“Onlar arasında rəqabət yaranacaq ki…” – ƏFLATUN AMAŞOV

Biz bu gün ölkəmiz üçün çox vacib olan məsələni müzakirə edirik. İcbari tibbi sığorta yalnız dövlətin sosial yönümlü tədbiri deyil. Bu, eyni zamanda humanizm nümunəsidir. İnsan dünyaya bir dəfə gəlir. Onun sağlıqlı yaşaması, bu yaşamın hər hansı maddi durumdan asılı olmaması mütləqdir. Biz bu asılılığı müzakirə etdiyimiz qanunla aradan götürməliyik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov Milli Məclisin (MM) bu gün keçirilmiş plenar iclasında “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Millət vəkili sonra qeyd edib:

“Bəli, vətəndaşlar dövlətimizin zəmanət verdiyi tibbi xidmətləri pulsuz əldə etməlidir. Qanunumuzun mahiyyətində dayanan budur. Məlumdur ki, ölkəmizdəki dövlət səhiyyə müəssisələrində də bununla bağlı hazırlıqlar gedir. İcbari tibbi sığorta ümumən səhiyyə sisteminə yeni yanaşma, yeni məsuliyyət kateqoriyaları gətirən prosesdir. İnanıram ki, İcbari Tibbi Sığorta Agentliyi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Hörmətli deputatlar, mən bir məsələyə diqqətinizi çəkmək istərdim. Dediyim kimi, icbari tibbi sığortanın mahiyyətində dayanan başlıca məqam vətəndaşların dövlətimizin zəmanət verdiyi tibbi xidmətləri pulsuz əldə etmələridir. İstərdim ki, dövlətimiz özəl tibb müəssisələrinin fəaliyyətinə vermiş olduğu zəmanəti bu qanunla da təsdiqləsin. Bununla bağlı ayrı-ayrı hüquqi şəxslərin, o cümlədən özəl şirkətlərin fərdi təcrübəsi var. Həmin şirkətlər öz işçilərini sığortalayırlar. Bunun nəticəsində işçilər tam pulsuz olaraq şirkətlə müqaviləsi olan özəl tibb müəssisələrində öz səhhətlərinin qayğısına qalırlar. Yəni dediyim odur ki, prosesdə yalnız dövlətin tabeliyində olan tibb müəssisələri iştirak etməsinlər. Məsələyə daha geniş aspektdən baxaq. Hesab edirəm ki, bu yanaşmamız özəl tibb sektorunun inkişafına da müsbət təsir göstərəcək. Onlar arasında rəqabət yaranacaq ki, dövlətin öz vətəndaşı üçün müəyyənləşdirdiyi tibb siyasətində iştirak etsinlər.

Bir məsələyə də toxunmaq istərdim. Məndən əvvəl çıxış edən hörmətli həmkarlarım bu barədə söylədilər. Bu da maarifləndirmə ilə, ictimai müzakirələrlə bağlıdır. Məsələ çox vacibdir. Bunu mütəxəssisləri cəlb etməklə sistemli şəkildə həyata keçirmək mümkündür.

Sonda bir təklif də vermək istərdim. İcbari tibbi sığortaya cəlb edilən tibb müəssisələri əlavə dəyər vergisindən azad edilsinlər. Bu, həm dünya təcrübəsinə uyğun olar, çünki əksər ölkələrdə o sayaq müəssisələr belə vergilərdən azaddırlar, həm də həmin tibb müəssisələrinin fəaliyyətləri üçün daha geniş imkanlar yaranar.

Bir daha deyim, müzakirə etdiyimiz bu qanun layihəsi yalnız yeni norma yaratma prosesi deyil, eyni zamanda nəcib humanizm missiyasıdır. Bu missiyanı vicdanla həyat keçirmək vacibdir. İnanmaq istərdim ki, belə də olacaq”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İcbari tibbi sığorta gələn ildən tam yox, mərhələli şəkildə tətbiq ediləcək – SƏBƏBLƏR AÇIQLANDI – YENİLƏNİB – (2) 

Read Next

Abel Məhərrəmov, İzzət Rüstəmov, Cahangir Məmmədli, Nəsir Əhmədli, Nərgiz Paşayeva…- SƏRƏNCAMLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir