəmiyyət, toplum olaraq nə etsək də, Şəhidlərimizə, onları daim uca tutan Şəhid ailələrinə, Şəhid valideynlərinə borclu qalacağımı, borclu qalacağımızı ifadə etdim…

Sonra Şəhidimizin valideynləri, ailə üzvləri ilə dərdləşdim, söhbətləşdim…

Az da olsa, təsəlli, təskinlik verməyə çalışdım…

Bu yerdə qeyd edim ki, Nicat Şəhidliyindən öncə axırıncı dəfə anası Fərqanə xanımla sentyabrın 18-də, atası Elşən Qasımovla sentyabrın 19-da, səhər 9-a işləmiş danışıb…

Hətta çəkdirdiyi son fotoları da vatsapla onlara göndərib…

Şəhidimizin atasının dediklərindən:

“Nicatla axırıncı dəfə antiterror əməliyyatından cəmi saatlar öncə danışdım…Sörüşdum ki, haradasınız, şifrəli şəkildə dedi ki, Tovuzun bir kəndi var, oradayıq…Dərhal bildim ki, Ağdamı nəzərdə tutur…Çünki Tovuzda da Ağdam adlı kənd var…Səsində, danışığında da da heç bir narahatçılıq, həyəcan yoxuydu…Çünki çox qürürlu idi…Dedi ki, birgünlük təlimdəyik, onu başa vurub, hissəmizə qayıdacağıq…Sonra mənə fotolar göndərdi…Və yenidən zəng edərək, “ata, haqqını halal et, biz getdik…”-dedi və dərhal da telefonu sondürdü…Bu, onunla son danışığımız oldu…”

Elşən kişi bugünlərdə Nicatın Şəhid olduğu əraziyə-Ağdam-Papravənd istiqamətinə getdiyini və övladının Şəhidlik məqamına ucaldığı yerdən torpaq gətirdiyini bildirdi…

“O da bizə bir təsəllidir…”-deyə, sözlərinə əlavə etdi…

Şəhidimizin valideynlərini çox danışdırmaq, yenidən sağalmaz, qaysaq bağlamayan yaralarını qanatmaq istəmirdim…

Çox çətiniydi mənim üçün, çox çətin…

***

Onu da qeyd edim ki, Nicat 2003-cü ilin avqust ayının 13-də Tovuz rayonunun Dondar Quşçu kəndində sadə bir ailədə dünyaya gəlib…

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Savalan qəsəbəsinə köçüblər…

Nicat ailənin üç övladından, üç qardaşdan biri və evin böyük oğlu olub…

Hazırda qardaşı Nurlan Qasımov Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi, kiçik qardaşı Həzrət Qasımov isə orta məktəb-Savalanda yerləşən 28 saylı tam orta məktəbin şagirdidir…

Nicat 2009-2018-ci illərdə əvəllcə 311 saylı, sonra isə 71 saylı orta məktəbdə 9 illik təhsilə yiyələnib…

2018-2022-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində oxuyub…

2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb…

Gəncə, Qusar, Goranboy istqamətlərində yerləşən hərbi hissələrdə qulluq edib…

2023-cü ilin sentyabr ayının 19-da 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdam-Papravənd yolu istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ayın 20-si günü ailəsinə əvvəlcə yaralandığı, sonra isə Şəhid olduğu xəbəri verilib…

Nəşi bir gün sonra, sentyabrın 21-də Dondar Quşçu kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb, dostu-Şəhid Səid Qurbanovla yan-yana dəfn olunub…

Nicat Şəhidliyindən az sonra-2023-cü ilin oktyabrnda isə nəvə dərdinə, itkisinə dözə bilməyən babası vəfat edib…

Nicat ümumilkdə Dondar Quşçunun 19 Şəhidindən, Tovuzun isə 8 antiterror Şəhidindən biridir…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

20 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…

Və cəmi iki gün sonra-13 avqust 2024-cü il tarixində Şəhidimizin Cənnətdəki ilk doğum günüdür, 21 yaşı tamam olur…

Həmin gün öncə Savalanda adını daşıyan “Şəhid bulağı”nın açlışı olacaq, sonra isə “Xudafərin” şadlıq sarayında məclis düzənlənəcək…

Məqamı Uca, dərgahı, Cənnətdəki ilk doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, tarixi bir seçkidir və bu prosesdə iştirakçı olmaq hamımız üçün qürur mənbəyidir…”-DEPUTATLIĞA NAMİZƏD AZAY QULİYEV – FOTOLAR

Read Next

“Oturduğumuz Xatirə Otağında şəhid oğullarımızın divarlara həkk olan şəkilləri sanki dil açıb danışırdı…Sanki hər biri bizə özünün keçdiyi qısa, amma əsrlərə bərabər şərəfli ömür yolunu anladırdı…”-JALƏ ƏLİYEVA – DEPUTATLIĞA NAMİZƏD ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARADA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir